Modern.az

“Xəstə molla görən kimi ölmək istəyir”

“Xəstə molla görən kimi ölmək istəyir”

Ölkə

30 Avqust 2012, 11:19

Azərbaycan cəmiyyətində din adamlarına olan yanlış münasibətlərin dəyişilməsi təklif edilir...

Həyatdan küsmüş, yaxın vaxtlarda öləcəklərini bilən insanlar istər-istəməz depressiya düşürlər. Tək qalmaq istəyir, müalicə olunmaqdan qaçır və təkliyə qapanırlar. Xaricdə bu cür insanlara dəstək olmaq üçün psixoloqlarla yanaşı, din xadimləri də müvafiq addımlar atırlar. Belə ki, ən azından həftədə bir dəfə xəstə insanlarla görüşlər keçirir, onlarda həyata inam yaradır və xəstəliklə mübarizə aparmaqda yardımçı olurlar. Çox təəssüf ki, ölkəmizdə bu cür hallara rast gəlmək mümkün deyil. Bununla bağlı Modern.az-ın əməkdaşı dini ekspertlərin və psixoloqun fikirlərini öyrənib.

Dinşünas Elşad Miri dindarlara münasibətin bizdə bir qədər fərqli olduğunu söyləyib. Onun sözlərinə görə, Azərbaycanda xəstə mollanı, din adamını görən kimi, ölmək istəyir: “Fikirləşəcək ki, mən ölüm ayağında olduğum üçün molla gətiriblər. Ona görə də bu bizdə fərqlidir”.

Dini ekspert qeyd edib ki, İslamda belə bir qayda var ki, bir insan xəstələndiyi zaman onu ziyarət eləmək çox savabdır. “Əgər ruhani xəstənin yanına getsə, həmin insan özünə dəstək olduğunu hiss edəcək. Bu zaman xəstəliklə mübarizə daha da asanlaşacaq. Amma bizdəki kimi yox”, – deyə E.Miri əlavə edib.

Psixoloq Murad İsayev xarici təcrübədən danışıb. O bildirib ki, ümumiyyətlə, Avropa və xarici praktikada görünür ki, bədxassəli şişlər və ölümü üçün konkret vaxt qoyulmuş xəstələr üçün sosial dəstək qurumları kömək edirlər.
“Bu qurumları daha çox psixoloqlar təşkil edir. Qrup terapiyası formasında olan sosial dəstəkdə həmin insanları tək olmadığına, daha da mübarizə aparmalı olduğuna  inandırırlar. Konkret olaraq, həmin xəstələrə stimul vermək üçün bunlar təşkil olunur”.
Psixoloq bildirib ki, bu praktika Azərbaycanda demək olar ki, yoxdur. M. İsayev bunun səbəbini belə izah edir: “Çox vaxt psixoloqların özlərinin maddi vəsaiti çatmır ki, gəlib onlara dəstək olsunlar. Buna görə də, həmin o insanlar depressiyaya düşürlər və daha acınacaqlı halda dünyasını dəyişirlər”.

Bu sosial dəstək kampaniyasında din adamlarının da iştirak etdiyini söyləyən M.İsayev qeyd edib ki, bu yolla insanlarda inam yarada bilirlər: “Dindarlar xəstələrə hələ hər şeyin bitmədiyini, insanın tam olaraq məhv olmadığını bildirirlər. Belə deyək, onlarda inanc yaradırlar və xəstəliklə mübarizə edə bilirlər”.  

“Məşhədi Dadaş” məscidinin imam-camaatı, dini ekspert Hacı Şahin Həsənlinin sözlərinə görə, ümumiyyətlə dinimizdə can verən insanın vəziyyəti ilə bağlı müəyyən göstərişlər var, yəni o cür insanlara necə davranılmalı, hansı əməllər yerinə yetirilməlidir:
“Dinimiz psixoloji dəstəyi də təklif edir, yəni can verən insana psixoloji dəstək verilməlidir ki, o daha rahat şəkildə dünyasını dəyişsin. Əsasən bu insana başa salınmalıdır ki, insan əbədi bir varlıqdır və ölüm yalnız onu bir aləmdən digərinə aparan bir körpüdür. Belə hallarda insan daha rahat şəkildə dünyasını dəyişə bilər”, – deyə ekspert qeyd edib.

Hacı Şahin bu cür ənənənin Azərbaycanda da yaradılmasını istəyir. “Düzdür, xalqımızın adəti var ki, ölüm ayağında olan insanın başı üstdə Quran oxunur, təkcə Quran oxumaqla kifayətlənmək olmaz. Həmin insanla söhbət eləmək, psixoloji dəstək vermək lazımdır. Mən belə bir addımın, ənənənin qoyulmasının tərəfdarıyam. Bunu da yəqin ki, Qafqaz Müsəlmanları İdarəsi həyata keçirə bilər. Amma düşünməmişəm ki, hansı şəkildə eləmək olar?”.

Dini ekspert cəmiyyətimizdə din adamlarına olan yanlış münasibətlərə də toxunub. O bunu belə izah edib: “Bu gün ruhani bir insan xəstənin yanına gəldikdə, xəstədə həyəcan, qorxu yarana bilər. Mən düşünürəm ki, din xadimlərinə bu cür münasibət tamamilə dəyişilməlidir. Bu yanlış münasibətdir və bu münasibətlərin formalaşmasında bəzən din xadimlərinin özünün də rolu olur. Onlar öz həyat tərzləri, davranışları və mədəni-elmi səviyyələri ilə onlar haqqında formalaşmış bu səhv fikirləri dəyişməlidirlər”.

Sevinc İltifatqızı

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı