
Hər il dekabrın 10-dan 17-dək dünyanın hər yerindən minlərlə insan Türkiyənin Konya şəhərinə axışıb gəlir. Konya vaxtilə qədim Səlcuq dövlətinin paytaxtı olub. Buraya turistlər “fırlanan dərvişlərin” festivalını izləməyə, Cəlaləddin Ruminin (1207-1273) şeirlərini dinləməyə, Mövlanə ordeninin müxtəlif rəqslərini seyr etməyə toplaşırlar.
Bu rəqslərin banisi Cəlaləddin Ruminin məqbərəsi də Konyada yerləşir. Dahi şair və filosof Cəlaləddin Rumi öz əsərlərində hamını təbiəti dərk etməyə, elmlərə yiyələnməyə çağırırdı. Rumi hesab edirdi ki, insan yalnız fiziki və mənəvi təkmilləşmə yolu ilə həyatda düzgün mövqe tuta bilər.
O, bir tərəfdən deyirdi ki, ALLAHA məhəbbət formal mərasimlərin keçirilməsində deyil, digər tərəfdən də qeyd edirdi ki, yalnız meditativ rəqslər icra etməklə ALLAHA yaxınlaşmaq olar.
Rumi tərəfindən əsası qoyulmuş “Fırlanan dərvişlər” ordeni bu günədək dəyişilməz olaraq qalır. Ayin icra olunan zaman onun üzvləri xüsusi tərzdə rəqs edirlər. Onların hər bir hərəkəti müəyyən məna daşıyır. Dərvişlər rəqs meydanına ağ geyimdə daxil olurlar. Sadəcə, üzərlərinə qara örtük atırlar. Başlarında qırmızı rəngli uzun konusvari papaq olur. Sonda səhnəyə Şeyx çıxır. Bu zaman neyin sədaları altında xor dəstəsi sözləri Rumiyə məxsus qədim mahnı ifa edir. Dərvişlər qara örtüklərini ataraq fırlanmağa başlayırlar. Əyinlərində enli ağ ətək olur. Fırlandıqca ətək çətir kimi açılır. Sağ əllərini səmaya, sol əllərini isə yerə tuturlar .Bu o deməkdir ki, ALLAHDAN aldıqları xeyir-duanı, enerjini sol əlləri vasitəsilə yerə ötürürlər. Sonra əllərini qanad kimi açıb tez-tez fırlanırlar. Fırlana-fırlana zalı dövr edirlər. Sonda musiqi kəsiləndə dizi üstdə yerə otururlar.
Onların geyimləri mistik xüsusiyyət daşıyır. Papaqları uzun olub qəbir daşını, qara örtük məzarı, ağ ətək isə kəfəni xatırladır. Baş rəqqas Günəşi, digərləri isə ətrafında dolanan Ay və ulduzları simvolizə edir. Bir neçə saat fırlandıqdan sonra elə gəlir ki, artıq özləri yox, bütün dünya onların ətrafında fırlanır. Sonda ALLAHA yaxınlaşdıqlarını simvolizə edirlər. Bu mərasim 7 əsrdir ki, davam edir.
Dərvişlər və ya sufilər həmişə müsəlman asketlərinin və monaxlarının tərəfdarı olublar.
Sufilərin ilk geyimləri “hirki”, “sufi” adlanan qoyun dərisindən ibarət olub. Bəlkə sufizm sözü də elə buradan əmələ gəlib. Asketlər öz şagirdlərini düzgün yola çəkirdilər. Haqq, ədalət yoluna və ömürlərinin sonunadək ALLAHI unutmamağa çagırırdılar.
Sufi dərvişlərə müsəlman cəmiyyətinin bütün təbəqələrinin – kasıbdan varlıyadək, hər kəsin arasında rast gəlmək olurdu. Sufizm XI əsrdə geniş vüsət alıb. Sufilər bir şeyi istədikdə onu dönə-dönə təkrarlayırdılar. Onlar deyirdilər ki, əgər insan bir şey istəyərsə, ona mistik qüvvə yox, sonsuz istək yetişdirər. Mövlanə dərvişləri bir neçə saat fırlanandan sonra onlara elə gəlir ki, bütün dünya öz ətraflarında fırlanır, şüurun məkanı dəyişilir, yəni artıq onlar özlərini Dünyanın hər yerində, hətta digər planetlərdə belə hiss edirlər. Bax, budur fırlanmanın əsas məğzi.
A.Qorxmaz