Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə “Sovetski” adlanan ərazidə çəkilməsi nəzərdə tutulan yolun üzərinə düşən iki məscidin danışıqlar yolu ilə sökülməsi barədə məlumatlara münasibət bildirib.
Trend-in məlumatına görə, A.Paşazadə ümumiyyətlə məscidlərin sökülməsinə tərəfdar olmadığını bildirib:
“Sökülməsi nəzərdə tutulan məscidlərin heç biri bizim qeydiyyatımızdan keçməyib. Mən o məscidlərin yerini də tanımıram. Söhbət ümumiyyətlə məscidlərin sökülməsindən gedirsə, mən bunun tərəfdarı deyiləm, ancaq elə şeylər var ki, xalq üçün əhəmiyyətli işlər görülərsə, məsələn, yol çəkilərsə, danışıqlar yolu ilə bu işlər həyata keçirilə bilər”.
A.Paşazadə işğal altındakı dini obyektlərdə də danışıb. O deyib ki, ermənilərin işğal etdikləri Şuşa şəhərindəki Gövhərağa məscidində bərpa işlərinin aparılması təxribat xarakteri daşıyır.
A.Paşazadə qeyd edib ki, məscidi əqidəyə görə bərpa edərlər: “Ermənilərin isə əqidəsi yoxdur".
QMİ sədri bildirib ki, bu məsələ MDB Dinlərarası Şurasında Moskva və bütün Rusiyanın Patriarxı II Kirill və bütün ermənilərin katalikosu II Qareginlə müzakirə olunacaq: “Bizim üçtərəfli görüşümüzü təşkil etmək üçün xüsusi komissiya yaradılıb, işlər gedir”.
Modern.az