2027-ci ilin dövlət büdcəsi layihəsində qanunvericilik orqanlarının fəaliyyəti üçün 76 milyon 725 min 242 manat nəzərdə tutulur. Vəsaitin 83 faizi əməyin ödənişinə yönəldiləcək.
Modern.az xəbər verir ki, bu rəqəmlər 2027-ci ilin büdcə zərfində əksini tapıb.
Əməyin ödənişi üzrə nəzərdə tutulan 63 milyon 726 min 275 manatın 51 milyon 185 min 162 manatı əməkhaqqı və digər pul ödənişlərinin, 12 milyon 541 min 113 manatı isə əməkhaqqına görə ayırmaların payına düşür.
Malların, işlərin və xidmətlərin satın alınmasına 10 milyon 517 min 367 manat ayrılması nəzərdə tutulur. Bu vəsaitin 2 milyon 110 min manatı ezamiyyə xərcləri üçündür. Ezamiyyə xərclərinin 2 milyon manatı xarici səfərlərin payına düşür.
Xarici nümayəndə heyətlərinin və rəsmi şəxslərin qəbulu, eləcə də onlara xidmət göstərilməsi üçün 1 milyon 400 min manat nəzərdə tutulub.