“Vətəndaş Cəmiyyəti” təşviqat qrupu Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi ilə bağlı qarşıdan gələn Referenduma çıxarılan məsələlərin ictimaiyyətə izah olunmasını davam etdirir. Bu günlərdə təşviqat qrupunun üzvü, millət vəkili Cavanşir Feyziyev Balakən və Şəki şəhərlərində seçicilərlə görüşüb. Görüşlərdə Prezident tərəfindən irəli sürülən və ümumxalq səsverməsinə çıxarılması qərara alınmış, Konstitusiyaya edilməsi nəzərdə tutulan 23 dəyişiklik və əlavə edilməsi nəzərdə tutulan 6 yeni maddə ətraflı şəkildə izah olunub.
Millət vəkili Cavanşir Feyziyev çıxışında ümumxalq səsverməsinə çıxarılan əlavə və dəyişikliklərin mahiyyəti, bu dəyişiklikləri zəruri edən səbəblər seçicilərin diqqətinə çatdırıb.
Məruzədə 1991-ci ildə dövlət müstəqilliyimizin bərpa olunmasından və eləcə 1995-ci il Konstitusiyamızın qəbul olunmasından sonra keçən dövr ərzində ölkədə baş verən mühüm siyasi-iqtisadi, mədəni-sosial dəyişiklərin dinamikası nəzərdən keçirilmiş, bu müddət ərzində Azərbaycanın düşünülmüş, balanslı xarici siyasət yürütməsi nəticəsində ölkəmizin beynəlxalq nüfuzunun artdığı və hal-hazırda Azərbaycanın regionda və dünyada gedən qlobal proseslərə təsir gücünün artdığı konkret misallarla şərh edilmişdir.
Ölkə iqtisadiyyatının da keçən 25 il ərzində dinamik şəkildə inkişaf etdiyini, əhalinin rifah halının xeyli yaxşılaşdığını vurğulayan millət vəkili yeni post-neft dövründə ölkə iqtisadiyyatında diversifikasiyanın vacibliyindən və iqtisadiyyatın qeyri-neft sektorlarının inkişaf etdirilməsi və ümumiyyətlə, dövlətin siyasi və iqtisadi idarəetmə mexanizmlərini yeni dövrün tələblərinə uyğun olaraq daha çevik və daha səmərəli işlək vəziyyətə gətirmək üçün müvafiq qanunvericilik aktlarına, o cümlədən ölkənin ali qanunu olan Konstitusiyaya müəyyən əlavə və dəyişikliklərin edilməsinin zəruri olduğunu bildirib.
Görüşlərin sonunda seçiciləri maraqlandıran suallar cavablandırılıb və bəzi seçicilər referenduma şıxarılan Konstitusiyaya əlavə və dəyişikliklər barədə öz fikirlərini bölüşüblər.
Modern.az