Modern.az

Gələn il Qarabağa kütləvi köç olacaq - Deputat AÇIQLADI

Gələn il Qarabağa kütləvi köç olacaq - Deputat AÇIQLADI

Qarabağ

Bu gün, 11:24

2027-ci ildə işğaldan azad olunmuş ərazilərə kütləvi köç prosesi həyata keçiriləcək. Hər bir keçmiş məcburi köçkünə öz doğma yurdunda ev təklif olunacaq.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Vüqar Bayramov bildirib.

Deputat qeyd edib ki, Böyük Qayıdışa dair birinci Dövlət Proqramının icrası 2026-cı ildə başa çatacaq. Növbəti Dövlət Proqramı isə 2027–2030-cu illəri əhatə edəcək.

Onun sözlərinə görə, hazırda işğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın vətəndaş yaşayır, işləyir və təhsil alır. Onlardan 41 213 nəfəri daimi məskunlaşmış keçmiş məcburi köçkünlərdir.

Ən çox məskunlaşma Ağdam rayonunda qeydə alınıb. Artıq 8 300 nəfər Ağdama, 7 112 nəfər isə Cəbrayıl rayonuna qayıdıb.

“Növbəti aylarda, eləcə də 2027-ci ildə həmin ərazilərimizdə kütləvi məskunlaşma olacaq. Hər bir keçmiş məcburi köçkünə öz ata-baba yurdunda ev təklif ediləcək. Heç bir keçmiş məcburi köçkün prosesdən kənarda qalmayacaq. Bu, Prezidentin siyasi iradəsidir”, – deyə deputat vurğulayıb.

Vüqar Bayramov bildirib ki, son altı ildə işğaldan azad edilmiş ərazilərin bərpasına yalnız dövlət büdcəsindən 26 milyard manat vəsait ayrılıb.

Bu müddətdə ümumi uzunluğu 3 720,5 kilometr olan 64 avtomobil yolunun tikintisi həyata keçirilib və ya davam etdirilir. Onlardan 17-nin, ümumilikdə 1 338 kilometr yolun tikintisi tamamlanıb. Həmçinin strateji əhəmiyyətli üç beynəlxalq hava limanı istifadəyə verilib.

Deputat iqtisadi göstəricilərdəki artıma da diqqət çəkib. Onun sözlərinə görə, 2020-ci illə müqayisədə Qarabağ iqtisadi rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı təxminən 4 dəfə artaraq 6 milyard manata çatıb.

Şərqi Zəngəzur iqtisadi rayonunda isə həmin göstərici 30 dəfə artaraq 4 milyard manatı ötüb. Bölgədə sənaye məhsulu istehsalının həcmi 100 milyon manata, kənd təsərrüfatı məhsulu istehsalının həcmi isə 170 milyon manatdan çox məbləğə çatıb.

Vüqar Bayramov əlavə edib ki, Prezident İlham Əliyev ötən müddətdə işğaldan azad edilmiş ərazilərə 600 dəfədən çox səfər edib, 180-dən artıq layihənin təməlini qoyub və 170-dən çox obyektin açılışında iştirak edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ərdoğana kritik çağırış edildi: 8 noyabrda Bakıda ol!