Modern.az

Baharında qırılırsa ömürlər...

Baharında qırılırsa ömürlər...

Ölkə

19 Mart 2013, 15:02

Novruz bayramı yır-yığışı, biş-düşü, qonaq-qarası başımızı qatıb. Günlər isə keçib getməyindədir. Bir də baxacağıq ki, budur fəsillərin taxt-tacında yenə yazdır.

Düz 19 ildir ki, yaza doğru uzanan günlərdə həyatımın sonunadək daşıyacağım qüssəli bir xatirə daha tez-tez düşür yadıma.

Düz 19 il bundan əvvəl 19 yaşlı xalam oğlu cəbhədəydi. Anası hər səhər sübhdən qızını da, gəlinini də yuxudan oyadırdı. “Durun bala, bu həyət-bacanı süpürün, ev-eşiyi yığışdırın”, - deyirdi. Əvvəllər evdə kimsənin şirin sübh yuxusuna qıymayan ana son aylar hər gün, beləcə, obaşdan hamını ayağa qaldırırdı...

Bayram hazırlıqları deyildi bu. O əhvalda deyildilər. Doğrudur, həmin ilin Novruz bayramında da şəkərbura, paxlava bişirib, qovurğa qovurmuşdular. Hazırlıq daha çox da bu evin əsgər oğlu Əlhəm üçün görülmüşdü.

Əlhəm erməni işqalçılarına qarşı döyüşlərdəydi. Doğmaları onun intizarındaydılar. Atası, bacıları, qardaşları küləyin bir-birinə çırpdığı budaqların səsindən belə səksənir, qapıya boylanırdılar. Anası isə hətta özünə belə etiraf eləmədiyi hisslərin təlaşıyla bir yerdə qərar tuta bilmirdi. Bütün qışı belə keçirmişdilər.

Əlhəm o ilin – 1994-cü ilin qışında hərbi xidmətdən evlərinə qısa müddətə gəlmişdi. O gün kənddə toy vardı. Qəfil səs yayıldı: “Əlhəm gəlib”. Toy mağarı, az qala, tamam boşaldı. Hamı onun pişvazına çıxdı. Hətta musqiçilər belə susdular.

Əlhəm uca boylu, qədd-qamətli, yaraşıqlı oğlan idi. 1975-ci il təvəllüdlüydü. Orta məktəbi bitirib Rusiyaya getmişdi. Orda ali məktəbə daxil olmuşdu. Bir neçə ay sonra Azərbaycana dönmüşdü. Dağlıq Qarabağ uğrunda döyüşlər gedirdi. Ellərə əsgər oğulların tabutları gəlirdi. Belə bir vaxtda əsgər getmək üçün gəlmişdi Azərbaycana Əlhəm. Əsgərlik müddəti bitəndən sonra da orduda qalıb, hərbçi kimi fəaliyyət göstərəcəyini söyləyəndə anası onu qucaqlayıb: “Əsgər paltarı oğluma yaraşacaq”, - demişdi.

Sevinə-sevinə söyləmişdi bu sözləri ana. Amma yəqin ki, o anlarda unutmuşdu ki, oğlu müharibə illərinin əsgəridir. Hər gün ölümün düz gözlərinin içinə baxmamışdı xalam. Elə o gün kəndimizdə Əlhəmi qarşılayan bizlər də müharibənin nə olduğunu onun qədər anlamırdıq. Hamımızla bir-bir görüşdü. Biz danışdıb-güldük, o, təbəssümlə baxdı...

Əlhəm həyatdolu gənc idi. Baməzəliyi də vardı. Amma o gün susqun idi və mən onun gözlərinə baxanda üşəndim. Gülən üzünə yaraşmırdı baxışları. Orda ölüm kölgələnmişdi. O gün kəndimizin 90-100 yaşlılarından daha yaşlı idi 19 yaşlı Əlhəm. Müharibə onun qamətini bükə bilməmişdi, saçların ağartmamışdı, ancaq ürəyini qocaltmışdı. O, bizə müdrik bir qoca ağlıkəsməz uşaqlara baxdığı kimi baxırdı.

