Modern.az

Vahid Əhmədov: “Sahibkarlardan əlavə vergi tələb etmək qanunsuzluqdur”

Vahid Əhmədov: “Sahibkarlardan əlavə vergi tələb etmək qanunsuzluqdur”

Aktual

10 Mart 2015, 13:33

Kiçik və orta bizneslə məşğul olan sahibkarların bir çoxu dövlət orqanları tərəfindən təzyiqlərə məruz qaldıqlarını dilə gətirir, fəaliyyətlərinə müdaxilələr olduğunu bildirirlər.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a açıqlamasında belə hallarla bağlı ona da müraciət edənlərin olduğunu deyib: “Bu barədə mənə də şəxsən bir neçə dəfə suallar veriblər. Ümumiyyətlə, sahibkarlıq fəaliyyəti ilə bağlı qanun layihəsi qəbul etmişik. Qanun qəbul edilibsə, hamı buna riayət etməlidir.

Çünki qanunda göstərilib ki, istənilən dövlət orqanı yoxlama apararkən Ədliyyə Nazirliyində qeydiyyatdan keçməli və nazirliyin razılığı əsasında yoxlamalar aparmalıdır”.

Deputat qeyd edib ki, əgər kimsə sahibkarı incidir, ona müəyyən təzyiqlər göstərir, əlavə vergi tələb edir və başqa söhbətlərə yol verirsə, əlbəttə, bu qanunsuzdur: “Biz qəbul etdiyimiz qanunda bunların hamısı öz əksini tapıb.

Düşünürəm ki, ilk olaraq sahibkarlar dövlət qarşısındakı, xüsusilə də vergilərlə əlaqədar öhdəliklərini vaxtında yerinə yetirməlidirlər. Əgər vergi vaxtlı-vaxtında ödənilərsə, ciddi problem də olmaz”.

Vahid Əhmədov vergi borcu olanların sayının həddindən çox olduğunu vurğulayıb: “İlin yekunları ilə bağlı hesabatlara nəzərə salanda çox sayda vergi borcları olan təşkilatların olduğunu görürük. Bunlar həm fiziki, həm də hüquqi şəxslərdir, həm özəl, həm də dövlət təşkilatlarında təmsil edilirlər.

Vergilər vaxtında ödənilməlidir ki, dövlət büdcəsi də formalaşsın. Bu sahəyə diqqəti artırmaq lazımdır. Müdaxilələr yalnız qanun çərçivəsində reallaşdırılmalıdır. Qalan qeyri müdaxilələr qanunsuzdur. Hər hansı qanun pozuntusuna yol vermədiyini hesab edən sahibkarlar qarşılaşdıqları vəziyyətlə bağlı aidiyyəti orqanlara müraciət etmək hüququndan istifadə edə bilərlər”.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü