Modern.az

Azərbaycanla Özbəkistan qardaşlığının sirri - danışan rəqəmlər

Azərbaycanla Özbəkistan qardaşlığının sirri - danışan rəqəmlər

Analitika

26 Avqust 2026, 10:52

Dünyada elə xalq cütlükləri var ki, onların yaxınlığı diplomatik protokollarla ölçülmür. Azərbaycanla Özbəkistan məhz belə bir cütlükdür. Bu iki xalq arasındakı bağ əsrlər boyu formalaşan ortaq kökdən, ortaq ruhdan gəlir. Bu gün həmin kökün üzərində qurulan müasir münasibətlər tarixin ən yüksək nöqtəsindədir və hər iki xalqın adi vətəndaşı bunu gündəlik həyatında hiss edir.

Diqqət edək, Azərbaycan-Özbəkistan elmi-ədəbi və mədəni əlaqələri çoxəsrlik tarixə malikdir. İbn Sina, Xarəzmi, Buxari və Uluqbəy kimi böyük Mərkəzi Asiya mütəfəkkirlərinin əsərləri qədim zamanlardan Azərbaycanda oxunub və dərin maraqla qarşılanıb. Eyni zamanda Nizami Gəncəvi, Xaqani, Nəsimi və Məhəmməd Füzulinin əsərləri Özbəkistanda həmişə sevilə-sevilə oxunub.

Bu qarşılıqlı ədəbi hörmətin ən gözəl simvolu Əlişir Nəvai fiqurudur. Özbək ədəbiyyatının əbədi rəmzi sayılan Nəvai, Şərq ədəbiyyatında Nizami Gəncəvidən sonrakı və Füzulidən əvvəlki dövrün ən böyük şairi hesab olunur. Təsadüfi deyil ki, o, məşhur "Xəmsə"sini məhz Nizami Gəncəvinin "Xəmsə"sindən ilhamlanaraq yazıb. Bu, iki xalqın ədəbi ənənəsinin bir-birindən qidalanan tək kök olduğunun ən bariz sübutudur.

Bu gün Bakının mərkəzində Əlişir Nəvainin adını daşıyan küçə və abidə, tarixi Daşkənddə isə Nizami Gəncəvinin adını daşıyan məkanlar var. Tək bu fakt  xalqların bir-birinin sözünə və mədəniyyətinə duyduğu dərin ehtiramın canlı təzahürüdür.

Azərbaycan və özbək xalqlarının yaxınlığının mənəvi əsasını ortaq türk mənşəyi, dil qohumluğu və islam dəyərləri təşkil edir. Toy adətlərindən yas mərasimlərinə, qonaqpərvərlik ənənəsindən ağsaqqal-ağbirçək hörmətinə qədər hər iki xalqın gündəlik həyat fəlsəfəsi eyni köklərdən bəslənir. Bu ruhi yaxınlıq elə güclüdür ki, Azərbaycanlı Özbəkistana, özbək isə Azərbaycana özünü "xarici ölkədə" yox, doğma bir məkanda hiss edir.

Diplomatik münasibətlər rəsmi olaraq 1995-ci il oktyabrın 2-də qurulsa da, xalqlar arasındakı dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Son illər isə bu mənəvi yaxınlıq dövlətlər səviyyəsində sistemli institusional çərçivəyə çevrilib.

İki ölkə arasında bu günə qədər 160-dan çox rəsmi sənəd imzalanıb, o cümlədən Strateji Tərəfdaşlığın Dərinləşdirilməsi və Hərtərəfli Əməkdaşlığın İnkişafına dair Bəyannamə ciddi sənədlər sırasındadır.  2025-ci il noyabrın 16-da Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycan "C5" formatına tamhüquqlu iştirakçı kimi qəbul edilib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bunu tarixi qərar adlandıraraq, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında daha güclü körpünün yaranacağını bildirib.

Bir neçə gün öncə Əbədi qardaşlıqla bağlı imzalamam sənəd dünyada hər hansı iki ölkə arasında analoqu olmayan sözləşmədir.

