Modern.az

Ölümlə doğulan mədəniyyət

Ölümlə doğulan mədəniyyət

Ölkə

2 Mart 2011, 15:27

Milli Məclisin üzvü

Nəcməddin Ərbakanın ölümü Türkiyəni hərəkətləndirdi. Ərbakan “Milli görüş” hərəkatı­nın qurucusu və siyasi öndəri idi. Kipr hərəkatının başlamasına qərar verənlərdən biri - başbakan yardımçısı olaraq tarixə keçmişdir.

Ərbakanın türk siyasətində təsirli rolu olmuşdur və öz cinahının xarizmatik liderlərindən sayıla bilərdi. Ən azı İslamı referans alan siyasətçilərin çoxu bu məktəbin yetirmələri sayılır. Almaniyada tank motorlarının mütəxəssisi kimi elmi titula sahib idi. Bugünkü Türkiyə iqtidarı da əslində onun hərəkətə gətirdiyi motorla işləməyə üstünlük verdi. Cəmiyyətdə fərqli qəbul olunsa da, davranışları, manevrləri fərqli olsa da, simpatik bir siyasət üslubundan dolayı ən azı xoş ovqat yaradan, bir cinahın sözçüsü kimi təqdim olunan bu siyasətçi çağdaş Türk toplumunun bir siyasi markası idi.

Burada mövzumuz onun ölümündən sonra yaşananlarla bağlıdır. Öldü. Həm də ahıl çağlarında siyasətdən getməyi qərarlaşdırmayan və yaşı səksən beşə yetişmiş ağır xəstə olaraq öz yerini başqasına tərk etməyən, bir az da təriqət şeyxi kimi ailəsini siyasi mirasa sahibləndirməklə nüfuz itirən, hakimiyyətdə olan AKP-lilərin çoxunun hocası sayılsa da, başucası sayılmayan bir siyasi kimlik kimi dünyasını dəyişdi. Birdən-birə bütün cəmiyyət onun ölümündən sonra oturuşmuş ənənəsini işə saldı. Hami dönüb geriyə baxdı və nifrətləri deyil, xidmətləri xatırladı. Solçusu, milliyyətçisi, islamçısı, kommunisti, kürdçüsü, liberalı, qalatasaraylısı, fənərbağçalısı... Siyasi-ictimai bərədə kimlər üzürdüsə, sayğı və üzüntülərini göstərdilər. Dəyərli dövlət adamı, dəyərli siyasət və elm adamı kimi təriflər eşidilməyə başladı. Hər gün bir-birini sözünün əvvəlinə “Sayın” ifadəsini qoyub yerdən-yerə vuran siyasi kimliklər, köşə yazarları eyni mədəniyyətin daşıyıcısı olduqlarını bir daha göstərə bilirlər. Mədəniyyət sürətli iqtisadi inkişafdan və ya qədim daşların üstündə çox oturmaqdan başlamır, kökü-köməci olan insanın tərbiyəsindən başlayır. Buna Türkiyə siyasi mədəniyyəti deyirlər. Osmanlı kökü üzərində boy atan Türk siyasi mədəniyyəti...

Türkeşin, Ecevitin, Möhsün Yazıçıoğlunun ölümünü xatırlayın. Dəfn mərasimlərində yenə həmin tablo, yenə həmin sayğı və həmin siyasi mədəniyyət...

Azərbaycanda neft və qaz var. Eləcə də siyasətçilər və siyasət var. Siyasi mədəniyyət isə bu ölkəyə oturmadı ki, oturmadı. Buna cəhdlər edildi, ancaq cəhd olaraq da qaldı. Heydər Əliyev ümidsiz xəstəliyə düçar olan Nəcəf Nəcəfovu müalicəyə göndərdi. Əbülfəz Elçibəyin ağır günlərində müalicə üçün hər şeyə hazır olduğunu bəyan etdi. Öldükdən sonra cəbhəçilərin kəskin etiraz çığırtılarına baxmayaraq, tabutun başında durmaqla yeni siyasi mədəniyyətin əsasını qoymaq istədi. Əlbəttə, cəbhəçiləri həbsə salması tənqid oluna bilər, Azərbaycanı idarə etməsi metodunun yanlışlığı-doğruluğu mübahisə doğura bilər, fəqət içi mən qarışıq Heydər Əliyevin siyasət fəlsəfəsini qəbul etməyənlərin çoxu hansı niyyətlə edilmiş olsa belə, bu cür addım qarşısında istər-istəməz əks qütbdə olan siyasətçiyə qarşı insani münasibətini dəyişirsən. Siyasətdə uğurlu-uğursuz çox işlər görülə bilər, insanların yaddaşında yer tutan isə ilk öncə cəmiyyətə mədəniyyət aşılaya biləcək insani addımlardır. İçi mən qarışıq bizlər eyni addımı Heydər Əliyev rəhmətə gedəndə ata bilmədik. Yəni insanlığımızı kinimizin üzərinə çıxara bilmədik. Əminəm ki, Əbülfəz bəy bizlərdən fərqli olaraq, öz xarakterinə uyğun eyni insani addımları atardı. Necə ki, Vəzirovun Moskvadan gəlib anasının yasında iştirak etməsinə prezident kimi şəxsən hər cür köməklik göstərmişdi.

İllər keçsə də, nələrin dəyişib-dəyişmədiyini görmək üçün bir neçə epizodu gözdən keçirmək yetərlidir. 2009-cu ildə referendum yolu ilə Konstitusiyaya əlavə və düzəlişlər edilib. Əvvəllər prezident olmuş şəxslərin təminatı barədə müddəa artıq iki ildir Konstitusiyaya salınıb. Siyasi mədəniyyətin yoxluğu imkan vermir ki, bu barədə qanun qəbul olunsun və Azərbaycanın qısa dönəmdə olmuş olsa da, prezidentləri olan Mütəllibov və Elçibəyin statusları tanınsın. Bu, hər şeydən öncə insani addımlardır. Biri mühacirətdə siyasi deyil, ancaq vətənə dönüb yaşamaq iddiasında, o biri isə Allahın rəhmətinə qovuşmuş...

