Modern.az

“Leyla Yunus Şəmistan Əlizamanlını cəbhəyə sürgün etmişdi” – MÜSAHİBƏ

“Leyla Yunus Şəmistan Əlizamanlını cəbhəyə sürgün etmişdi” – MÜSAHİBƏ

Təhsil

16 İyul 2015, 16:20

“Erməni saytları itki ilə bağlı məlumatları məharətlə gizlədirlər”


Bu gün Azərbaycanda hərbi jurnalistika haqqında müfəssəl nəsə demək çətindir. Çünki hələ də hərbi jurnalistika sahəsində çalışan gənclər yoxdur. Müsahibim gənclərin bu sahə üzrə peşəkar ixtisaslaşmasına səy göstərmədiklərini deyir.  Modern.az saytının  növbəti qonağı hərbi jurnalist, ANS TV-nin “Marş” verilişinin müəllif və aparıcısı Rahib Qəribdir.

- Azərbaycanda hərbi jurnalistikanın inkişaf etməməsinə səbəb nədir?

- Əvvəla, bu sahəyə istək daxildə formalaşmalıdır. Bir dəfə görmədim ki, bir jurnalist gəlib desin: “Bir ay burda nəsə öyrənmək istəyirəm”. Ona görə də Azərbaycanda hərbi jurnalistikada böyük boşluq var. Hərbi  jurnalistikamız sanki sanballı təhlili yazılardan, oçerklərdən, televiziya verilişlərindən yox, hərbi komissarlıqlardan verilən bayağı materiallar, səthi, bəsit informasiyalarla müşayiət olunur. ANS-də hər həftə efirə gedən “Marş” verilişi bir məktəbdir. Məktəb daha necə olur ki? Əgər istək olarsa, səngərdə, orduda  çəkiliş aparmağın qaydalarını peşəkar səviyyədə öyrənmək mümkündür. Gənc jurnalistlər istəsələr, gəlib öyrənə bilərlər. Məsələn, Ləman Ələşrəfqızı çox istedadlı jurnalistdir. Birnəfəsə istədiyi mövzu haqqında yaza bilir. Bəzən məni çağırıb xahiş edir ki, “Rahib müəllim, hərbi məsələ ilə bağlı yazı yazıram, mənə kömək elə”. Deməli, bu insan konkret keyfiyyətli nəsə yazmaq istəyir. Əgər Ləman Ələşrəfqızı məni dəvət edib öyrənirsə, kənarda dayanan gənclər növbəyə dayanmalıdırlar. Hələ də hərbi jurnalistika ilə bağlı bizə müraciət edən jurnalist görməmişəm. Biz özümüz burdan Amerikaya təcrübə yığmağa gedirik, amma burda təcrübə yığmaq istəmirlər. 

- Biz sizi 16 ilə yaxın AzTV-də  yayımlanan “And” verilişinin müəllif və aparıcısı kimi tanımışıq. Maraqlıdır, televiziyada hərbi verilişdə çalışmaq istəyiniz necə formalaşdı? Ümumiyyətlə, hərbə bu dərəcədə marağınızın olması nədən irəli gəlirdi?

- 1979-80-ci illərdə Naxçıvanski adına hərbi liseyə daxil olub 6 ay atamın təkidi ilə orda oxumuşam. Sovet dövründə Naxçıvanski adına hərbi liseyin yaranması Heydər Əliyevin adı ilə bağlıdır. O vaxtlar Heydər Əliyevin belə bir əmri vardı, ucqar dağ kəndlərindən gələn gənclər arasında rus dilini mükəmməl bilənləri geri qaytarmırdılar. Mən də rus dilini yaxşı bilirdim. Ona görə də məni oradan uzaqlaşdırmadılar. Beləliklə, Naxçıvanskiyə Heydər Əliyevin xidmətləri sayəsində qəbul olundum. Lakin təhsilimi sonuna qədər davam etdirmədim. Hərblə bağlı həvəsim bitdi. Amma jurnalistikaya həvəsim uşaqlıqdan formalaşmışdı. AzTV-də işləyəndə ara-sıra hərblə bağlı çəkilişlərə getsəm də, hərblə bağlı adam deyildim. Şəmistan Əlizamanlı, Seyidağa Mövsümlü cəbhə xəbərləri oxuya-oxuya onu verilişə çevirdilər. Sonra bir yerdə AzTV-də hərbi studiya yaratdıq. Çoxlarının xəbəri yox idi, Müdafiə Nazirliyinin ölkədə ilk hərbi verilişi “And”ı biz ortaya qoyduq. O vaxta qədər AzTV-də hərbi redaksiya belə yox idi.  Biz yaradandan sonra həvəsə düşüb “Hərbi vətənpərvərlik və salnamə” redaksiyası yaratdılar. Amma orada çalışan jurnalistlərin hamısı uğurlu deyildi, hərəsi bir cür fəaliyyət göstərirdi, bizim qədər səngərlərdə olmurdu. 

