Modern.az

Qərblə Rusiyanın “Erməni məsələsi” və Türklər...

Qərblə Rusiyanın “Erməni məsələsi” və Türklər...

6 Yanvar 2015, 12:44

I Yazı

XX yüzyilin başlarından ermənilərin qonşuları Türkiyə və Azərbaycan xalqlarının torpaqları hesabına, «dənizdən-dənizə» deviziylə «Böyük Ermənistan» dövləti qurmaq iddiası bu torpaqlarda böyük fəlakətlərlə sonuclanmışdır. Bunlardan ən geniş çaplısı Azərbaycanda və Şərqi Anadoluda gerçekləşən 1905-1906, 1914-1916, 1918-1920 və 1988-1992 tarixlərindəki Erməni-Türk münaqişələridir. Əslində Türkiyə və Azərbaycan torpaqları hesabına «Böyük Ermənistan» qurmaq ermənilərdən çox xristiyan dünyasının, öncəlliklə Rusiya, Fransa, İngiltərə, ABŞ vəb. dövlətlərin projesi olmuşdur. Osmanlını çökdürmək üçün içdən və dışdan müxtəlif politikalar irəli sürən xristiyan dünyası bu məsələdə erməniləri bir alət kimi istifadə etmişlər.

Bunun bariz örnəklərindən biri Çar Rusiyasının XX yüzyilin başlarında işgal altında tuduğu Azərbaycanda və Osmanlı dövlətinin Şərqi Anadolu bölgəsində  yaşayan erməni əhalisini heç bir nədən olmadan müsəlmanlara qarşı qaldırmasıdır. Məsələ, 1905-1906 və 1914-1916 tarixlərində Çar Rusiyası Azərbaycan və Osmanlı torpaqlarında erməniləri müsəlmanlara qarşı qaldıraraq onlara bağımsızlıq-müstəqillik verəcəklərini iddia edirdilər.  Bəzi Qərb-Batı dövlətləri (ABŞ, İngiltərə, Fransa vəb.) də Rusiyanın bu siyasətindən yana idi. Özəlliklə, Osmanlının Balkanlarda və 1. Dünya savaşında yalnız buraxılmasıyla, Rusiyanın və Qərbin əksər dövlətlərinin dəstəyini alan ermənilər daha da ruhlanmışdılar. Ermənilər Osmanlının Balkanlarda apardığı savaşdan istifadə edərək türklər arxadan zərbə vurmağa çalışmış, Türkiyənin böhranlı durumundan yararlanaraq Şərqi Anadoluda erməni dövləti qurmaq xülyasına düşmüşlər.

Hələ, 1906-cı ildə erməni şərqşünası İbrahim Amirxanyans «İrşad» qəzetində (№252-262,  27 oktyabr 1906) yayınlanan «İslam və tərəqqi» məqaləsində yazıdı ki, müsəlmanlar İslam dininin tələbləri əsasında dövrün ümumi qanunlarına uyğun «inkişafa üz tuta bilməycəklər». Çünkü müsəlmanların müqəddəs kitabı «Quran» bu müasir məsələlərə doğru yol göstərmək durumunda deyildir: «İslam ruhanilərinin imanları budur ki, əgər müsəlmanlar Avropa millətlərinin əməllərindən birini də qabul eylərlərsə, kafir olurlar». Amirxanyans bir kədər də irəli gedərək deyirdi ki, müsəlmanlar üçün nəsihətin, elimin və mədəniyətin faydası yoxdur.


