Modern.az

“Pul çayı” MƏRASİMİ

“Pul çayı” MƏRASİMİ

Aktual

22 Fevral 2015, 21:28


Mən iqtisadçı deyiləm. Elə bu səbəbdən də havanın üzü döndüyü bir vaxtda, fevralın 21-də yaşıllaşan dollar, saralan manat və bu rənglərin fonunda simaları avazıyan insanlar haqqında fikir söyləməkdə çətinlik çəkirəm. Sözsüz ki, bu ölkənin bir vətəndaşı kimi insanların belə təşvişə düşməsi məni narahat etməyə bilməzdi. Amma düşünürəm ki, belə vəziyyətlərdə bir az soyuqqanlı olmaq lazımdır. Pul zaman və cavanlıq deyil ki, onu geri qaytarmaq mümkün olmasın. Amma pula görə stress keçirib dönməzliyi mümkün olmayan sağlamlığı əldən vermək məncə manatın ucuzlaşmasından daha ağırdır.

Narahatedici məqamlardan biri də odur ki, dollar və manat münasibətlərindən anlayışı olmayanlar belə (ekspertlər nəzərdə tutulmur) sosial şəbəkələrdə elə fikirlər irəli sürürlər ki, adam cibində olan sonuncu 5-10 manatı da gərəksiz kağız parçası sayaraq tullamaq istəyir. Bəlkə bu məsələlərin tam aydın olması üçün bir az zamana ehtiyac var? O zaman gələnə qədər pullarından narahat olanlara “Pul çayı” mərasimini keçirməyi tövsiyə edirəm.

Bu mərasimi keçirmək üçün nə lazımdır?

Şəffaf fincan

Yaşıl çay

Nanə qurusu

Karandaş

Yaşıl kağız parçası

Qaynar su

Fincanı yaşıl kağız parçasının üzərinə qoyun. İçinə yaşıl çay və nanə qurusu atın, üzərinə qaynar su əlavə edin. Çayı karandaşla saat əqrəbi istiqamətində qarışdıra-qarışdıra arzu etdiyiniz məbləği (amma insaflı rəqəm olsun) ürəyinizdə təkrarlayın. Sonra həmin məbləği yaşıl kağız parçasının üstünə yazıb pulqabınızda gəzdirin. Çayı isə bəh-bəhlə içib ümid edin ki, sabah Mərkəzi Bankın yeni pul məzənnələri sizin xeyrinizə olacaq.

Belə məqamlarda ümid puldan daha qiymətlidir. Odur ki, ümidinizi üzməyin, özünüzü manatınızla güclü sayın. Axı o millidir, özümüzünküdür...

İlham Cəmiloğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü