İlk dəfə böyük dilənçi ordusuyla Səudiyyə Ərəbistanında olanda qarşılaşmışdım. Onların 70 %-i qoldan, ayaqdan şikəstlər idi. Demək olar ki, gözdən əlillərə rast gəlmədim. Barələrində o qədər də məlumatı olmayanlar onları əlil hesab edirdi. Hər addımbaşı sayı-hesabı bilinməyən əlil insanla qarşılaşdığım və onların bu azad fəaliyyətinə polis müdaxiləsinin olmadığını gördüyüm üçün jurnalist kimi maraqlanmağa, araşdırmağa başladım.
Dedilər ki bu şikəst dilənçilər bir neçə şeyxə xidmət göstərir. Yəni onlara ərəb şeyxləri “krışalıq” edir. Həm ümrə, həm də Həcc ziyarətini nəzərə alsaq, bu dilənçilər ilin 7-8 ayını Məkkəyə gətirilirlər. Mina vadisində (Burada şeytanı daşatma mərasimi icra olunur - L.S.) yol boyu düzülən dilənçilərin sayı ziyarətçilərin sayını belə, geridə qoyur. Səudiyyə Ərəbistanı zəngin ölkə olduğundan bu ölkədə nə kasıb tapmaq olar, nə də dilənçi. Elə gördüyüm o dilənçilərin digər yaxın, kasıb ərəb ölkələrdən cəlb olunduğunu söylədilər. Ən acınacaqlısı o idi ki, aralarında doğulan zamandan və ya kiçik yaşlarından valideynləri tərəfindən (Vaxtilə bu mövzuya yazılarımın birində toxunmuşdum - L.S.) qolu-ayağı sındırılanlar çoxluq təşkil edirdi. Çünki, bunun üçün valideynlər ərəb şeyxlərindən külli miqdarda pul alırmış. Ərəblərdən sonra ziyarətə gələnlər arasında sayca sıralamada Türkiyə, İran və İndoneziya vətəndaşları üstünlük təşkil edirdi. Şikəst dediyimiz bu dilənçilər də dilənərkən ölkəyə gələn zəvvarlara öz dillərində müraciət edirdi. Türklərə “əfəndim sadağa”, iranlılara “ağa nezir”, indoneziyalılara isə “bersedeka” deyə müraciət edib pul istəyirdilər...
Azərbaycan bir ildir may ayında Bakıda keçiriləcək “Avroviziya” Mahnı Müsabiqəsinə hazırlaşır. Ölkəyə minlərlə xarici turist gələcək. Yəqin ki, bu fürsəti bizim yerli qaraçılarımız, dilənçilərimiz heç vaxt qaçırmaq istəməz.
“Mani” (Money- L.S. ) deyib əl açıb üzdən- geyimdən bizə oxşamayan avropalıların üstünə qaçacaqlar. Əlbət ərəb dilənçiləri kimi hər xalqın öz dilində - ingilislərə “ser mani”, fransıza “müsyo mani”, almana və digərlərinə də “mister mani-mani” deyib şalvar və şortiklərinin ətəyindən yapışacaqlar. DİN-in səlahiyyətlisi açıqlamasında deyib ki, həmin ərəfədə dilənçilərə imkan verməyəcəyik ki, dilənçilik edib bizim adımıza xələl gətirsinlər. Maraqlıdır, görəsən, bu qədər qaraçı, dilənçi orudusunu harada gizlədəcəklər? Amma nazirlik sözcüsü bu barədə heç nə söyləməyib.
...Bizimkilərin ərəb dilənçilərindən fərqi var. Məsələn, onlara ərəb şeyxləri day-daylıq edir, bizimkilərə bəzi küçə polisləri. Yəni şikəst dilənçilər xaric, dilənən qaraçılardan “dolya”larını alıb buraxan çiyni paqonlular da az deyil. Səudiyyə Ərəbistanın da nefti var, Azərbaycanın da. Amma o ölkədə savadlı, təhsilli, vaxtilə müəllim, professor işləmiş, öz kitabını satıb çörəkpulu qazanan dilənçi, bomjlar, şairlər yoxdur, bizdə isə bu kimilərin sayı çoxdur. Ərəb dilənçiləri kefdən, bizimkilər isə açlıqdan dilənir. Onların dilənçiləri sahibləri tərəfindən gündə 2 dəfə yeməklə təmin olunur, yəni qazandıqları dilənçi payından “obed” pulları çıxılır, bizimkilər isə diləndikləri pula gündə 1 dəfə güclə qarın doydura bilirlər... Bax, budur, iki neft ölkəsininin dilənçilərinin fərqi..
P.S. 1998-ci ilin qış aylarında əslən kürd olan türkiyəli tələbə yoldaşımla dərsdən çıxıb dayanacağa tərəf gedəndə 10-11 yaşlarında bir qız uşağı bizə tərəf gəldi və anlamadığım bir ifadə işlətdi. Tələbə yoldaşım ona o zamanlar dilənçilər üçün yüksək məbləğ hesab olunan 5 manat pul verdi və ayaqüstü nəysə pıçıldadı. Soruşdum, cavab verdi ki, o uşaq ona kürdcə müraciət edərək pul istədi, o da verdi. Əlavə də edib ki, daha dilənmə, get evinizə, bizə dilənmək yaraşmır...
P.S.S. Xalam deyirdi ki, birinci Qarabağ müharibəsi zamanı iş yoldaşının oğlu əsgəri xidmətə çağrılır. Uşağın atası niyyət edir ki, oğlu sağ-salamat evə dönən günə kimi dilənəcək. İki il sonra uşaq sağ-salamat gəlib çıxır. Aradan bir müddət keçir. Xalam uşağın atasını metronun “Koroğlu” (indiki “Əzizbəyov” - L.S.) stansiyasının keçidinin yanında dilənən görür. Sual verir ki, oğlun sağ-salamat gəlib evə, indi niyə dilənirsən. Kişi cavab verib ki, vallah iki ildir bu dilənçiliyə elə öyrəşib ki, həyatının bir parçasına çevrilib, ayrıla bilmir, qazancı da yaxşıdır, bu dilənçilik çox gözəl peşəymiş...