Bakıda “Avroviziya” mahnı yarışması keçirilən günlərdə yağış yağarkən yeni
istifadəyə verilmiş “Kristal” zalın damında azacıq su buraxma müşahidə
edilmişdi. Təbii ki, bu qədər böyük bir abidənin belə qısa müddətdə ərsəyə
gətirilməsi hansısa səhvə yol verilməsini mümkün edirdi və şükürlər olsun
ki, həmin səhv də məhz bu su buraxma olayı olmuşdu. Müvafiq xidmətlər də
problemi o qədər qısa müddətdə aradan qaldırmışdılar ki, məsələ heç olmamış
kimi qapanmışdı. Ancaq Facebook sosial şəbəkəsində bununla bağlı qısa da
olsa müzakirələr getmişdi. Bəlli kəsimə aid olan dostlarımızdan biri hətta
qarğış da eləmişdi: “Görüm final günü elə bir leysan yağsın ki, ümumiyyətlə
bu yarışma iflas etsin”.
Həmin dostumuzla mükaliməyə girib niyə belə qarğış etdiyini soruşanda cavab
vermişdi: “Qoy Azərbaycan hakimiyyəti biabır olsun”.
İzah etməyə çalışdım ki, olan hakimiyyətdən daha çox Azərbaycan dövlətinə
olacaq və belə bir qarğış, əslində, Azərbaycan dövlətçiliyinə qarşı
yönəlib. Demək istəyirdim ki, müxalifətçiliyin də bir həddi, bir çərçivəsi
var. Ancaq, anlaşılan, buna nail ola bilmədim...
İndi də Heydər Əliyev Mərkəzinin yanma olayı baş verib. Bu mərkəz doğrudan
da Bakının yeni simvollarından biridir və istənilən əcnəbinin heyrətinə
səbəb olacaq bir tikilidir. Əlbəttə, onu bu gün hakimiyyətdə olanlar
tikdiriblər və buna görə onlara çox sağ ol demək lazımdır. Yəni bunu
tikdirənlər özləri üçün deyil, məhz Azərbaycan üçün belə möhtəşəm bir
abidəni ucaldıblar.
Yanğın baş verən anlarda yenə də sosial şəbəkələrdə bir gəzişmə etdim.
Əvvəlcə öz divarımda Türkiyədən olan dostlarımın fikirlərini oxudum. Hamısı
birmənalı idi: “Çox üzüldük, keçmiş olsun”. Və ya “Tanrı Azərbaycanı daha
böyük bəlalardan qorusun”. Qardaş ölkədəki dostlarımız bu yanğın olayının
məhz Azərbaycan üçün zərərli olduğunu sorğu-sualsız anlamışdılar və təbii
ki, buna bizim qədər üzülmüşdülər.
Ancaq... ancaq bizim hər zamankı “kəskin fikirlilər”imiz öz dediklərini
deməkdəydilər. Daha nələr yazmırdılar sosial şəbəkələrdə! “Əcəb oldu!”,
“Yaxşı oldu!”, “Görüm bundan da betər günə qalasınız!”, “Hələ daha böyük
yanğınlarınız qabaqdadır!” və s. Heyrət və şok içindəydim! Heç şübhəsiz ki,
bu olaya qonşu Ermənistanda çırtma çalıb oynayanlar da vardı. Ancaq tam da
Bakının ortasında, Azərbaycanlı olan kəslər buna belə reaksiya verirdilər.
Və iddia da edirdilər ki, bunların problemi iqtidarladır.
Düzü, deməyə söz tapmıram. Sabah, Allah eləməmiş, Bakının yarısı da alışıb
yansa bunlar beləmi sevinəcəklər?! Anlaşılan odur ki, sevinəcəklər.
Ötənlərdə bir də İranda həbs edilən şairlərimiz Fərid Hüseyn və Şəhriyar
Hacızadə ilə bağlı fikirlərimizi açıqlamışdıq. Sual edirdik ki,
“Avroviziya” günlərində az qala bütün dünyanı üstümüzə qaldıranlar nədən
İranın iki gəncimizi həbs etməsinə belə biganə yanaşırlar? Məgər bu
gənclərin haqları insan haqları deyilmi və İran adlı dövlət onları
aldadaraq və günahsız yerə həbs etməklə insan haqlarını pozmurmu?
Cavab özünü çox gözlətmədi. Məlum kampaniyaçılar bu yazıma çox tez reaksiya
verdilər. Təbii ki, birbaşa deyil, dolayısı ilə. Bəyanat verdilər, ingilis
dilinə çevirib dünyaya yaydılar. Diqqətlə oxudum bəyanatı. Yazırdılar ki,
İranın bizim şairlərimizi həbs etməsinin əsas səbəbkarı Azərbaycan
hakimiyyətidir! Bu da bir şok olayı idi! Molla rejiminin iki Azərbaycan
vətəndaşını tutuqlaması olayı da beləliklə kampaniyaçılarımız tərəfindən
Azərbaycan hakimiyyətinin ayağına yazıldı!
Bu olayların heç birinə şərh vermək istəməzdim. Yalnız daha bir məqamın
üzərində dayanmaqla yazını bitirmək istərdim. İModern.az saytında
“Haradasınız, ay kampaniyaçılar?” adlı yazımın altına Gündüz adlı bir oxucu
belə bir şərh yazmışdı: “Təklif var ki, Azər müəllim “Yeni Azərbaycan”
qəzetində köşə yazarı olsun. Yoxsa olub artıq?))” Əlavə şərh vermədən ona
yazdığım cavabı təqdim edirəm:
“Gündüz bəy, vallah, böyük həvəslə orda da yazardım. Sadəcə qəbul etmirlər.
Ümumiyyətlə, yazacağım yazını olduğu kimi dərc edəcək istənilən qəzetdə
yazmağa hazıram. Təki onlar mənim yazılarımı müdaxiləsiz dərc etməyə razı olsunlar”.