Bu dövrdə milli mətbuatda «erməni məsələsi»nə yer verən Azərbaycan Türk aydınları (Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Ömər Faiq Nemanzadə, Yusif Talıbzadə, M.Səid Ordubadi vəb.) yazıdılar ki, “erməni məsələsi” Qərbin və Rusiyanın oyunudur. Milli aydınımız Əli bəy Hüseynzadə deyirdi ki, Qərb qəsdən erməniləri müsəlmanlara qarşı qaldırır.  Ermənilər də Qərbin və Rusiyanın oyununun bir parçasına çevrilərək müsəlmanları həlak edilər. Bu anlamda üzünü erməni yazarlarına (Nikoksov və b.) tutan Hüseynzadə yazıdı: “Səni ittifaq və ittihad mı qorxuduyor?... Biz isə nifaq və şiqaqdan qorxuyoruz!  Nifaq və şiqaq deyilmidir ki, sizlərlə bizlər arasında bu qədər qan tökülməyə səbəb oldu?! Bizim Kafkasda bu nifaq, bu ədavət  və qital yetmiyormuş kimi bir də ümum aləmi-İslamın içinə dəxi nifaq düşüb İttihadi-Müslimin xatiriniz üçün mühtəlmmi olsun, Müslimin yekdigərinin qanınımı töksün? Siz bunumu istiyorsunuz?.. Xeyir sizi qorxudan ittihad və ittifaq degildir!.. Bu zatən min üç yüz sənədən beri mövcuddur. Qəribədir aranızdakı qitalın nədəni cəhalət, qəflət və zəlalət oldugu mühəqqəq ikən, ermenilərin  əksəriyətincə dəxi mühəqqəq ikən, siz hər nədənsə aləmi-İslamın ittihadından degil, xabi-qəflətdən oyanıb, yeniləşməgə və maarifə sülukindən qorxursunuz!”.

Hüseynzadə ilə eyni düşüncədə olan Azərbaycan türk aydını Axund Yusif Talıbzadə Amirxanyans, Nikoksov kimi erməni müəlliflərinə cavab olaraq yazıdı ki, İslam heç vaxt dünyəvi elimlərin öyrənilməsinin əleyhinə olmamış, tersinə müasirliklə uzlaşmış və özünün yenilikçi ruhunu qoruyub saxlamışdır: «Sizin dediyinizə görə «İslam milləti Avropa mədəniyətinin düşmanıdır». Halbuki İslam dininin müqəddəs kitabı Quranı-şərifə nəzərən ümumən elm və mərifət, tərəqqi və mədəniyyət İslamın ümdə əsasıdır. Və İslam dinində rəhbaniyyətin haram olduğu və Çinəcən elim dalınca getmək tövsiyəsi bu mətləbə dəxi şahiddir».

Başqa bir ulusal aydınımız Əhməd bəy Ağaoğlu “Bakı hadisələrinə dair”  (“Sankt-Peterburkskie vedomosti”, 1905, 21-22 aprel) məqaləsində yazıdə ki, Quzey Azərbaycanın çar Rusiyasına birləşməsindən sonra burada erməni əhalisinin sayının artırılması və onların nüsəlmanlara qarşı qaldırılması təsadüfi olmamışdır. Özəlliklə, Qafqaz müsəlmanlarının mədəni və milli oyanışı erməniləri  rahatsız etmişdir: “Bu barədə danışarkən mən qətiyyən o fikirdə deyiləm ki müsəlmanlarla ermənilər arasında hansısa dini, yaxud milli düşmənçilik olmuşdur. Tərsinə, onlar əsirlər boyu barış və dostluq şəraitində yaşamışlar və hətta indi də mədəniyyətin oxşarlıqları qorunan hər yerdə – ümumi zəhmətlə baglı olduqları kəndlərdə və obalarda onlar səmimi qonşular kimi yaşayırlar, aralarında heç bir ədavət  və ayrı-seçkilik yoxdur. Lakin acgöz, iştahında əndazə bilməyəcək dərəcədə həris burjaziyanın və onun arxasınca gedən mədəni inkişaf baxımından daha irəlidə olan ermənilərin her alanda agalığı öz əllərinə almağa, müsəlmanları isə hər vasitəylə gözdən salmağa  çalışdıqları və onlara yuxarıdan baxdıqları   bütün şehərlərdə toqquşma və narazlıqlar labüd hal almışdır”. Ə.Agaoglu yazıdı ki, bu toqquşmada erməniler qəder Çar Rusiyası da maraqlı olmuş, hətta Türkiye ermənilərini də (Andronik və b.) Azərbaycandakı Türk-Müsülman əhalisinin qətlinə cəlb etmişdir.

