Modern.az

Milli səhiyyənin formalaşmasında akademik Zərifə Əliyevanın rolu böyükdür

Milli səhiyyənin formalaşmasında akademik Zərifə Əliyevanın rolu böyükdür

Ölkə

Bu gün, 09:34

Aprelin 15-i görkəmli alim, akademik Zərifə Əziz qızı Əliyevanın anım günü Azərbaycan tibb elmi və səhiyyəsinin inkişaf tarixində mühüm iz qoymuş bir şəxsiyyətin fəaliyyətinə yenidən nəzər salmaq üçün əlamətdar imkandır. Onun çoxşaxəli fəaliyyəti yalnız oftalmologiya sahəsində əldə etdiyi nailiyyətlərlə deyil, həm də ölkənin səhiyyə siyasətinin formalaşmasına verdiyi töhfələrlə xarakterizə olunur. 1923-cü ildə Naxçıvanın Şahtaxtı kəndində anadan olan Zərifə Əliyeva erkən yaşlarından elmə maraq göstərmiş, Azərbaycan Dövlət Tibb İnstitutunda aldığı təhsil onun gələcək uğurlarının təməlini qoymuşdur.

1947-ci ildə institutu fərqlənmə ilə bitirdikdən sonra elmi fəaliyyətə başlayan Zərifə xanım qısa müddətdə oftalmologiya sahəsində ixtisaslaşaraq Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda mühüm tədqiqatlara imza atmışdır. Onun elmi fəaliyyətinin əsas istiqamətlərindən biri XX əsrin ortalarında geniş yayılmış traxoma infeksiyasına qarşı mübarizə olmuşdur. Bu xəstəlik təkcə tibbi problem deyil, həm də sosial təhlükə kimi qiymətləndirilirdi. Zərifə Əliyevanın rəhbərliyi və fəal iştirakı ilə həyata keçirilən kompleks tədbirlər nəticəsində traxomanın qarşısı alınmış, ölkə miqyasında bu xəstəliyin ləğvi təmin edilmişdir. Onun sintomisinlə müalicə üsulu səhiyyə praktikasında geniş tətbiq olunaraq effektiv nəticələr vermişdir. Bununla yanaşı, alim qlaukoma, virus mənşəli göz xəstəlikləri, eləcə də görmə orqanının peşə patologiyası kimi mühüm sahələr üzrə fundamental tədqiqatlar aparmışdır.

Xüsusilə kimya sənayesi işçilərində göz xəstəliklərinin öyrənilməsi ilə bağlı araşdırmaları yeni elmi istiqamətin formalaşmasına səbəb olmuşdur. Moskvanın nüfuzlu elmi mərkəzində müdafiə etdiyi doktorluq dissertasiyası onun beynəlxalq elmi mühitdə də yüksək qiymətləndirildiyini göstərir. Zərifə Əliyevanın fəaliyyəti yalnız elmi tədqiqatlarla məhdudlaşmamış, o, praktik səhiyyədə də fəal iştirak etmişdir. Respublikanın müxtəlif bölgələrində apardığı müayinələr, xəstəlik ocaqlarında həyata keçirdiyi profilaktik tədbirlər və xüsusilə uşaq evlərində traxomanın qarşısının alınması istiqamətində gördüyü işlər onun humanist yanaşmasının bariz nümunəsidir. Alimin elmi irsi zəngin və çoxşaxəlidir. O, 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin müəllifi və həmmüəllifi olmuşdur. “Terapevtik oftalmologiya”, “Herpetik göz xəstəliyi” kimi fundamental əsərlər bu gün də tibbi praktikada öz aktuallığını qoruyur. 1981-ci ildə akademik M.İ.Averbax adına mükafata layiq görülməsi onun oftalmologiya elminə verdiyi töhfələrin beynəlxalq səviyyədə tanındığını təsdiqləyir.

Zərifə Əliyeva eyni zamanda səhiyyə sahəsində kadr hazırlığına xüsusi önəm vermiş, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda fəaliyyəti dövründə yeni nəsil həkimlərin yetişməsinə mühüm töhfələr vermişdir. Onun rəhbərliyi ilə formalaşan mütəxəssislər bu gün də ölkənin səhiyyə sistemində aparıcı rol oynayırlar. 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilən Zərifə Əliyeva ölkə tarixində ilk qadın oftalmoloq akademik kimi mühüm bir mərhələnin əsasını qoymuşdur. Bu fakt təkcə onun şəxsi nailiyyəti deyil, həm də Azərbaycan qadınının elm və cəmiyyət həyatındakı rolunun güclənməsinin göstəricisidir. Akademik Zərifə Əliyevanın fəaliyyəti dövlətçilik və milli dəyərlərlə də sıx bağlı olmuşdur. Onun həyat yolu Azərbaycan ziyalısının ideal modelini əks etdirir.

Ulu Öndər Heydər Əliyevin və Prezident cənab  İlham Əliyevin fikirlərində də bu böyük şəxsiyyətin həm alim, həm də yüksək mənəvi keyfiyyətlərə malik insan kimi obrazı xüsusi vurğulanır. 1985-ci il aprelin 15-də vəfat edən Zərifə Əliyevanın xatirəsi bu gün də ehtiramla yad edilir. Onun adını daşıyan Milli Oftalmologiya Mərkəzi ölkədə bu sahənin inkişafında mühüm rol oynamaqla yanaşı, alimin elmi irsinin davam etdirilməsinə xidmət edir. Müasir dövrdə Azərbaycan səhiyyəsinin qarşısında duran vəzifələr – innovativ tibbi texnologiyaların tətbiqi, əhalinin sağlamlığının qorunması və yüksək ixtisaslı kadrların hazırlanması – Zərifə Əliyevanın müəyyən etdiyi prinsiplərlə səsləşir. Onun elmi və mənəvi irsi bu gün də aktual olaraq qalır və səhiyyə siyasətinin inkişafında mühüm istiqamətverici rol oynayır. Akademik Zərifə Əliyevanın həyat və fəaliyyəti bir daha göstərir ki, elmə sədaqət, peşəkarlıq və insanlara xidmət prinsipi dövlətin inkişafında əsas dayaqlardan biridir. Onun zəngin irsi gələcək nəsillər üçün örnək olmaqla yanaşı, Azərbaycan tibb elminin inkişafında mühüm ideya mənbəyi kimi qalmaqdadır.


Tahir Mirkişili
Milli Məclisin deputatı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi