İmtahan marafonu başa çatıb, minlərlə abituriyent universitetə qəbul olaraq tələbə adını qazanıb. Beləliklə, illərdir valideynlər tərəfindən verilən “universitetə qəbul ol, sənə telefon alacağıq” kimi vədlərin yerinə yetirilməsi zamanı da gəlib çatıb. Artıq telefon və elektronika mağazalarında tələbə və valideynlərin hərəkətliliyi nəzərəçarpacaq dərəcədə artıb.
Bəs bu dövrdə ən çox hansı smartfon modellərinə və elektron cihazlara tələbat yaranır? Satışlar həqiqətən digər aylara nisbətən kəskin artırmı və mağazalarda dövriyyə nə qədər dəyişir? Şirkətlər tələbələr üçün xüsusi kampaniyalar və endirimlər təklif edirmi?
Modern.az elektronik məhsul satış mərkəzlərinin və satış təmsilçilərinin verdiyi məlumatlara əsasən xəbər verir ki, universitetlərə qəbul nəticələrinin açıqlanmasından sonra tələbələrin elektronika məhsullarına marağında nəzərəçarpacaq artım müşahidə olunur. Yeni tələbələr arasında xüsusilə iPad, iPhone və MacBook modellərinə üstünlük verilir. Bu məhsullar həm təhsil prosesində istifadə imkanlarına, həm də tələbələrin gündəlik ehtiyaclarına uyğunluğuna görə daha çox seçilən cihazlar sırasında yer alır.
Mağazalar yeni qəbul olunan tələbələr üçün xüsusi kampaniyaların da həyata keçirildiyini bildirib. Kampaniya çərçivəsində müəyyən məhsullar alan tələbələrə 20W Power Adapter, anti-zərbə ekran qoruyucusu və MagSafe Case kimi hədiyyələr təqdim olunur. Bu cür kampaniyaların əsas məqsədi yeni tələbələrin elektronika alışına olan marağını artırmaq və universitetə başlayan gənclər üçün əlavə üstünlüklər yaratmaqdır.
Satışlarla bağlı suala cavab olaraq isə qəbul nəticələrinin açıqlanması və yeni tədris ilinin yaxınlaşmasının satışlara müsbət təsir göstərdiyi bildirilib. Bu dövrdə satışlarda artım qeydə alınır və göstəricilər adi dövrlə müqayisədə xeyli yaxşılaşır. Beləliklə, universitetə qəbul yalnız abituriyentlər üçün yeni mərhələnin başlanğıcı deyil, həm də elektronika bazarında canlanmanın müşahidə olunduğu dövrə çevrilir.
Nicat Rüstəm