Prezidentlər qarşılıqlı ən yüksək dövlət təltifləri ilə təltif olunublar. Şavkat Mirziyoyev Azərbaycan Prezidentinə Özbəkistanın ali dərəcəli "Dostluq" ordenini, İlham Əliyev isə Özbəkistan dövlət başçısına "Heydər Əliyev" ordenini təqdim edib.

Bu münasibətlərin sürətli inkişafında hər iki dövlət başçısının şəxsi diplomatik fəallığı həlledici rol oynayır. Ümummilli Lider Heydər Əliyevin türk dünyasının birliyi istiqamətində başladığı siyasət bu gün Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə davam etdirilir.

Türk Dünyası Strateji Araşdırmalar Mərkəzinin (TARSAM) qeyd etdiyi kimi, İlham Əliyevin Özbəkistana səfərləri dövlət başçısı görüşündən daha çox, doğma qardaşın öz ocağını ziyarət etməsinə bənzəyir. Görüşlərdəki səmimiyyət və doğmalıq bunun sübutudur.

Ortad ciddi səmimiyyət var. Belə olanda bir kərpic divar, yüzlərlə rəsmi bəyanatdan daha çox danışır. 2023-cü ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri çərçivəsində işğaldan azad edilmiş Füzuli şəhərində Özbəkistan tərəfindən inşa edilmiş 960 şagird yerlik məktəbin açılışı baş tutub. Məktəb özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyır.

Həmin açılışda Prezident İlham Əliyevin dediyi söz bu jestin mahiyyətini tam əks etdirir. İlham Əlieyev o zaman qeyd etdi ki,  bu məktəb təkcə təhsil ocağı deyil, iki ölkənin dost və qardaşlığının daha bir mərkəzidir. Doğma yurdunu itirmiş insanların yenidən ayağa qalxdığı torpaqda, uzaq Mərkəzi Asiyadan gələn qardaş əli bu, diplomatiyanın kağız üzərində qala bilməyəcək qədər insani tərəfidir.

Bu qarşılıqlı hörmət başqa formatlarda da davam edib: Bakıda "Özbəkistan" parkının təməli qoyulub, 205-ci il avqustun 23-də isə Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı baş tutub. Azərbaycan mədəniyyətinin Özbəkistanda yeni nəsillərə çatdırılması üçün mühüm addım atılır. Eyni iş Azərbaycanda da hıəyata keçirlir.

Faktlar da hisslərin arxasında duran real inkişafı göstərir. İkitərəfli ticarət dövriyyəsi 2025-ci ildə 795 milyon dollara çatıb. 2026-cı ilin ilk beş ayında ticarət dövriyyəsi əlavə 33% artıb. 170-dən çox sənəd imzalanıb, dövlət başçıları səviyyəsində onlarla qarşılıqlı səfər həyata keçirilib. Təhsil sahəsində yüzlərlə tələbə hər il qarşılıqlı mübadilə proqramları çərçivəsində qonşu ölkədə təhsil alır. Turizm axını ilbəil artır,  hər iki tərəfdən minlərlə insan qonşu ölkəni "xarici ölkə" kimi deyil, qohum diyar kimi ziyarət edir.

Bu rəqəmlər onu göstərir ki, mənəvi yaxınlıq artıq elmdə, təhsildə, iqtisadiyyatda, kənd təsərrüfatında, tibbdə və turizmdə real inteqrasiyaya çevrilib.

Azərbaycan-Özbəkistan yaxınlaşmasını Türk Dövlətləri Təşkilatının inkişafından ayrı təsəvvür etmək mümkün deyil. Hər iki ölkə türk dünyasının siyasi, iqtisadi və humanitar inteqrasiyasının fəal iştirakçısıdır. Bütün bunlar ikitərəfli dostluğun daha geniş, çoxtərəfli qardaşlıq məkanının bir hissəsi olduğunu göstərir.

