Azərbaycanda görkəmli sənətkar kimi tanınmış istedadlı kamança ustası Habil Əliyev həm də müdrik, hazırcavab və zarafatcıl söz adamıdır. Uzun illərdir musiqiçilər, ziyalılar arasında onun lətifələri, atmacaları, məzəli söhbətləri gəzib dolaşmaqdadır.
Modern.az ötən günlərdə Habil Əliyevin duzlu-məzəli lətifələrindən bəzilərini oxucuların diqqətinə çatdırmışdı. Bu zarafatcıl söz adamının danışdığı daha bir neçə maraqlı əhvalatı sizə təqdim edirik:
***
Bəstəkar Zakir Bağırov Filarmoniyada bədii rəhbər işləyirdi. Bir dəfə Filarmoniyanın girişində onunla üz-üzə gəldik. Zakir müəllim həmişəki kimi saqqız çeynəyə-çeynəyə (nəsə xəstəliyi vardı, həkimlər ona saqqız çeynəməyi tapşırmışdılar) mənimlə salamlaşdı. Sonra ciddi şəkildə dedi:
- Habil, tarını köklə, gedirik Bolqarıstana qastrola.
Mən cavab verdim:
- Zakir müəllim, mən tar çalmıram, kamança çalıram.
O təəccüblə soruşdu:
- Baho, indi də keçdin kamançaya?!
***
Bir ata-bala həkim imiş. Bir gün ata öz işini oğluna tapşırır. Oğlu axşam işdən sevinclə qayıdaraq atasına deyir:
-Ata, sənə bir yaxşı xəbərim var. Sənin 30 ildir müalicə edə bilmədiyin xəstəni mən bircə günə sağaltdım.
Atası əsəbiləşərək oğlunun başına bir qapaz vurub deyir:
- Ə sən neylədin? Mən 30 ildir ailəmi o xəstənin hesabına dolandırırdım. Guya mənim ağlım səninki qədər deyildi..?
***
Bir uşaq anadan olanda əli yumulu doğulur. Üstündən neçə il keçəndən sonra onun əlini açmadığını görən valideynləri bərk narahat olur, nəhayət həkimə aparmaq qərarına gəlirlər. Həkimdən “əməliyyat olunmalıdır” sözünü eşitcək uşaq əlini açır. Görürlər uşağın əlində üzük var. Təəccüblə soruşurlar:
- Bu üzük hardandır?
Bu yerdə uşaq cavab verir:
- Mən doğulanda onu dartıb həkimin barmağından çıxarmışam.
***
60-cı illərin axırları idi. Filarmoniyada rəsmi tədbir vardı. Yığıncaqdan sonra konsert olmalı idi. Biz musiqiçilər də bədii hissəni gözləyirdik. Rəsmi hissə bitdi. Azərbaycan KP MK-nın katibi rəhmətlik Şıxəli Qurbanov səhnə arxasında musiqiçilərlə bir-bir hal-əhval tutmağa başladı.
Mənə çatanda dedi:
- Yuxarılarda söhbət gedir ki, Habil kamanda ağlayır, xalqı da ağladır. Sovet insanı ağlamamalıdır.
Sonra da nəfəsini azacıq dərib yavaşca qulağıma pıçıldadı:
- İşində ol, Habil, bu xalq ağlamasın, neyləsin...?
Modern.az