Cəbhəyə geri dönəndən sonra qardaşı bizə danışdı: “Toydan çıxıb evə gəlirdik. Əlhəm hey susurdu. Soruşdum: “Qardaş, niyə danışmırsan?”. Cavab verdi ki, mənə qəribə gəlir, sanki başqa dünyaya düşmüşəm, sizin ordan xəbəriniz yoxdu...”. “Ordan” deyəndə ön cəbhəni nəzərdə tuturdu Əlhəm.

...Bir neçə gün kənddə qalmışdı. Səhər evdəkilər onu yola salmaq üçün erkən oyanıblar. Amma Əlhəmi yatağında görməyiblər. Böyük qardaşı bağa gedib. Əlhəm öz sevimli ərik ağacının altında siqaret çəkirmiş. Həmişə atasını, özündən böyük qardaşını görəndə gizlədirmiş siqaretini. O gün də siqaretini yerə atıb, ayaqqabısının ucuyla əzib. Qardaşına deyib: “Oralar çox soyuqdu. Hələ səngərin sazağı, şaxtası... Canımız heç qızmır. Elə bilirəm yaya çıxsam, ölmərəm...”.

Gedəndə utanmağı bir kənara buraxıb. Cibindən bir siqaret çıxarıb ərik ağacının haçalanmış budaqlarının arasına qoyub: “Buna dəyən olmasın”, - deyib: “Gələndə özüm burdan götürüb, çəkəcəyəm”.

O siqaretə toxunan olmadı. Yazın yağışında, yayın qorabişirən istisində sahibini gözləyə-gözləyə qaraldı, çürüyüb, torpaqlara qarışdı...

Əlhəm Əsədov 1994-cü ilin 16 aprelində Tərtər rayonunun Marquşavan kəndində gedən döyüşlərdə şəhid oldu. Ömürlər baharında qırılanda analar ağlar qalır. Əlhəmin anası da hər səhər kənd camaatı yuxudan oyanmamış o ərik ağacının dibində oğlunu ağlayırdı...

19 ildir ağlayır. Heç zaman da təkcə öz oğlu üçün ağı demir xalam. “Şəhid balalar lay-lay”, - deyir.

Hər dəfə əsgər ölümü xəbəri alanda yadıma ömrünün baharında qurban getmiş oğullar düşür. Əlhəmin sözlərini xatırlayıram. “Qışdan sağ çıxsam, ölmərəm”, - deyən, bahar fəslinin birinci ayı bitməmiş şəhid olan əsgərimiz. Yayın istisində belə onun bu sözlərini xatırlayanda üşüyürəm.

Bəlkə buna görə hər dəfə əsgər ölümü xəbəri eşidəndə içimdən bir üşütmə keçir. Ölüm qaşla göz arasındadır. Əcəl insanı hər yerdə yaxalaya bilər. Gələndə də nə qocaya, nə cavana, nə varlıya, nə kasıba, nə gözələ, nə də çirkinə baxır. Heç kim dünyanı tutub getməyəcək. Amma... Ölən əsgərdirsə, bu xalqın qaysaqlanmamış yarası soyulur. Yara yiyəsini göynədər, deyirlər. Əsgər itkisinin ağrısını isə hər kəs öz ürəyində, canında hiss edir.

 Sabah nə olacağı məlum deyil. Amma elə bu gün də “Əsgərimiz minaya düşüb həyatını itirdi”, “Əsgərimiz erməni snayperinin atdığı atəş nəticəsində şəhid oldu”... başlıqlı yazılara az rast gəlmirik.

Bahar ömürlü oğullar düşmən çəpəridirlər. O oğulların haqqı var hər birimizin çiyinlərimizdə. Çünki onlara Vətəni qorumaq tapşırılır. Vətən isə  namusdur.

...Əgər bir əsgərimiz belə intihar edirsə, komandirinin səriştəsizliyi, ya da günahı üzündən həyatını itirirsə, əsgər anası oğlunun cənazəsini qucaqlayıb yaralarını sayırsa və eləcə də, kimsə əsgər ölümləri üzərində siyasi oyunlar oynayırsa, öz əlimizlə özümüzə zərbə vururuq. Əsgərlər Vətəni qorumalıdır. Əsgərlər Vətən üçün qorunmalıdır...    

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı