Heydər Əliyevə jurnalistlər tərəfindən ünvanlanan “ən sevdiyiniz insan kimdir?” sualı illər keçsə də, öz təsirini itirməyən cavablardan biri ilə yadda qalıb. O, tərəddüd etmədən ömür-gün yoldaşı Zərifə Əliyevanın adını çəkmişdi. Bu, böyük bir sevginin, sədaqətin və qarşılıqlı hörmətin ifadəsi idi.
Əslində bu sual hər bir insan üçün çətin sualdır. Çünki insanın həyatında onu böyüdən valideynlər, qayğısını çəkən yaxınlar, gələcəyini davam etdirən övladlar var. Lakin bütün bu dəyərlərin içində həyat yoldaşını zirvəyə qoymaq xüsusi bir münasibətin göstəricisidir. Bu seçim, yəqin ki, yaşanmış bir ömrün, bölüşülmüş çətinliklərin və qurulmuş böyük həyat yolunun nəticəsidir.
Heydər Əliyevin müxtəlif çıxışlarında, müsahibələrində Zərifə xanım haqqında danışarkən səsinin tonunda belə bir istilik hiss olunurdu. O Zərifə xanımdan danışarkən, eyni zamanda yaxın dostundan, sirdaşından danışırdı. Onların münasibətində xüsusi səmimiyyət, bağlılıq və dərin hörmət açıq şəkildə duyulurdu.

Zərifə Əliyeva isə adının mənası kimi zərifliyi ilə yanaşı, güclü xarakterə malik bir insan idi. Onun sakit, lakin möhkəm mövqeyi, ailə dəyərlərinə bağlılığı və mənəvi dayağı heş şübhəsiz ki Heydər Əliyevin liderliyində mühüm rol oynamışdı. Hansı ki, böyük şəxsiyyətlərin həyatında görünməyən, lakin hiss olunan dayaqlar olur, Zərifə xanım da məhz belə bir dayaq idi.
Heykəltaraş Ömər Eldarov xatirələrində qeyd edirdi ki, Zərifə xanım vəfat etdikdən sonra Heydər Əliyev onun xatirəsinin əbədiləşdirilməsi üçün hazırlanan abidənin yaradılması prosesini demək olar ki, hər gün izləyirdi.
Modern.az xəbər verir ki, bu gün Heydər Əliyevin ömür yoldaşı olmaqla yanaşı, həm də görkəmli alim, ziyalı və Azərbaycan tibb elminin inkişafında mühüm rol oynamış şəxsiyyət kimi yaddaşlarda qalan akademik Zərifə Əliyevanın vəfatından 41 il ötür.
Naxçıvanın Şahtaxtı kəndində dünyaya göz açan Zərifə Əliyeva hələ gənc yaşlarından elmə və tibbə böyük maraq göstərib. Azərbaycan Tibb İnstitutunda aldığı fundamental təhsil onun gələcək elmi fəaliyyətinin əsasını qoydu. Daha sonra Moskvanın Həkimləri Təkmilləşdirmə İnstitutunda biliklərini artıraraq peşəkar həkim kimi formalaşdı. O, əmək fəaliyyətinə 1949-cu ildə başlayaraq bütün həyatını oftalmologiya sahəsinə həsr etdi. Həmin dövrdə Azərbaycanda geniş yayılmış traxoma xəstəliyi ciddi problem olaraq qalırdı. Zərifə Əliyeva bu xəstəliyin aradan qaldırılması üçün yalnız laboratoriya şəraitində deyil, bölgələrdə də fəal çalışır, xəstəlik ocaqlarını yerində araşdırır, həkimlərə praktiki tövsiyələr verir, əhali arasında maarifləndirici görüşlər keçirirdi.

Onun apardığı tədqiqatlar nəticəsində traxomanın erkən mərhələdə müalicəsində sintomisin preparatının tətbiqi mühüm nəticələr verdi. Bu istiqamətdə əldə etdiyi elmi nəticələri ümumiləşdirərək 1959-cu ildə namizədlik dissertasiyasını uğurla müdafiə etdi. Təklif etdiyi müalicə üsulu qısa müddətdə geniş tətbiq olunaraq ölkədə bu xəstəliyin aradan qaldırılmasında əhəmiyyətli rol oynadı. Zərifə Əliyevanın elmi maraqları bununla məhdudlaşmırdı. O, qlaukoma, görmə orqanının iltihabi xəstəlikləri və xüsusilə də az tədqiq olunmuş sahə, görmə orqanının peşə patologiyası üzərində dərin araşdırmalar apardı. Kimya və sənaye sahələrinin inkişafı ilə əlaqədar yaranan yeni riskləri ilk araşdıran alimlərdən biri kimi bu istiqamətdə mühüm yeniliklərə imza atdı.
O, dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını sistemli şəkildə öyrənən elmi laboratoriyanın yaradılmasına nail oldu və bu sahədə yeni bir elmi istiqamətin – peşə oftalmologiyasının əsasını qoydu. Bu mövzuda yazdığı doktorluq dissertasiyası onun elmi nüfuzunu daha da möhkəmləndirdi və 1977-ci ildə ona tibb elmləri doktoru elmi dərəcəsi verildi.

Gərgin və məhsuldar fəaliyyətinə görə Zərifə Əliyeva 1980-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görüldü. 1981-ci ildə isə oftalmologiya sahəsində ən nüfuzlu mükafatlardan biri sayılan SSRİ Tibb Elmləri Akademiyasının M.İ. Averbax adına mükafatı ilə təltif olundu və bu mükafatı alan ilk qadın alim kimi tarixə düşdü.1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilən Zərifə Əliyeva həm də bir sıra monoqrafiya və dərs vəsaitlərinin müəllifi idi. Onun elmi irsi bu gün də aktuallığını qoruyur. Xüsusilə iridodiaqnostika və iridoterapiya sahəsində apardığı tədqiqatlar dünya miqyasında maraq doğurmuş və bu istiqamətdə yazdığı əsərlər ilk fundamental mənbələrdən hesab olunur.

Akademik Zərifə Əliyeva yalnız alim kimi deyil, həm də ictimai xadim kimi fəal idi. O, müxtəlif beynəlxalq və ümumittifaq təşkilatlarında təmsil olunaraq elmin və sülh ideyalarının təbliğinə töhfə verirdi.
Zərifə Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edib. 1994-cü ildə onun cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda, atası Əziz Əliyevin məzarı yanında dəfn olunub.
