Bakıdan piyada yola çıxan Birinci Qarabağ müharibəsinin iştirakçısı Firuz Əlizadə Şuşaya çatıb.
Modern.az-ın daha əvvəl xəbər verdiyi kimi, 57 yaşlı veteran şəhidlərin xatirəsinə həsr etdiyi yürüşə Bakıdakı Şəhidlər xiyabanından başlayıb.
Firuz Əlizadə saytımıza açıqlamasında bildirib ki, Bakıdan Şuşayadək təxminən 430 kilometr məsafəni 9 gün 4 saata qət edib.
"Bakıdakı Şəhidlər xiyabanından Şuşa şəhərindəki Gövhər Ağa məscidinədək piyada getməyi 24 yaşımdan niyyət etmişdim. Qarşıma qoyduğum məqsədə 9 gün 4 saata çatdım və budur, mən Şuşa şəhərindəyəm. Sevincimin həddi-hüdudu yoxdur.
Torpaqlarımızın hər qarışı şəhidlərimizin qanı və canı bahasına azad olunub. Allah şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Onların sayəsində suverenliyimiz bərpa olunub. Allah ordumuzu, Prezidentimizi və millətimizi qorusun".
Veteran uzun illər əvvəl qarşısına qoyduğu məqsədə çatmasının onun üçün xüsusi məna daşıdığını da deyib:
"Bu gün mən arzuma çatmışam. Qarabağa, Şuşaya, Xankəndiyə baxıram və qürurlanıram".
Qeyd edək ki, Birinci Qarabağ müharibəsinin iştirakçısı Firuz Əlizadə ötən gün Xocalıya çatmışdı.