Daha inandırıcı bir göstərici sadə insanların bir-birinə can atmasıdır. Son illərin statistikası bunu aydın göstərir.  Özbəkistandan Azərbaycana gələnlərin sayına diqqət edək. 2022-ci ildə əvvəlki illə müqayisədə Özbəkistandan gələn turistlərin sayı 1,5 dəfə artıb. 2023-cü ilin yanvar-iyul aylarında bu artım 1,9 dəfə olub. 2024-cü ildə Özbəkistandan Azərbaycana gələnlərin sayı əvvəlki illə müqayisədə 6,2 dəfə artaraq ümumilikdə 46 396 nəfərə çatıb. 2025-ci ildə bu rəqəm daha da yüksələrək 62 min nəfərə çatıb, bir il ərzində 34% əlavə artım. 2026-cı ilin yalnız yanvar-avqust aylarında artıq 44 min özbəkistanlı Azərbaycanı ziyarət edib

Xüsusilə diqqətəlayiq haldır ki, bu artımın böyük qismi sağlamlıq turizmi məqsədilə gələn özbəkistanlılar hesabına olub. Bu, iki xalq arasında etimadın artıq gündəlik həyat qərarlarına  təsir etdiyini göstərir.

Eyni istiqamətdə əks proses də güclənir, azərbaycanlı tələbələrin Özbəkistan universitetlərinə marağı, iş adamlarının Daşkəndə səfərləri və mədəniyyət nümayəndələrinin qarşılıqlı görüşləri ilbəil sıxlaşır. Hər iki tərəfdən yüzlərlə tələbə təhsil mübadiləsi proqramları çərçivəsində qonşu ölkədə oxuyur.

Bu artan insan axını strateji qardaşlıq münasibətlərinin gündəlik həyata birbaşa təsirinin göstəricisidir: vətəndaşlar öz hökumətlərinin imzaladığı sənədləri "hiss edir" və bunu öz səfər qərarları ilə təsdiqləyir.

Bu yaxınlaşma yalnız qısamüddətli turizmlə məhdudlaşmır. Son illər Özbəkistandan Azərbaycana həm işləmək, həm də uzunmüddətli məskunlaşmaq üçün gələnlərin sayında da artım müşahidə olunur. Bunun ən konkret göstəricisi biznes sahəsindədir: Azərbaycanda Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatı qeydiyyatdan keçib. Bu rəqəm özbək sahibkarlarının Azərbaycan bazarına marağının sadəcə tək dəfəlik səfər yox, uzunmüddətli iş qurmaq niyyəti ilə bağlı olduğunu göstərir.

Hər açılan şirkətin arxasında isə real insanlar dayanır. Azərbaycanda daimi məskunlaşıb iş qurmuş özbəkistanlı sahibkarlar, mütəxəssislər və onların ailələri bunu əyani sübutudur. Eyni proses əks istiqamətdə də gedir, Azərbaycandan Özbəkistana iş və təhsil üçün gedən vətəndaşların sayı da ilbəil artır, xüsusilə tikinti, ticarət və təhsil sahələrində qarşılıqlı mütəxəssis mübadiləsi güclənir.

Bu, münasibətlərin növbəti mərhələyə keçdiyini göstərir ki, sadə səfərdən sonra birgə yaşamaq və birgə işləmək mərhələsi başlayıb. Bu isə istənilən dostluğun ən dərin sınağıdır, çünki insan yalnız güvəndiyi, özünü rahat hiss etdiyi yerdə köklənir.

Dünyada dövlətlərarası dostluqların əksəriyyəti mənfəət üzərində qurulur və mənfəət bitəndə sönür. Azərbaycan-Özbəkistan münasibətləri isə fərqli təməl üzərindədir. Burada əvvəlcə ortaq kök, ortaq ruh, ortaq tarix var, iqtisadi və siyasi əməkdaşlıq həmin köklərin təbii bəhrəsidir.

Bu gün bir azərbaycanlı Daşkəndə getdikdə özünü qürbətdə yox, qardaş elində hiss edir. Bir özbək Bakıya, ya da yenidən qurulan Füzuliyə gəldikdə eyni hissi yaşayır. Bu, əsrlər boyu qorunub saxlanan bir mənəvi sərvətin bu günkü təzahürüdür.

Məhz buna görə hər iki xalq bu dostluqla haqlı olaraq fəxr edə bilər.

Elnur ƏMİROV

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...