Azərbaycan Cümhuriyyətinin qurucusu, Milli ideoloq və Ulusal aydınımız Məhəmməd Əmin Rəsulzadə isə bütün bunları çar Rusiyasının ucqarlara səpdiyi milli ədavət toxumu kimi dəyərləndirir, ümid edirdi ki, erməni və türk millətinin barışsevərləri birləşsələr çar Rusiyası iki qonşu xalqı bir-birinə düşmən edə bilməyəcəkdir. Bu prizmadan çıxış edərək Rəsulzadə 1905-1906-cı illərdə baş verən türk-müsəlman qırğınında erməni millətçilərindən daha çox rus hökumətini və rus şovinistlərini ittiham edirdi: «Məlum olduğu üzrə Qoloşşapovu Şuşa uyezdinə «sülh­çü» olaraq göndərmişlər. Qoloşşapov da «sülhçü»lüyünü büruzə verib, toplar, tüfənglər atəşlər ilə sülh etməyə başlamışdır... Ey vicdansız Qoloşşapov! Bəsdir, bəsdir içdiyiniz insan qanları, bəsdir iki milləti bir-biri ilə çalışdırıb, sonra hər ikisini də bədi-fənayə verdiyiniz! Bu qədər insafsızlıq, vəhşilik olmaz ki, siz edirsiniz!! Tutalım ki, əhali nadinc və sülhşikəstdirlər. Bəs məsum biçarə tifillər, heç bir cinayət göstərməyə qadir olmayan zəif-zəifələr, əlsiz-ayaqsızlar, oğul-uşaqlar nə eləsin, onlar nə günahın yiyəsidirlər. Bu yazıq, sərnigün millətlərdən nə istiyorsunuz. Bunlara nə vermisiniz ki, ala bilmiyorsunuz?  İnanın ki, bir vaxt millət mühakiməsinin qabağında durub, tutduğunuz işlərdən sual-cavab olunacaqsınız! Qorxun o gündən ey cəlladlar, ey insan qanına susamış olanlar!».

Günümüzdə də Rəsulzadənin dedikilərinin çox böyük bir anlamının olması qeyd-şərtsizdir. Çünki hazırda da bir çoxlarımız «erməni məsələsi», «amerikan-ingilis ikili standartlılığı» və «rus şeytanlığı»nın əsil mahiyyətini anlaya bilmirik; ona görə yox ki, şüurmuzda bir problem var. Əslində bu məsələlərin əksəriyyətimizin «anlaya» bilməməsinin səbəbkarı özümüzük. Doğru-düzgün və milli ruhda təhsilin olmaması, mühitdən irəli gələn problemlər və ən əsası kütləvi xarakter daşıyan milli ideologiyanın olmaması bunun əsas səbəbləridir. Artıq hər bir Azərbaycan vətəndaşının öz arzusu, istəyi və şəxsi təşəbbüsü ilə tarixi həqiqətlərdən agah olması məsələsinə son qoyulmalı, beləliklə «erməni məsələsi», «amerikan-ingilis ikili standartlılığı» və «rus şeytanlığı»nın əsil mahiyyəti orta və ali təhsil səviyyəsində, kütləvi elektron və informasiya vasitələri ilə millətə çatdırılmalıdır.

Fikrimizcə, o zaman bu işi milli aydınlarımız çox başarlı olaraq həyata  keşirmişlər. Məsələ, 1913-cü ildə «İqbal» qəzetində yazdığı “Erməni məsələsindən bir az”məqaləsində M.Ə.Rəsulzadə yazırdı ki, indi də ermənilər Türkiyə üçün bəlaya çevriliblər: «Nədir bu erməni məsələsi? Bu hər şeydən əvvəl bir ərazi məsələsidir… Heç bir vilayətdə orasına Ermənistan dedirdəcək qədər əhalinin əksəriyyətini təşkil edən bir vilayət yoxdur. Bu, Türkiyə haqqında tədqiqatlar ilə məşhur olan Avropa müəllifləri tərəfindən də qəbul edilmiş bir həqiqətdir».  M.Ə.Rəsulzadə yazırdı ki, ermənilərin iddia etdikləri kimi, “Türkiyə Ermənistanı” adlı bir anlayış yoxdur. Onun fikrincə nə məntiqən, nə də siyasətcən belə bir anlayış haqqında danışmaq mənasızdır. Sadəcə ermənilərin və başqa millətlərin də sakin olduğu bir neçə vilayət var.

