Avqustun 14-də "Böyük Qayıdış” proqramı çərçivəsində Xankəndiyə 22 ailədən ibarət 102 nəfərin köçürülməsi həyata keçirilib.
Uzun illər doğma şəhərindən ayrı yaşayan sakinlər üçün Xankəndiyə qayıdış həm sevinc, həm də kövrək hisslərlə müşayiət olunub. Köçürülənlər doğma şəhərlərinə qayıtmağın, uşaqlıq və gənclik illərinin keçdiyi yerləri yenidən görməyin onlar üçün xüsusi əhəmiyyət daşıdığını bildiriblər.
Köçürülən sakinlərdən biri də 1984-cü il təvəllüdlü Taleh Həsənovdur.
Taleh Həsənov Beybala oğlu Xankəndi sakinidir. O, 7 fevral 1984-cü ildə Xankəndidə anadan olub və 4 yaşına qədər burada yaşayıb. Daha sonra ailəsi ilə Şuşaya köçüb. Şuşada 2-ci sinifdə oxuduğu vaxtlarda Qarabağda erməni separatizmi baş qaldırıb və o ailəsi ilə Bakıya köç etməyə məcbur olub. "Böyük Qayıdış"a qədər Taleh Həsənov Bakıda Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yaşayıb.
Taleh Həsənov Xankəndi ilə bağlı təəssüratları, ora ilk ayaq basanda yaranan hissləri haqda Modern.az-a açıqlama verib:
“Biz öz ata evimizə köçmüşük. Cənab Prezidentin göstərişi ilə həyata keçirilən bu köç bizim üçün daha böyük önəm daşıyırdı.Vallah, belə deyim, mən uzun illər Bakıda yaşamışam, amma Xankəndiyə qayıtdıqdan sonra heç özümü qaçqın kimi hiss etməmişəm. Öz ata-baba yurduma hiss etdiyim doğmalıq hissi bu yurda əzəldən öyrəşdiyimi bir daha xatırlatdı. Hazırda həyətdə abadlıq işləri aparıram, özüm üçün hər şeyi qaydaya salıram. Ümumilikdə hər şey normaldır. Ən əsas məsələlərdən biri buranın havası çox təmizdir. Sıxlıq yoxdur. Sakitlik adamın ruhunu dincəldir. Gəzəndə bir az belə olsa yorulmuruq. İlk hisslərimi soruşursunuzsa, mən buradan çıxanda 4 yaşım vardı. Ona görə də uşaqlıq illərindən çox şey yadımda qalmayıb. Amma atamın, anamın sevinc göz yaşları hər şeyi deyirdi. Mənim də içimdə böyük həyəcan və sevinc var idi. Çünki öz doğulduğum yerə qayıtmışdım. Bu, mənim üçün çox böyük hadisədir. 36 il görmədiyin, amma doğulduğun yerin həsrətini çəkmək tamam başqa hissdir. İndi isə həmin həsrət sona çatıb.”
Nicat Rüstəm