Zəfər Gününə cəmi dörd gün qalmışdı... Şuşa uğrunda gedən döyüşlərdə neçə-neçə igid oğul şəhid oldu. Onlardan biri də İsmayıl Kərimli idi.
Bu gün İsmayılın ailəsi oğullarının anım günü ilə bağlı mərasim təşkil etmişdi. Modern.az olaraq biz də həmin tədbirdə iştirak etdik.
Şəhidlər xiyabanına daxil olarkən izdihamdan hansı məzara doğru getməli olduğumuzu anlamaq çətin deyildi. Bir-bir məzarların arasından keçirdik. Şəhidlərimiz hər başdaşından bizə gülümsəyir, sanki özlərindən sonra gələn nəsillərə ümidlə baxırdılar.

Nəhayət İsmayıl Ceyhun oğlu Kərimlinin məzarına çatdıq. Məzarının ətrafında xeyli insan toplaşmışdı: anası, atası, ailə üzvləri, doğmaları, sevdikləri və onu sevənlər...
Ancaq elə düşünməyin ki, məzarın başına gələnlər yalnız İsmayılı şəxsən tanıyanlar idi. Xeyr. Azyaşlı uşaqlar və məktəblilər də məzarın ətrafındakı izdihama təəccüblə baxır, digər şəhidlərin məzarlarına gül qoyduqları kimi, İsmayılın məzarını da qərənfillərlə bəzəyirdilər.
Bu gün İsmayılın məzarını ziyarət edənlərin sayı o qədər çox idi ki, üzərinə düzülən güllər başdaşındakı adını və soyadını belə görünməz etmişdi. Güllərin arasından yalnız onun gülər gözləri görünürdü.

İsmayılın məzarı başında şeir söyləyənlər, dua oxuyanlar, onunla bağlı xatirələri göz önünə gətirərək göz yaşı tökənlər az deyildi. Ancaq bir qadın vardı ki, məzarın düz yanında dayanmış, sinəsində İsmayılın şəklini daşıyırdı. Sakit və səssiz idi. Ona ünvanlanan xoş sözlərə, təsəlli və diləklərə dodaq qaçıraraq gülümsəyir, hüzn dolu gözləri ilə insanlara baxırdı.
Bu qadın İsmayılın anası idi - şəhid anası Rəna Kərimova.
Rəna xanım oğlu üçün gələn qonaqlarla kənara çəkilib söhbətləşəndə, biz də ona yaxınlaşıb mqəsədimizi açıqladır. Şəhid anası ilə söhbət etmək istədiyimizi bildirəndə belə dedi:
- Gəlin, balamın məzarının yanına gedək, oğlumdan orada danışım.

Rəna Kərimova bizimlə söhbətə ürəyindəki narahatlıq və peşmanlıqdan başladı:
“Həmişə düşünürəm ki, kaş biləydim, şəhid böyüdürəm. Ən böyük peşmanlığım isə İsmayıl müharibəyə yollanarkən onu qucaqlayıb bağrıma basmamağımdır. Çünki buna nə gücüm, nə də cəsarətim çatdı. Ona son sözümü demək qismət olmadı”.
Şəhid anasından soruşduq ki, əgər oğluna son sözünü demək imkanı olsaydı, ona nə deyərdi? Rəna xanım belə cavab verdi:
“Ona deyərdim ki, yolundan dönmə, geri qayıtma. Sən düzgün seçim etmisən. Sən təpədən-dırnağa əsl kişisən. Səninlə fəxr edirəm!”.
Ana sanki həmin gün oğluna deyə bilmədiyi sözləri onun məzarı başında bizimlə bölüşərək bir daha oğluna eşitdirmək istəyirdi.
Rəna xanım İsmayılın uşaqlıq xatirələrindən danışarkən onun necə vətənpərvər olduğunu da xüsusi vurğuladı.
“Uşaqlıqdan bayraq rəsmləri çəkərdi. Bir-üç yox, yüzlərlə... Bayrağa, onun rənglərinə uşaqlıqdan böyük həvəsi vardı. Elə bil gözünü açandan bayraqla doğulmuşdu”.
Rəna Kərimli ilə söhbətimiz zamanı öyrəndik ki, onun İsmayıldan başqa övladları da var. Ancaq ana etiraf edir ki, indi bütün diqqəti şəhid oğluna yönəlib:
“İsmayıl şəhidlik zirvəsinə ucalmazdan əvvəl bütün uşaqlarıma necə münasibət göstərirdimsə, ona da elə yanaşırdım. Ancaq indi bütün fikrim, əməlim İsmayıladır. Hətta istəyirəm ki, İsmayılla bağlı bir film də yaradaq”.
Ana oğlundan danışarkən qürurunu gizlədə bilmirdi. Onun ağlından, savadından söz açmaqdan doymurdu. Məclisə gələnlərə fərəhlə deyirdi ki, balası Şuşa uğrunda döyüşüb, dişi ilə, dırnağı ilə qayalara dırmaşıb.
Rəna xanım Şəhidlər xiyabanında oğlunu ziyarətə gələnləri qarşılayır, onların dualarını alırdı. Ana kimi bilir ki, oğlu indi ən gözəl məkandadır. Bəlkə də elə buna görə xiyabandakı hər məzara baxanda həm kədərlənir, həm də qəlbində az da olsa, rahatlıq tapırdı.
Anaya səbir diləyərək, şəhidlərimizi ziyarət edib oradan ayrıldıq.
Bu gün Qarabağ azaddırsa, bu, son ana, son nəfəsə qədər vuruşan oğullarımızın sayəsindədir. Allah bütün şəhidlərimizə rəhmət eləsin!



Video və foto: Samir Məcidzadə