- Niyə 16 ildən sonra  “And” proqramının efir fəaliyyətinə son qoyuldu? Buna səbəb nə idi? 

- Sizin kimi çoxlarına qəribə gəldi. Bu barədə fikirlərimi qısa demək istəyirəm. Əslində, Qubadlıdan olan Arif Alışanov o verilişi bağlamamalı idi. Əgər Bakıdan, Şəkidən kimsə bunu etsəydi,  bəlkə də bunu anlayardım. Sadəcə, doğma ocağını, evini-eşiyini itirən Arif Alışanovun bunu etməsi məni hiddətləndirməyə bilmir. Onu da deyim ki, ölkədə ilk hərbi veriliş “And” proqramı olub. Təbliğ və reklam olunmadan hərbi jurnalistika sayəsində işimizi görmüşük. Məncə, bu sahədə uğurlarımız az olmayıb.

- Hazırda ANS-də yayımlanan “Marş” verilişinin müəllif və aparıcısınız. Maraqlıdır, ora necə gəldiniz? Təsadüfən Mirşahin Ağayev sizi dəvət etmədi ki?

- Doğru təxmin etdiniz. Mirşahin Ağayev məni həyəcan siqnalı ilə dəvət etdi. Dedi ki, “Gəl və həftənin sonu verilişi efirə ver”. Həmin ərəfələrdə təqaüdə çıxdığımdan  mülki həyatda nə edəcəyimi bilmirdim. Düzdür, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişəm. İstənilən sahədə peşə fəaliyyətimi davam etdirə bilərdim. Felyeton da, hekayə də yazmışam.  Rus dilində 6 hekayəm var.  Mirşahin dəvət edəndən sonra fikirləşdim ki, lazımlı adamam. Ondan sonra istiqamət birbaşa hərbə çevrildi və ANS mənə bu sahədə böyük meydan verdi. İnanın, o veriliş reytinqə qoyulmayıb. Uzun müddət ANS-in bazasından yeyərək fəaliyyət göstərib.  Demək olar, son aylarda Müdafiə Sənayesi Nazirliyi bizə sponsorluq edir. Qürurverici haldır ki, ölkənin hərbi-sənayesi birbaşa bizə təyinatı üzrə himayədarlıq edir. Bu onların vəzifə borcu deyil. Etməyə də bilərdilər. Amma görünür ki, qarşılıqlı fəaliyyətlə dövlətimizə, xalqımıza, müdafiə qüdrətimizə xidmət etdiyinə görə bu cür qərar veriblər və  bu, alqışa layiqdir. ANS sağ olsun, bizə müdafiə qüdrətimizin informasiya dəstəyini həyata keçirməkdə lazımi şərait və imkan yaradır. İstədiyim formada bu verilişi qururam və efirə verirəm.

- Peşəkar  jurnalistin mütləq təcrübə topladığı yerlər olur. Maraqlıdır, siz təcrübəni harada toplamısınız? 

- Böyük bir hərbi dairənin qəzetində işləmişəm. Həmin qəzetdəki fəaliyyətim həyatımda böyük iz buraxıb. Sovet vaxtı “Uzaq şərqin keşiyində” qəzeti daxili qoşunların orqanı idi. Əsgər kimi fəaliyyət göstərdiyim zamanlar təcrübənin çoxunu orda toplamışam. Mülki jurnalistikada istedadlı yazarlar qədər istedadlı hərbi jurnalistlərlə birgə çalışmışam. Təxminən 5 ildən sonra ölkəmizdə müharibə başladı və mən hərblə bağlı jurnalist oldum. Bu da taleyin qisməti idi.  

- Hərb sahəsi üzrə təhsil almasanız da, səngərlərdə hərbi jurnalist kimi formalaşdınız. Düşünürəm ki, növbəti sualıma da ən dəqiq cavabı sizdən ala biləcəyəm. Bizim səngərlərdəki gərginliklə bağlı aldığımız xəbərlər nə dərəcədə həqiqətə uyğundur?

- Heç də səngərlərdən gələn gərgin xəbərlərin hamısı həqiqətə uyğun deyil.

