|
|
Modern.az valideynlərin istəyi ilə seçilən ixtisasların sonradan hansı fəsadlara gətirib çıxaracağı barədə mütəxəssislərin fikrini öyrənib.
Sabiq təhsil naziri Firudin Cəlilov hesab edir ki, bu seçimdə bütün məsuliyyət valideynlərin üzərinə düşür: “Valideyn uşağa məsləhət verməli, yol göstərməlidir. Amma heç bir məcburiyyət olmamalıdır. Çünki indiki gənclər bizim dövrdəki uşaqlardan çox-çox irəlidədirlər. Onlar daha çox dünyagörüşlüdürlər. Buna görə də valideynlər uşaqlara sərbəstlik verməli, hansı peşəni seçməsi ilə bağlı yol göstərməlidirlər”. Müəllimlərin də bu sahədə öhdəliklərinin az olmadığını deyən ekspert onların bu işdə payının çox olmasını vacib sayır. Onun sözlərinə görə, müəllimlər şagirdin bilik səviyyəsini daha yaxşı bilirlər. Odur ki, müəllimlərin bu sahədə uşaqları yönləndirmələri daha vacibdir: “Valideynlərlə yanşı müəllimlər də ixtisas seçimində uşaqları istiqamətləndirməlidir. Onların biliyi, gücü hansı ixtisasa çatırsa o fənn üzrə biliyə yiyələnsə daha yaxşıdır. Ailə ilə məktəb bu işdə əlaqəli şəkildə işləməlidir. Müəllimlər uşaqlardan çox valideynlərlə məsləhətləşməlidirlər. Çünki pedaqoq uşağın nəyə qadir olduğunu valideyndən daha yaxşı bilir. Uşaq istəmədiyi peşədə oxuyanda bir-iki ildən sonra onun üçün maraqsız olur. Hətta elə adamlar tanıyıram ki, onlar universiteti yarımçıq qoyurlar. İxtisasını dəyişmək istəyənlər də sonradan müəyyən çətinliklərlə üzləşirlər”.
Azərbaycan Pedoqoji Universitetinin pedoqoji fakültənin dekanı Fərrux Rüstəmov isə deyir ki, məcburi ixtisas seçimi sonradan neqativ halların yaranmasına gətirib çıxarır. Burada isə həm valideyin, həm uşaq, həm də dövlət itirir: “Hər bir şagirdin daxili imkanları nəyə çatırsa, valideyn də müəllim də uşağı həmin yönə istiqamətləndirməlidir. Çünki bir şeyə yararlılıq anlamı var. Əgər həmin uşaq valideynin istəyi ilə bir peşəni seçirsə, uşaq orda özünü tapa bilmir. Sonradan isə onların həyatında neqativ hallara gətirib çıxarır. Burada həm dövlət, həm valideyn, həm də uşaq itirir. Uşaq ali məktəbi bitirdikdən sonra diplomu valdeyninə verir və özü isə həvəsində olduğu sahəyə meyillənir. Ən azından şagirdlər istiqamətləndirilməlidir. İxtisas seçimində onları başlı-başına da buraxmaq düzgün deyil. Seçimi özü etməlidir. Hazırda seçim daha çox madiyyata görə edilir. Hansı ki, valideyn sonradan övladının daha yaxşı məvacib alacağını nəzərdə tutub onu istiqamətləndirir. Amma indi dövlət qulluğuna qəbul imtahanları da bu sahədə vəziyyəti bir az da olsa dəyişib. Odur ki, məktəblərdə münasibətlər düzgün qurulmalıdır. Məsələn, əvvəllər məktəblərdə, peşə seçimi mərkəzləri var idi ki, orada bu məsələ ilə məşğul olurdular. Amma indi bu məsələni valdeynin, müəllimin üzərinə atırlar. Axı valideynlər də on-on beş il bundan sonra Azərbaycanda hansı peşələrə tələbat olacağını deyə bilməz. Valdeynin təzyiqi ilə peşə seçən uşaqlar sonradan peşman olurlar. Xoşbxtliyin meyarları sevdiyin insanla ailə qurmaq və sevdiyin peşənin sahibi olmaqdır. Belə insanlar həmişə xoşbəxt olurlar”.
Əməkdar müəllimə, Kurikulum Portalının veb masteri Almaz Həsrət valideynlərin ixtisas seçimində övladlarının istəyinə zidd getmələrinin ölkədə kütləvi biliksizlər ordusunun yaranmasına səbəb olduğunu deyir: “ Ümumiyyətlə son zamanlar valideynlər övladlarını ali təhsil almağa məcbur edirlər. Məzunların hamısının mütləq ali məktəblərə sənəd vermələri çox da mühüm deyil. Gərək yalnız özünə tam inamı olan və həqiqətən də ali təhsil almaq istəyənlər sənədlərini hazırlayıb qəbul imtahanına getsinlər. Qəbul olunanların içərisində mən yalnız qarşısında həqiqətən də elmi biliklərini davam etdirmək istəyini məqsəd qoyan abituriyentlərin olmasını istərdim. Kütləvi olaraq abituriyentlərin hamısının qəbul imtahanlarına qoşulması və sonda da təhsil aldıqları məktəblərin müvəffəqiyyət və keyfiyyət faizinin aşağı düşməsi elə bunun nəticəsidir. Fikrimcə, vətənimizə sayı çox olan ali diplomlular ordusu deyil, həqiqi biliyi və müasir dünyagörüşü olan vətənpərvər vətəndaşlar lazımdır. Mən o qədər “diplomlu” ali məktəb məzunları görmüşəm ki, onların savadı orta məktəblinin savadından qat-qat aşağıdır”. İxtisas seçimində valideynlərin istəklərinin böyük rol oynadığını deyən əməkdar müəllimə bu istəyin sonradan problemlərə yol açdığını deyir . Onun sölərinə görə, valideynin seçimi ilə əldə olunan sənət və ya peşəni sonradan övlad həyatda reallaşdıra bilmir: “Çünki həmin sənəti istəməyərəkdən oxuyur. Cəmiyyətdə kütləvi olaraq biliksizlər ordusu yaranır. Ona görədir ki, səhiyyə sistemində valideynləri həkim olanlar istəməyərəkdən bu sahənin ən zəif və bacarıqsız bir mütəxəssisinə çevrilir. Məhz ona görə də xəstəliklərin müalicəsi üçün artıq xarici ölkələrə axın çoxalıb. Niyə...? Yenə də onu söyləmək lazımdır ki, təhsil alan zaman və sonda peşənin seçimində valideyn öz istək və maraqlarına uyğun övladını oxutdurur. Sonda təbii ki, biliksiz, bacarıqsız bir peşə sahibləri ordusu yaranır. Bütün bunların qarşısının alınmasında sənət, peşə seçimini övladların öz ixtiyarına vermək lazımdır. Çünki ömrünün çox hissəsini insan seçdiyi peşəsinin uğur və nailiyyətləri ilə bərabər keçirir. Belə olan halda sağlam, bacarıqlı, savadlı və ümidli gələcək də olar”.