Samux Rayon İcra Hakimiyyətində yeni tədris ilinin başlanması münasibətilə şəhid övladları ilə görüş keçirilib.
Modern.az xəbər verir ki, görüşdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, şəhid ailələrinin üzvləri, şəhid övladları və icra hakimiyyətinin əməkdaşları iştirak ediblər.
Firdovsi Əliyev şəhid övladlarını yeni tədris ilinin başlanması münasibətilə təbrik edərək onlara təhsildə uğurlar və yüksək nailiyyətlər arzulayıb.
Rayon rəhbəri Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını bildirib. Onların qəhrəmanlığının və fədakarlığının gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsi olduğunu vurğulayıb.
Qeyd olunub ki, şəhid övladlarının yüksək təhsil alması, hərtərəfli inkişaf etməsi və cəmiyyətə layiqli vətəndaş kimi yetişməsi dövlətin diqqət mərkəzindədir.
Görüş zamanı şəhid övladlarının təhsil və gələcək planları ilə maraqlanan Firdovsi Əliyev onlara yaxşı oxumağı, savadlı və vətənpərvər olmağı, gələcəkdə Vətənə layiqli vətəndaş kimi xidmət etməyi tövsiyə edib.
Şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonda yeni tədris ili münasibətilə şəhid övladlarına Samux Rayon İcra Hakimiyyəti tərəfindən məktəbli formaları təqdim olunub.