Hər dəfə tarixə dönüşümdə nədənsə Ərdəbildən gələn Şah İsmayılın babası Şeyx Cüneydin həlakının səbəbkarı olaraq gördüyü Şirvan hökmdarı olmuş Fərrux Yasarın atası I Xəlilullahın sümüklərini qızılbaş sərkərdəsi Xadim bəy Xüləfanın qəbirdən çıxarıb yandırmasını soyuqqanlılıqla müşahidə etdiyini tez-tez acı kədərlə xatırlayıram. Tarixi­mizdə hökmdar kimi xidmətləri və zərərləri olmuş, Azərbaycan türkcəsinə qan verən möhtəşəm bir şairin və məzhəb ideologiyası virusunun yayıcısı olan bir təriqət şeyxinin bəraət verilməsi mümkün olmayan bu hərəkəti tariximizin acı bir yaddaş hadisəsidir. Bəlkə də günümüzün siyasi mədəniyyətsizliyinin kökünü buradan qazıyıb çıxarmaq lazım.

YAP-ın icra katibinin anası rəhmətə getmiş. Gözüm aradı ki, siyasi bir partiyanın, həm də hakim partiyanın əsas rəhbərlərindən birinin acı günündə tabular sındırılacaq və addım atılacaq. Yəni müxalifətdə olan tanınmış simalar gəlib bir çay içib başsağlığı verib gedəcəklər. Toyları anlayırsan - çağırmasalar getmək doğru alınmaz. Yasa ki çağırmırlar. Bu addımı “yeni azərbaycanlılar” da əksər hallarda atmırlar, həm də nəinki müxalifətə qarşı, elə özlərinin vurulmuş sayılan üzvlərinə də qarşı. Ancaq əvvəl-axır siyasi mədəniyyətin bu boşluğunu doldurmaq üçün kimlərsə bu addımı atmalıdır.

Heç uzağa getməyin, keçmiş baş prokurorlardan birinin anası rəhmətə getmiş. Hüzr yerində dövlət ərkanından əksəriyyəti yox. Birdən-birə eşidəndə ki, ora həmin vaxt ARDNŞ-ın vitse-prezidenti olan İlham Əliyev baş çəkmiş, hamının axını başlamış. İlham Əliyev özünə aid olan insanlığı göstərmiş. Bəlkə elə hər kəs sadəcə özünə aid olan insanlığı göstərmiş olsa, siyasi mədəniyyətin əlamətləri bizdə də qabarıq görünər. Rəfail Allahverdiyevə münasibətim müsbət olmayıb, ancaq hüzr məclisində iştirak edərkən əvvəllər və illərlə münasibəti olanların gəlmədiyi dərhal sezilirdi. Hətta amansızlıq o səviyyədədir ki, hamısının Ulu Öndər dediyi Heydər Əliyevin dost olduğu adamlara münasibət də fərqləndirilmir. Eşitdiyimə görə, məmurların bəziləri vaxtilə qarşısında salamlaşmaq üçün sıra tutduqları qardaşı Cəlal Əliyevə belə salam verməkdən çəkinirlər.

Bu gün mövqe fərqliliyinə görə bir-birinə salam verməyən siyasətçilərlə doludur Azərbaycan. Şou müğənnilərinin də bir-birinə qızmar münasibəti bəlkə də buradan qaynaqlanır. Bunların içində mən də, sən də - hamımız varıq. Erməni liderləri ilə görüşən dövlət rəsmiləri indiyə qədər müxalifət liderləri ilə görüşməyə, hətta salamlaşmağa yaxın durmurlar. Hətta bəlkə də Şah İsmayılın Şirvanşah Xəlilullaha münasibətindən də kəskin bir barışmazlıq duyğusu var. Görmüsünüzmü ki, bir dəfə rəsmi səviyyədə bir müxalifət liderinin yubileyi təbrik edilsin? Yaxud müxalifətdən kimsə əks qütbdə olan siyasətçiyə və ya dövlət xadiminə yubiley təbriki göndərsin?

Ölkənin heç bir protokolunda müxalif siyasətçilər üçün yer nəzərdə tutulmamış. Barış­ma­zına, konstruktivinə, amerikançısına, rusçusuna baxmadan. Rəsmi bayramlara çoxu də­vət belə olunmurlar. Təsadüfən dəvət olunsalar da, gəlməyə cəsarət etmirlər. “Satıl­dı­lar!” deyib bağıracaq bəzi südəmər və ya təlxək köşə yazarlarının “vuvuzela”sından qor­xur­lar. Yaxşı ki, mətbuat dairələrində qismən bu cici-bacı oyunları aradan qalxmış. Am­ma siyasətdə hər tərəf bir-birinin gözünə batırmağa qamış əkib.

Nuh deyib, Peyğəmbər deməyənlər boşuna dən üyütməsinlər. Nuh elə Peyğəmbərdir! Təbiət enində-sonunda cilalayıb bizi öz mahiyyətimizə qaytaracaq.

Ərbakanın ölümündən başladım. Ölüm təkcə ölüləri deyil, diriləri də birləşdirir. Dirilər isə yaşadıqları cəmiyyətin canlı mədəniyyət daşıyıcılarıdır...

Hərəmiz öz SALAMımızı verək. Almayanların boynuna yazılacaq GÜNAH...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı