Tarix boyu hər bir xalqın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən igid övladları olub. Azərbaycan xalqı da əsrlər boyu haqq və ədalət mübarizəsində qəhrəmanlıq səhifələri yazmış, Vətən torpağını qorumaq üçün ömrünü fəda edən oğul və qızlar yetişdirmişdir. "Şəhid" kəlməsi xalqımız üçün sadəcə hüzn deyil, eyni zamanda qürur, əbədiyyət və ucalıq simvoludur. Torpaqlarımız uğrunda canını fəda etmiş şəhidlərdən biri də Hikmət Səfərovdur.
Modern.az saytının "Şəhidin son fotosu" rubrikasında növbəti yazını təqdim edirik. Həmsöhbətimiz şəhid Hikmət Səfərovun həyat yoldaşı Gülnarə Səfərovadır.
"Son şəklimiz parkda çəkilib. Mən tibb işçisi olduğum üçün bir-birimizi gec-gec görürdük. Elə bil mənimlə sonuncu dəfə şəkil çəkdirdiyini hiss edirdi, üzümə məyus baxışlarla baxırdı. Ondan soruşanda ki, nə olub, üzümə elə baxırsan, elə bil öləcəyəm... Cavab verdi ki, "Allah eləməsin, sənə gələn mənə gəlsin". Elə həmin vaxtda şəkil çəkdirdik".
Gülnarə xanım bildirir ki, hər dəfə həmin parka gedəndə və oturduqları skamyanı görəndə həmin hissləri yenidən yaşayır: "Elə bilirəm, Hikmət yanımdadır, şəhid olmayıb. Hər zaman onu yanımda hiss edirəm. Elə mənə güc verən də Hikməti yanımda hiss etməyimdir".

Şəhid xanımı həyat yoldaşı ilə son görüşündən də danışıb:
"Evlilik ildönümümüz idi – 14 oktyabr... Hikmət Yevlax xəstəxanasında yaralı idi. Getmişdik yanına, uşaq kimi sevinirdi. Çünki bizi görmüşdü və mənim evlilik ildönümümüzü unutmadığımı anlamışdı. Hikmət yaralı olsa da, son ana qədər bizə olan sevgisini nümayiş etdirdi. Ayın 17-si mənə zəng vurdu, "əməliyyata girirəm, dua elə, özünüzə yaxşı baxın", - dedi. Mən də ona dedim ki, "sənə gələn ölüm mənə gəlsin". O, cavabında "elə demə, mən uşaqlara cavab verə bilmərəm, həm də mən sənin kimi güclü deyiləm", dedi.
Gülnarə xanım emosiyalarına qapılaraq qeyd edir ki, ona bu gün güc verən elə Hikmətin həmin sözləridir.
"Hikmət 52 gün komada qaldı. Şəhid olmağına 19 gün qalmışdı, bizə görüş verdilər. Hikmət məni anlamırdı, görmürdü, amma mən son dəfə onu gördüm. Sonra evə gəldim və balalarımızı olacaqlara hazırladım. Hazırladım ki, biz artıq qəhrəman ailəsiyik. Onlara dedim ki, "sizin atanız şəhid olacaq, biz qəhrəman ailəsiyik, ana qurban, atanızı layiqincə yola salmalıyıq".
Gülnarə xanımın sözlərinə görə, Hikmət Səfərov həmişə övladlarını analarına əmanət etmək əvəzinə, onu uşaqlarına əmanət edərmiş. Bu gün də həmin balalar analarına həm ana, həm də ata olmağı bacarırlar.
Müsahibimiz vurğulayır ki, Hikmət Vətənini çox sevirdi: o qədər sevirdi ki, xəstəxanada yaralı olduğu vaxtda belə "Vətən sağ olsun, mən olmasam da olar" deyirmiş.
Baş leytenant Hikmət İldırım oğlu Səfərov 11 iyul 1972-ci ildə Ağdam rayonunun Yusifcanlı kəndində anadan olub. 1989-cu ildə orta məktəbi bitirib, 1990-cı ildə Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olunub. 1995-ci ildə informasiya-ölçmə texnikası ixtisasına yiyələnib, sonra leytenant rütbəsi alıb.
Hikmət Səfərov 2001-ci ildən etibarən Azərbaycan Yazıçılar Birliyinin "Ulduz" jurnalında işləməyə başlayıb və elə həmin il ailə həyatı qurub. 2002-ci ilin oktyabrında leytenant rütbəsi ilə həqiqi hərbi xidmətə başlayıb və 2004-cü ilin yayında baş leytenant rütbəsi ilə ehtiyata buraxılıb.
2004-cü ilin noyabrında "Qaya" Mətbuat Yayımında çalışmağa başlayan Hikmət Səfərov 2016-cı ildə həmin işdən ayrılıb. 2018-ci ilin yanvarından "Dokta" MMC şirkətində kassir kimi fəaliyyət göstərməyə başlayıb. 20 sentyabr 2020-ci il tarixində ehtiyatda olan baş leytenant kimi hərbi təlimlərə çağırılan Hikmət Səfərov Vətən müharibəsi başlayanda döyüşlərə qatılıb. 4 oktyabr 2020-ci il tarixində Suqovuşan istiqamətində gedən döyüşlərdө ağır yaralanıb. Dəfələrlə əməliyyat olunmasına baxmayaraq, 17 oktyabr 2020-ci il tarixində komaya düşüb və 52 günlük komadan sonra 8 dekabr 2020-ci ildө (48 yaşında) şəhid olub.
Baş leytenant Hikmət Səfərov 9 dekabr 2020-ci il tarixində yüksək rütbəli hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti nümayəndələrinin, ailə üzvlərinin və xeyli sayda vətəndaşın iştirakı ilə II Fəxri xiyabanda dəfn olunub.
Ailəli idi, 2 oğul övladı – Azər və Anar yadigar qalıb.
Azərbaycan Prezidentinin sərəncamları ilə baş leytenant Hikmət İldırım oğlu Səfərov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Ağdamın azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif olunub.
