Bir neçə gün öncə Modern.az-da qələm dostum Seymur Verdizadənin “Qızım Cəbrayıla getmək istəyir...” adlı yazısına rast gəldim. Oxuyub xeyli təsirləndim. Seymurun həmin duyğusal yazısında 7 yaşlı qızı Xədicəyə tut yığmasından bəhs olunur. Və nə qədər qəribə olsa da, tutun dadı xoşuna gəlməyib qızcığazın, atasının ağacdan min bir əziyyətlə dərdiyi tutları bəyənməyib.
Amma yazıdan aydın olur ki, əslinə qalanda tut Seymurun da xoşuma gəlməyibmiş: “Dənələr iri olsa da, uşaq vaxtı yediyim tutun dadını vermirdi. Qeyri-ixtiyari olaraq, doğma kəndimizi xatırladım. Həyətimizdə iri bir tut ağacı vardı. Ən azı bir ay biz də, qonşular da onun barını yeyib qurtara bilmirdik. Tutdan bal damırdı. Yəqin ki, ermənilər həmin ağacı kəsiblər. Ya da quruyub. Mən doğma tut ağacımızın düşmənin ağzını dada gətirməsinə inanmıram...”.
Əlbəttə, Bakıda yediyi tut Seymurun xoşuna gəlməzdi. Axı onun Cəbrayılda yediyi tutla, burada yediyi tut arasında yerlə göy qədər fərq var. Seymur Cəbrayılda doğulub, boya-başa çatıb deyə, tutların fərqini asanlıqla ayırd eləməsi qəribə deyil. Bəs balaca Xədicə? O ki, Bakıda dünyaya göz açıb, Cəbrayılı bircə dəfə də olsun görməyib. Cəbrayıl haqqında bəlkə atasının danışdıqlarından nələrsə yadında qalmış olar...
...Ötən həftə mən də sonbeşiyimiz, balaca Səidlə əslən Cəbrayıldan olan tələbəlik dostum Əfqanın Novxanıdakı bağına tut yeməyə getmişdim. Əslində dəvəti dostum özü eləmişdi. Bağda bir-birindən fərqli iki-üç tut ağacı vardı. Hərəsindən bir az daddıq, insaf naminə pis tut deyildi. Amma Səid tutlara o qədər də əhəmiyyət vermədi. “Sən niyə tut yemirsən” soruşanda qulağıma “ata, Əfqan əmi bilməsin, ayıbdır, bizim kəndimizdəki tutlar bundan dadlıdır” dedi. Oğlum haqlı idi. Doğrudan da kəndimizdə öz əllərimlə əkdiyim ağ və qara tutun daı başqa aləm idi. “Ata nə olar, məni rayona-kəndimizə apar da, həm babamı, nənəmi görərəm, həm də tut yeyərəm” – Səid mənə yalvarır, dil boğaza qoymurdu. Əslində kəndə getmək mənim də öz ürəyimcədir. Anam da hər dəfə telefonla danışanda məni məzəmmət edir: “haçandır üzünü görmürəm, həmişə gələcəm deyirsən, gözüm yollarda qalıb”.
Anam üzdə biruzə verməsə də, ürəyində bəlkə də inciyir məndən. Haqqı da var inciməyə. Ancaq mən neyləyim ki, rayonumuza gedə bilmirəm. Anamın da, Səidin də yanında günahkar olduğumu bilirəm. Bizim rayonumuz Cəbrayıl kimi işğal altda olmasa da, vaxtım və başlıcası, imkanım olmur ki, o doğma yerləri ziyarət eləyim. Kəndimizə getməyim xaricə getmək qədər çətin görünür mənə. Problemlər, qayğılar o qədər artıb ki... Axı mən bunları anama necə deyim?
Ürəyimsə Yardımlıya getməkdən ötrü hər gün neçə dəfə atlanır. Göy soğanı anamın bişirdiyi isti təndir çörəyinə dolayıb motal pendiri ilə yeməkdən. dağlar qoynunda qərar tutan Yardımlının füsunkar təbiətini, doğmalarımı, qonaqpərvər, mehriban insanlarını ziyarət etməkdən ötrü burnumun ucu göynəyir.
Yardımlının həqiqətən də görməli-gəzməli yer olduğu vaxtilə mərhum şairimiz Xəlil Rza Ulutürkün də diqqətindən yayınmayıb:
Kimdir ucqar deyib bizi sızladan?
Biz ki, hüdudsuzuq yerlə, göy kimi.
Bağlanmış yolları Təbrizə çatan
Bir əli dənizdən-dənizə çatan
Yardımlı Vətənin ortasıdır ki...
P.S. Oğlum Yardımlıya çox getmək istəyir. Mən də ona kişi kimi söz vermişəm ki, bir həftədən sonra Yardımlıda olacağıq. Dünəndə elə bu ovqatla dostlara Seymurun yazısınadan danışırdım. Dostlarla birgə Səid də mənim danışdıqlarıma qulaq asırdı. Evə gedəndə Səid mənə utana-utana “ata bəlkə Seymur əmi ilə qızını da Yardımlıya aparaq, tut yeməyə” dedi. Uşaqda həssaslığa fikir verin, bu dəfə də Səid məni təsirləndirdi. Hə, Seymur, nə deyirsən, Yardımlıya gedəkmi, tut yeməyə? Biz gedənə həyətimizdəki tutlarda yetişmiş olar...