O, 1914-cü ilin noyabrında “İqbal” qəzetində yayınlanlan “Erməni məsələsi ətrafında” məqaləsində bir daha Şərqi Anadoluda ermənilərin Türk-Müsəlman əhaliyə qarşı törətdikləri zülmkarlıqlara işarə edərək yazırdı ki, bunun arxasında ilk növbədə çar Rusiyası dayanır. Onun fikrincə, ermənilərin özlərinin Türkiyədən nə istədikləri bəlli olmadığı bir dövrdə çar Rusiyasının onları Türk-Müsəlman əhaliyə qarşı zorakılıqlar etməyə sürükləməsi təsadüfi deyildir. Çar Rusiyasının məqsədi xristian erməniləri müstəqillik iddiası ilə Osmanlıya qarşı qoymaq və onların əli ilə müsəlman-türk əhalini bu bölgədən təmizləmək idi.

Bu cür çirkin siyasətin ən acı örnəyi 1915-ci ilin aprel-may aylarında Türkiyənin Kars və Ərdahan bölgəsində erməni-rus hərbi birləşmələrinin türk-müsəlman əhaliyə qarşı törətdikləri soyqırımlardır. Belə ki, çar Rusiyasının və bəzi Qərb dövlətlərinin təhrikiylə də dinc əhaliyə saldıran erməni quldur dəstələri açıq-aşkar soyqırım həyata keçirmişlər. Bu bölgədən çox az sayda Türk-Müsəlman əhalisi erməni-rus quldur dəstələrindən canlarını qurtararaq Azərbaycan, o cümlədən Bakıya üz tuta bilmişdilər. 1915-ci ilin mayında yayınlanan “Qardaş günü” məqaləsində Rəsulzadə yazırdı ki, Kars və Ərdahanda ermənilərin anlaşılmaz vəhşətinə uğrayan din və qan qardaşlarımızın yardıma ehtiyacı vardır: “Din və qan qardaşlarımız insanların anlaşılmaz vəhşətinə düçar olduqdan sonra indi də təbiətin amansız soyuqlarına, rəhimsiz xəstəliklərinə giriftar olub, ölümlə cəngləşməkdədirlər. Fəqət “insan ölürkən belə qardaş qucağında ölərsə, kəndisi üçün bir təsəllidir”. Bu sözü cəmiyyəti-xeyriyyə köməkçilərinə demişlər, həm kimlər demiş. O Ərdahan düzündə, Kars dağlarında müsibətlərin ən böyügünə giriftar olan qardaşlarımız. O bəlalı qardaşlarımız demişlər”.

Rəsulzadənin təbrincə desək, Avropa və Rusiya “erməni məsələsi”nə ortaya atmadığı zamana qədər ermənilər Osmanlıda ən yüksək səviyyədə yaşayır, hətta Osmanlının vəzirləri belə olurdular. Amma 1877-ci ildən sonra Balkan millətlərinə uyub da xarici təsirlər vasitəsilə azad olmaq istəyən Türkiyə erməniləri bununla da, İstanbul hökumətinin haqlarında bəslədiyi etimadı itiriblər. Özəlliklə, 1915-ci ildə Türkiyənin Şərqi Anadolu bölgəsində baş verən erməni üsyanları və bunun  nəticəsi olaraq ermənilər tərəfindən türk-müsəlman əhalinin soyqırıma məruz qalması İstanbul hökumətini müəyyən qərarlar, o cümlədən ermənilərin Osmanlının bir ərazisindən digər ərazilərə köçürülməsi qərarını qəbul etməyə məcbur etmişdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü