Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın son durumu açıqlanıb.
TƏBİB-dən Modern.az-ın sorğusına cavab olaraq bildirilib ki, 1949-cu il təvəllüdlü şəxs (qadın) 27.10.2026-cı il tarixində saat 10:00 radələrində Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasına hospitalizasiya olunub.
Arterial hipertenziya, şəkərli diabet və ürək çatışmazlığı diaqnozları təyin edilən şəxsdə aparılan müayinələr zamanı pnevmoniya əlamətləri də aşkarlanıb.
Pasiyentin müalicəsi xəstəxananın Terapiya şöbəsində davam etdirilir. Vəziyyəti stabil qiymətləndirilir.
***
10:03
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhətində ciddi problemlər yaranıb.
Modern.az Polad Həşimovun bacısı Həşimova Kəmalə xanımla əlaqə saxlayıb, anasının səhhəti ilə bağlı son vəziyyəti maraqlanıb.
Kəmalə xanım qeyd edir ki, anası 10 gündür ki, xəstəxanadadır. Səhhətində bir çox problemlər özünü göstərib. Qeyd edib ki, Səmayə xanımın şəkər, ürək çatışmazlığı kimi problemləri də var. Kəmalə xanımın sözlərinə görə Səmayə xanım bu səhər digər günlərə nisbətdə daha yaxşıdır və vəziyyəti getdikcə yaxşılaşır.