Dünyanın ən nüfuzlu illik qastronomiya reytinqlərindən biri olan “The World's 50 Best Restaurants” siyahısı açıqlanıb. 2026-cı ilin ən yaxşı restoranı İspaniyada fəaliyyət göstərən Asador Etxebarri seçilib.
Modern.az xəbər verir ki, reytinqə açıq odda yemək hazırlamaq ustalığı ilə tanınan İspaniya restoranından tutmuş Banqkok və Kopenhagendəki qeyri-adi qastronomik məkanlara qədər müxtəlif restoranlar daxil edilib. Siyahıda hətta gizli pendir mağarası olan restoran da yer alıb.
Dünyanın ən yaxşı 10 restoranı:
1. Asador Etxebarri – Atxondo, İspaniya
2026-cı ilin dünyanın ən yaxşı restoranı seçilən Asador Etxebarri sakit Bask kəndində yerləşir. Aşpaz və restoranın sahibi Viktor Arqinzoniz açıq odda yemək hazırlamaq sənətinə xüsusi diqqət yetirir.
14 yeməkdən ibarət dequstasiya menyusunda yüksək keyfiyyətli məhsullar və qril texnikası ilə hazırlanmış xüsusi təamlar təqdim olunur.
2. Gaggan – Banqkok, Tailand
Gaggan hind mətbəxini müasir kulinariya texnologiyaları ilə yenidən təqdim edir. Menyuda hind, fransız, tailand və yapon mətbəxlərinin elementləri birləşdirilir.
Restoran yeməklərin qeyri-adi təqdimatı ilə tanınır. Bəzi təamlar emoji işarələri ilə təqdim olunur və qonaqlardan yeməkləri əlləri ilə yemək, hətta boşqabı yalamaq tələb oluna bilər.
3. Alchemist – Kopenhagen, Danimarka
Alchemist ənənəvi restoran anlayışından kənara çıxan eksperimental məkandır. Burada qonaqlara adi yemək mərhələləri əvəzinə bir neçə hissəyə bölünmüş 50 fərqli “təcrübə” təqdim olunur.
Bir neçə saat davam edən bu multisensor səyahət zamanı qonaqlar müxtəlif incəsənət nümunələri, qeyri-adi məkanlar və kulinariya təcrübələri ilə tanış olurlar.
4. Quintonil – Mexiko, Meksika
Quintonil 2026-cı ildə Latın Amerikasının ən yaxşı restoranı da seçilib.
Burada ənənəvi Meksika dadları yaradıcı yanaşma ilə birləşdirilir. Menyuda meyvə və çili bibərindən hazırlanan sousla təqdim olunan qızardılmış ördək, baldan hazırlanan dondurma var.
5. Wing – Honkonq
Wing restoranı Çin mətbəxinin müxtəlif istiqamətlərini təqdim edir.
Menyuda 80 dəfədən çox təkmilləşdirilmiş xırtıldayan Kanton toyuğu, şəkər qamışı ilə hisə verilmiş göyərçin əti və xırtıldayan xəmirə bükülmüş dəniz xiyarından hazırlanan yeməklər var.
Yeməyin sonunda qonaqlara manqo, quava və digər tropik meyvələrdən ibarət xüsusi meyvə arabası təqdim olunur.
6. The Chairman – Honkonq
Asiyanın aparıcı restoranlarından biri hesab olunan The Chairman ənənəvi Çin mətbəxini müəllif yanaşması ilə birləşdirir.
Restoranın xüsusi təamları arasında istridyə və çili bibəri ilə hazırlanan xırtıldayan yumurta da var. Burada əsas diqqət nümayişkaranə təqdimata deyil, yeməyin keyfiyyətinə və dadına yönəldilir.
7. Kjolle – Lima, Peru
Kjolle restoranının yeməkləri parlaq rəngləri və qeyri-adi görünüşü ilə seçilir.
Dequstasiya menyusunun diqqətçəkən təamları arasında Braziliya qozu ilə təqdim olunan dəniz daraqları və dəniz kirpisi, həmçinin qarğıdalı ilə hazırlanan mal əti qabırğaları var.
Restoranın interyeri də Peru sənətkarlıq ənənələrini əks etdirir.
8. Kadeau – Kopenhagen, Danimarka
Kadeau təbiətlə əlaqəni qorumağa çalışan restorandır. Aşpazlar yeməklərin hazırlanmasında fermentasiya üsulundan və özlərinin topladıqları yabanı bitkilərdən istifadə edirlər.
Restoranın kiçik və rahat zalında Skandinaviya üslubu ilə Yapon dizaynının sakit elementləri birləşdirilib.
9. DiverXO – Madrid, İspaniya
Madridin ən innovativ restoranlarından biri olan DiverXO aşpaz Dabiz Munyosun avanqard kulinariya yanaşması ilə tanınır.
“Michelin” bələdçisinə görə üç ulduza sahib olan aşpaz yemək hazırlamaqda qeyri-ənənəvi üsulları ilə seçilir.
2023-cü ildə o, balıq sperması əsasında hazırlanan yeməyi menyuya əlavə etməyi düşündüyünü açıqladıqdan sonra gündəmə gəlmişdi.
10. Plenitude – Paris, Fransa
Plenitude LVMH qrupuna məxsus dəbdəbəli Cheval Blanc Paris hotelində yerləşir və Fransa qastronomiyasının zərifliyini təcəssüm etdirir.
Restoranın qonaqlarına qeyri-adi kulinariya proqramı təqdim olunur: əvvəlcə şərab zirzəmisinə baş çəkirlər, daha sonra mətbəxdə bir yeməyin dadına baxır, ardınca isə gizli pendir mağarasında başqa bir təamı sınaqdan keçirirlər.
Burada yüksək kulinariya sənəti ilə teatrallıq bir araya gəlir.