Modern.az

Əvvəl ailəsini qırıb - Polşadakı terrordan YENİ XƏBƏR

Əvvəl ailəsini qırıb - Polşadakı terrordan YENİ XƏBƏR

Dünya

Bu gün, 14:58

Polşanın Krakov şəhərində silahlı hücum törədən şəxslə bağlı yeni təfərrüatlar məlum olub.

Modern.az xarici mediaya istinadla bildirir ki, polisin sözlərinə görə, cinayətkar şəhərdə atəş açmazdan əvvəl yaxınlarını qətlə yetirib. Ostaşev-Sventokşiski şəhərində çoxmənzilli binanın mənzilində üç nəfərin meyiti aşkarlanıb.

Sventokşiski Voyevodalığının polisi qurbanların 21 və 52 yaşlı iki qadın, eləcə də 53 yaşlı kişi olduğunu bildirib. Onların bədənlərində ilkin araşdırma zamanı odlu silah yaralarına bənzər xəsarətlər müəyyən edilib.

Mənzildə aparılan axtarış zamanı yeddi odlu silah götürülüb. İlkin ehtimala görə, silahlar qatilin atasına məxsus olub və onun rəsmi silah saxlamaq icazəsi olub.

Hadisə şənbə günü baş verib. Polşa vətəndaşı olan 24 yaşlı Mixal O. Krakovun tarixi hissəsində hərəkətdə olan avtomobildən yoldan keçənlərə atəş açıb. Nəticədə azı altı nəfər ölüb, 16 nəfər yaralanıb. Yaralılardan 13-nün vəziyyəti ağır qiymətləndirilir.

Hüquq-mühafizə orqanları qatilin saxlanılması zamanı onu yaralayıb. Daha sonra o, xəstəxanaya yerləşdirilib. Daxili İşlər Nazirliyinin məlumatına görə, həmin şəxs radikal sağçı baxışlara rəğbət bəsləyib.

Polşa Radiosunun məlumatına əsasən, cinayətkarın avtomobilində xeyli sayda patron olub. O, uzunlüləli odlu silahdan istifadə edib.

Krakovda baş verən hadisə son illərdə Polşada çoxsaylı insan tələfatı ilə nəticələnən ən ağır cinayətlərdən biri hesab olunur. Ölkədə matəm elan edilib, hüquq-mühafizə orqanları hadisənin bütün təfərrüatlarını araşdırır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XTQ həkiminin döyüş meydanında gördükləri: Şəhidlərin son sözləri, yaralıların vəsiyyətləri