Modern.az

Deputat Aytən Mustafayeva: “Bəzən seçicilər pul, evlərinin təmirini istəyirlər” - MÜSAHİBƏ

Deputat Aytən Mustafayeva: “Bəzən seçicilər pul, evlərinin təmirini istəyirlər” - MÜSAHİBƏ

17 Fevral 2015, 17:15

“Növbəti dəfə deputat seçilmək istərdim”

 

Bu ilin payızında 4-cü çağırış Milli Məclisin səlahiyyət müddəti başa çatır. Modern.az saytı deputatlardan ötən müddətdə seçki platformalarını necə yerinə yetirdiklərini, 2015-ci ildə yenidən namizədliklərini irəli sürüb-sürməyəcəklərini soruşur.

Bu dəfə suallarımıza 21 saylı Nəsimi  seçki dairəsinin deputatı Aytən Mustafayeva  cavab verir. 

- 4 il bundan qabaq  seçki platformanızı qurarkən hansı məsələlərin həll olunmasına üstünlük vermişdiniz? Üzərinizə götürdüyünüz məsələlər əsasən hansı sahələri əhatə edirdi?

- 4 il əvvəl seçki platformamı qurarkən seçicilərim qarşısında yalan danışmamaq, yalan vədlər verməmək üzərində qurmuşdum. Çalışmışdım ki,  nəyi bacaracağamsa, onu üzərimə götürüm. Əsas işim hüquqdan ibarətdir. Qanunvericiliklə bağlı hansısa təkliflər verə bilərəm, ekspertiza edə bilərəm. Hüquq sahəsi ilə bağlı boşluqları yenidən parlamentin iclaslarında gündəmə gətirə bilərəm. Eyni zamanda, məsələləri necə həll etməyə çalışmışam. Problemləri problem olaraq deyil, onun həll yolunu tapmağa, hansısa maddəni dəyişməyə, düzəliş etməyə üstünlük verirəm. Mənim üçün əsas məsələlərdən biri də sosial problemlərin həll olunmasıdır. Çünki Azərbaycanda həll oluna biləcək və planlaşdırılan məsələlər sosial sahədə öz əksini tapır.

- Üzərinizə götürdüyünüz  öhdəliklərin hamısının öhdəsindən gələ bildinizmi?

- Təbii ki, 4 il ərzində çoxlu işlər görülüb. Nə qədər qanunlar hazırlanıb, bəzi qanunlara dəyişikliklər olub, təkliflər verilib. Yeni istiqamətlər, yeni problemlər gündəmə gətirilib. Bunlardan biri də Geni Dəyişdirilmiş Məhsullar (GMO) ilə bağlı problemlərin qaldırılması idi. “Sosial xidmət haqqında” qanunun ekspertizası keçirilib və ona dəyişikliklər və əlavələri təklif etmişik. Əlillərlə, miqrantlarla bağlı msələlər müzakirəyə çıxarılıb.

- GMO məhsullarının təhlükəli olduğu üçün ölkəyə idxal olunmasının qarşısının alınmasına az da olsa nail ola bildinizmi? Çünki bu məsələ dünyada qlobal problemə çevrilməkdədir...

- Təbii ki, az da olsa nail olduq. Həmçinin, dediyiniz məsələyə dövlət başçısı, hökumət tərəfindən də diqqət yetirilir. Qanunlara dəyişikliklər qəbul edilir. Eyni zamanda, Prezident Administrasiyasından və cənab prezident tərəfindən hansısa təkliflər göndərilir. Bu istiqamətdə kifayət qədər işlər aparılır. Bir deyil, on deyil, yüzlərlə qanuna dəyişikliklər etmək lazımdır. Gömrük Məcəlləsinə dəyişikliklər zəruridir. Bunlar təbii ki maddi məsələlərlə də bağlıdır. Bunun üçün sərhəd xidmətində, gömrükdə laboratoriyalar olmalıdır. Bunları hökumət həll etməlidir. Hesab edirəm ki, təkliflərimin eşidilməsinə nail olmuşam. Deməli, bu sahədə hərəkəti görmək olar.