 Səngərlərdə tez-tez olduğumdan cəbhədəki gərginliyə bir növ alışmışam. Səngərdən yenicə qayıdanda eşidirəm: “Tərtərdə qırıb çatdılar, müharibədir”. Halbuki oradan yenicə gəlmişəm. Artıq buna adi xəbər kimi baxıram. Sosial şəbəkələrdə  bu cür xəbərlərin şişirdilməməsinə çalışıram. Bilirsiniz, hərbi sahə şou sevmir. Səngərdə tez-tez olduğumdan erməni tərəfdən konkret nə qədər itki olduğunu da bilirəm. Amma erməni saytlarında həmin itkini tapa bilmirəm. Ermənilər bu sayədə işlərini çox yaxşı qurublar. Məsələn, müdafiə naziri Ohanyanın bəyanatını verirlər. “Azərbaycan 20 il atəşkəsi gözlədi, hələ bundan sonra 20 il yox, 100 il də gözləyə bilər”. Bu bizə hər tərəfdən psixoloji təsirdir. İdeoloji müharibənin insanlara psixoloji təsiri çox pisdir. Təbii ki, bu tipli xəbərlər də yayılmalıdır. Amma fərqli şəkildə. Məsələn, hansı nazir hakimiyyətə gəlir, onu ağ yuyub, qara səririk. Həmçinin, ordudakı zabit dəyişikliyini də. Halbuki, çox yaxşı faktları ortaya qoya bilərik. Birinci Qarabağ savaşında elə faktlar var ki, çoxunun axırına çıxa bilməmişəm. Əsas onları araşdırmaq lazımdır. Döyüşə girmişəm. Heç jurnalist deyiləm. İtki sayını adamın dilinə gətirməyə vicdanı dözmür.

- Azərbaycan hərbçiləri  erməni öldürürmü?

- O qədər erməni hərbçisi öldürürük ki. Axı, hücuma keçən düşmən cavabsız qalmamalıdır. Ona görə də hər dəfə təxribat əməliyyatlarına əl atan ermənilər layiqli cavab alır və böyük itki də verirlər.  Amma Ermənistan mətbuatı bu itkiləri həmişə gizlədir. Yaxşı hal deyil ki, bizim mətbuat yeri gəldi-gəlmədi itkilərimiz haqqında məlumat yayırlar. Jurnalistlərimizin ölüm xəbərlərini anında yazması düzgün deyil.  Daha kəşfiyyat məlumatına ehtiyac qalmır. Erməni mətbuatında isə onların itkisi haqqında məlumat tapmaq olmur. Bir müddət öncə, bizdə Tovuz istiqamətində bir az gərginlik yaşanmışdı. O dəqiqə həmin xəbəri müharibə vəziyyətinə gətirmişdilər. Halbuki, həmin vaxt səngərdə oturub saytları oxuyanda dəhşətə gəlirdim. Belə olmaz.  Valideynlər yolda məni tutub deyəndə ki, oğlum sənə görə hərbə getdi, bu mənə ləzzət edir. Deməli, uşaqların başını hərb ilə doldura bilmişəmsə, bundan yaxşı nə ola bilər?

- Sizin Şəmistan Əlizamanlı ilə də möhkəm dostluğunuz var. Bir az da bu haqda danışmağınızı istəyirəm. 

- Biz Şəmistanla illərin dostuyuq. Bizi cəbhə fəaliyyətimiz birləşdirir. Sizə bir hadisə danışım. Hüquq müdafiəçisi Leyla Yunus Şəmistan Əlizamanlını vaxtilə təqiblərə məruz qoyub. Çox adam bilmir ki, Leyla Yunus 1992-ci ildə Şəmistan Əlizamanlını cəbhəyə sürgün etmişdi. Düzdür, Şəmistan Əlizamanlı Müdafiə Nazirliyinin strukturunda olan adam idi. Hərbi diktor olduğundan cəbhədən gələn xəbərləri oxuyurdu.  Şəmistanın cəbhəyə göndərilməsi onun üçün rahat idi. Amma Leyla Yunus onu cəbhəyə o mövqedən göndərməmişdi. Leyla Yunus konkret olaraq,  onu cəzalandırmışdı. Görün, bizim ordumuz kimlərin əlində idi? Yaxşı ki, bir neçə vətənpərvər insan var idi. Sonra Heydər Əliyev hakimiyyətə gəldi və hamını bir araya cəmləşdirdi. Bu, doğru addım idi.

V. Əhmədova 

P.S. Yazı AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən “Milli maraqların və hərbi məlumatların mediada qorunmasına dari təbliğatın aparılması” layihəsi çərçivəsində hazırlanıb.

 
Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü