Tovuz rayonu, Aşağı Quşçu kəndi, Sabir küçəsi, ev 45 ünvanında yaşayan Şahin Rzayevin evi başına uçub. Amma onun harayına gələn yoxdur. Əlacsız qalan kənd sakini çıxış yolunu mətbuatda görüb.
Bu haqda Modern.az-a danışan Ş.Rzayev hadisənin avqust ayının 27-də baş verdiyini deyib. O bildirib ki, hələ kənddə indiyədək belə güclü külək müşahidə olunmayıb.
“Ağsaqqal adamlar deyir ki, ömür boyu belə külək olmayıb. Kənddə bir çoxlarının evi zərər görüb.
Mənim evimin şiferləri, hasarı, əl damı uçub, evdə çatlar əmələ gəlib. Ağaclar qırılıb, həyət-baca pis gündə, evimizin də vəziyyəti acınacaqlıdır.
Hara müraciət etdim, kömək edən olmadı. Bircə “Azərenerji” zərər görmüş elektrik naqillərini bərpa etdi. Onlardan başqa bir də İcra Hakimiyyətindən bir nəfər gəldi. Yazdı-pozdu, “aidiyyatı qurumlara məlumat verəcəyik” dedi. Amma o gedən gedib, nə xəbər var, nə də səs-soraq”.
Daha sonra məlumat üçün İcra Hakimiyyətinə müraciət etdiyini deyən kənd sakini “aidiyyatı qurumlar məsələni araşdırır” deməklə kifayətləniblər.
Rayon icra hakimiyyətindən isə məsələyə münasibət bildirməyiblər.
Gülşən RAUFQIZI