- Bəs, 4 il ərzində seçildiyiniz rayonun icra strukturları ilə bir çox məsələlərin həllində fikir ayrılıqları olubmu?

- 4 il ərzində icra hakimiyyəti ilə münasibətlərimiz çox yaxşı olub. İlk gündən icra hakimiyyəti ilə anlaşa bilmişik. Əsas problemlərdən biri küçələrin abadlaşdırılması, işıqlanma, parkların yenilənməsi idi. O cümlədən, edilən şikayətlərdən biri də sakinlərin gecələr küçədən keçə bilməməsi idi. Çünki işıqlandırma sistemi yox idi. Sakinlər cibgirlərin əlindən qaranlıq küçələrdən rahat keçə bilmirdi. Bu cür şikayətləri icra hakimiyyətində qaldırdıq. İcra başçısı ilə bu məsələni müzakirə edib hökumət qarşısında qaldırdıq. Sevindirici haldır ki, şəhərdəki abadlaşdırma prosesində biz də çox işlər görmüşük.

- Bəllidir ki, sakinlərin şikayətləri müxtəlif olur. Sizə edilən şikayətlərin mövzusu nə ilə bağlı olur?

- Əvvəllər sakinlərin problemləri küçələrin, həyətlərin, parkların abadlaşdırılması ilə bağlı idi. Bu problemlər həll olunduqdan sonra insanlar işsizlik problemi ilə bağlı müraciətlər etməyə başladı. Yalnız öz imkanlarım daxilində kimisə, harasa işə düzəltməyə çalışmışam. Təbii ki, buna tam olaraq gücüm çatmır. Bildiyiniz kimi, kimisə işə düzəltmək çətin məsələdir. Elə seçicilərimiz də olub ki, onlara iş tapmışıq, amma  həmin işi bəyənməyiblər. Təəssüf ki, belə hallar da olub.

- Əgər seçici tapdığınız işi bəyənməyibsə, yəqin ki,  sizə aidiyyəti olmayan hansısa məsələ ilə bağlı müraciət edən seçici də olub...

- Mənə aidiyyəti olmayan məsələlərlə bağlı müraciət edən seçicilər çox olub. Əsasən maddi dəstək edilməsini, pul verilməsini xahiş ediblər. Kimlərsə evini təmir etmək üçün mənə müraciət edib. Təbii ki, bu cür işlər mənlik deyil. Bu problemlə məşğul olan müvafiq qurumlar var. Elə müracətlər də olub ki, onu həll etməyə gücüm çatıb. Məsələn, binaların zirzəmilərinə su dolub. Bu cür müraciətlər zamanı aidiyyəti qurumlardan kömək göstərmələrini xahiş etmişəm. Bu cür məsələlər həll olunub.

- Maraqlıdır, seçiciləriniz arasında “qızıma cehiz almağa kömək edin”, “oğlumun toyunu filan restoranda keçirməyinizi xahiş edirəm” tipli müraciətlər olubmu?

- Dəfələrlə qeyri-adi seçici müraciətləri olub. Əsasən yas mərasimlərinin keçirilməsi, evlənməklə bağlı müraciətlər olub. Elə seçici də olub ki, “evimin təmiri yarımçıq qalıb, pulum yoxdur, mənə kömək edin, təmiri başa çatdırım” formasında müraciət edib. Halbuki, bunları edə bilmərəm. Ümumiyyətlə, səlahiyyətimdə olmayan məsələlərlə bağlı müraciətlər çox olub.

- Hər halda, seçicilərinizin hamısının eyni cür düşünməməsi, fərqli problemlərlə bağlı müraciətləri normaldır. Hiss olunur ki, hətta sizdən asılı olmayan çoxsaylı müraciətlərlə üzləşsəniz belə, deputat kimi fəaliyyət göstərməkdən usanmamısınız. Növbəti dəfə namizədliyinizi irəli sürmək niyyətiniz varmı?

- Növbəti parlament seçkilərində yenidən namizədliyimi vermək haqqında düşünürəm. Düzdür, vaxta hələ var. Görək, necə olacaq.

Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü