“İç xəbər”də eşitdiyim bir kəlmə məni həm düşündürür, həm güldürür, həm ağladır, həm də Mirzə Cəlil demişkən, papağımı qabağıma qoyub fikirləşdirir ki, bu niyə belə olur, özü də niyə məhz belə olmalıdır? Göstərilən sujetdə yol nəzarətçisi sərxoş bir sürücünü saxlatdırır və ondan sürücülük vəsiqəsini tələb edir.
- Pravanı ver.
- Pravam yoxdur.
- Bəs maşını necə sürürsən? Ver pravanı.
Elə bu zaman sürücü çox tutarlı bir vasitəyə əl atır.
- Torpağım var ki, pravam da ola?
Sürücünün bu sözü elə o vaxtdan başımda hərlənir. Adətdir, gərək mən o fikri başımda fırlayım. Amma necə oldusa fikir hələ də məni başında fırlamaqdadır. Fırlana-fırlana gördüm ki, bu adi bir söz deyil, yepyekə bir kötükdür. Və bu kişi də çox ustalıqla həmin kötüyü yol polisinin qabağına dığırladı. Yol polisi də qaldı kötüyün qabağında aciz.
Kötük dedim, yadıma türklər demiş kötü günlərim düşdü. Bir dəfə iclasların birində şairlərin evinin olmamasından gileyləndim. Nəsə çox danışdım, təsirli sözlər, epitetlər, metaforalar göydən yağış kimi yağdı.
“Biz şairlər nə vaxta qədər kirayə evlərdə yaşayacağıq, bəzilərimiz evlənə bilmir, bəziləri qızlarını köçürə bilmir, bəziləri oğlanlarını evləndirə bilmir, Axı yaşamaq üçün niyə bizim evimiz olmasın? Bu hər bir insanın yaşam haqqıdır. Niyə qızımıza elçi gələnlər kirayə yaşadığımız evin qarşısında ayaq üstə dayansınlar?”.
Burda nitqimin lap kulminasiya nöqtəsinə çatdım: “Bəs biz vətən şeirini harda yazaq? Dizimizin üstə vətən şeiri yazanda zəif çıxır.” İclasda vəzifəli adamlar da vardı. Düzdü, sentimental qadınlardan bəziləri ağladı, bəziləri başını aşağı dikdi. Amma vəzifəli adamın biri başını buladı və o an mən anası ölmüş başa düşdüm ki, qabağıma yüngülvari bir kötük itələdi. Kötük mənə tanış idi. Onun kötüyünün mənası bu idi ki, yəni sən ciddi adam deyilsən, danışdıqlarının hamısı metaforadır. Mən onun gözünün içinə baxdım. O da lap mənim gözümün içinə baxdı və mən o saat başa düşdüm ki, bu kişi deyir ki, əlbbəttə şair sözü yalandır. Bir az kötüyə ilişsəm də nitqimə davam elədim. Amma məğlub olmuşdum. Həmin surətlə gedə bilmirdim. Birdən mənə ilham gəldi. Vəzifəli adamın qabağına balaca bir kötük diyirlədim. Dedim ki, dünyada hər bir xalqı onun ədəbiyyatı, mədəniyyəti ilə tanıyırlar. O, yenə qurdalandı, hiss etdi ki, mən onu hardan vurdum və necə vurdum? Kefim kökəldi. Bülbül kimi ötməyə başladım. Mən nə biləydim ki, kötüyün lap yekəsi qabaqdaymış. Bilsəydim heç yola çıxmazdım. Camaatı inandırdığım yerdə bir qadın ayağa qalxdı. Şair idi. Çox ürəkləndim. Dedim haqq nazilər, üzülməz, axır ki, mənim sözlərimi təsdiqləyən bir adam tapıldı. Ancaq bu şairə qadın qabağıma elə bir kötük itələdi ki, daha mən ondan keçə bilməzdim. O, çox asta və usta şəkildə dedi:
- Mən məclisimizdəki ağsaqqallardan üzr istəyirəm. Və Telman müəllimə də öz dərin təşəkkürümü bildirirəm ki, bu məclisi təşkil eləyib. Sultan müəllim də sağ olsun ki, biz istedadlı qələm sahiblərinin qayğısına qalır.
Bu qadın məclisdəki vəzifəli adamların hamısından danışdığı üçün üzr istəyib və qalanlarına da minnətdarlığını bildirəndən sonra mən dəqiq anladım ki, bu qadın məni vuracaq, özü də bərk vuracaq. Qadın nitqinin remarkasını bitirəndən sonra hərlənib gəldi mənim üstümə.
- Bu gün burda şair ev istəyir, evsizlikdən danışır, ev şəraitinin yararsızlığından gileylənir, toydan-moydan danışır. Açığı bir qadın kimi, bir ana kimi mən buna təəssüflənirəm. Axı bizim Qarabağ kimi böyük bir dərdimiz var. Bu problem ola-ola biz qələm sahiblərinin ev istəməyə haqqı varmı? Əlbəttə yoxdur. Şairlərimizin bu saat əsas vəzifəsi qocalar evinə, yetimlər evinə görüşə getməkdir.
Gurultulu alqış səsləri zalı bürüdü.
Mən susdum.
Başımı urəyimin üstə əydim “Qarabağı çox sevirəm. Uğrunda canımdam keçməyə həmişə hazıram. Ona çoxlu şeirlər yazmışam. Bilirəm ki, güclü dövlətimiz, Milli Ordumuz istər sülh, istərsə də müharibə yolu ilə gec-tez goğma Qarabağımız düşmən caynağından xilas edəcək. Amma bəzi problemlərin həlli məsələsində bəhanə kimi Qarabağın bir vasitə kimi ortalığa atılmasını istəmirem, heç istəmirəm”.