Qanunvericiliyə əsasən, Azərbaycanda partiya qurmaq üçün ən azı 5000 üzv tələb olunur. Azərbaycanda bu şərti ödəyən 26 partiya Ədliyyə Nazirliyində qeydiyyata alınıb.
Siyasi partiyaların uğuru əksər hallarda onların rəhbərlərinin bilik, təcrübə və şəxsi keyfiyyətlərindən asılı olur. Partiya sədrlərinin ixtisasları da ictimai idarəetmə baxımından böyük əhəmiyyət daşıyır.
Bəs Azərbaycandakı siyasi partiya sədrləri hansı ixtisaslara malikdirlər?
Modern.az saytı mövzunu araşdırıb.
Yeni Azərbaycan Partiyasının (YAP) sədri Prezident İlham Əliyevdir. O, 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil alıb. MDBMİ-ni bitirdikdən sonra, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb və 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub.
1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub.
1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib.
1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir.
1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.
İlham Əliyev 2003-cü ildən Azərbaycan Respublikasının Prezidentidir.
Müsavat Partiyasına İsa Qəmbər rəhbərlik edir. O, 1974-1979-cu illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsində təhsil alıb. İsa Qəmbər 1979–1982-ci illərdə AMEA Naxçıvan Elm Mərkəzində, 1982–1990-cı illərdə AMEA Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi və elmi işçi vəzifələrində çalışıb. Tarix elmləri namizədidir.
18 may 1992-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib. O, Əbülfəz Elçibəyin 17 iyun 1992-ci ildə Azərbaycan Respublikasının Prezidenti seçilməsinə qədər Ali Sovetin sədri olaraq Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini də icra edib. 13 iyun 1993-cü ildə Ali Sovetin sədri vəzifəsindən istefa verib. 16 iyul 1993-cü ildə Milli Məclis üzvlüyündən azad olunub.
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı 1963-1968-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsində təhsil alıb. 1991-ci illərdə "Azərbaycan" qəzetinin baş redaktoru olub. 1991-ci ildən Dövlət Mətbuat Komitəsinin sədri, 1992–1995-ci illərdə mətbuat və informasiya naziri vəzifələrində çalışıb. 1995, 2000, 2005, 2010 və 2020-ci illərdə Milli Məclisə keçirilən seçkilərdə deputat mandatı qazanıb.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli ixtisasca hüquqşünasdır. O, 1986-1991-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Hüquq fakültəsində təhsil alıb.
Universitet dövründə xalq hərəkatına qoşulub, ali məktəbi bitirdikdən sonra bir müddət "Azadlıq" qəzetinin parlament müxbiri olub.
1992-ci ilin mayında Prezident Aparatında şöbə müdiri olub. 1 may 1993-cü ildə dövlət katibi təyin edilib. 7 iyul 1993-cü ildə isə tutduğu vəzifədən azad edilib.
12 noyabr 1995 və 5 noyabr 2000-ci ildə proporsional seçki sistemi əsasında Milli Məclisə deputat seçilib.
2001-ci ildə AXCP-nin sədri seçilib.
29 noyabr 2025-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Əli Kərimli hazırda həbsdədir, barəsində istintaq aparılır. Ona qarşı Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb. Ə.Kərimli “Ramiz Mehdiyev işi” ilə əlaqədar saxlanılıb.
Böyük Quruluş Partiyasına (BQP) Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa rəhbərlik edir. O, 1986-cı ildə Bakı Dövlət Universitetinin Hüquq fakultəsinə daxil olub və 1991-ci ildə hüquqşünas ixtisası ilə məzun olub. 2005-ci ildə noyabr ayında keçirilən 3-cü çağırış Milli Məclisə seçkilərdə Bakı şəhəri 26 saylı Sabunçu birinci seçki dairəsindən deputat seçilib. 2010, 2015, 2020 və 2024-cü illərdə də həmin dairədən deputat mandatına sahib olub.
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasına deputat Qüdrət Həsənquliyev rəhbərlik edir. O, 1992-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Bakı şəhəri Nəsimi rayon prokurorluğunda müstəntiq, Azərbaycan Respublikası dövlət katibinin köməkçisi, Asiya Universitetinin baş müəllimi, Mərkəzi Seçki Komissiyasının katibi vəzifələrində çalışıb. Q.Həsənquliyev 2003-cü ildən indiyə kimi deputat mandatı daşıyır.
Böyük Azərbaycan Partiyasının (BAP) sədri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayevdir. O, Bakı Dövlət Universitetinin Hüquq fakultəsində təhsil alıb. İxtisasca hüquqşünasdır.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadədir. O, 1986–1992-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində hüquqşünas ixtisası üzrə ali təhsil alıb.
Demokratik İslahatlar Partiyasına (DİP) deputat Asim Mollazadə rəhbərlik edir. O, Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini bitirib. 1980–1992-ci illərdə Moskvadakı (Rusiya) Seçenov adına Tibb Akademiyasında nevrologiya və davranış psixofiziologiyası ixtisası üzrə də təhsil alıb. 1978-ci ildən Bakı şəhərində xəstəxanada həkim işləyib. 1984–1987-ci illərdə Həkimləri Təkmilləşdirmə İnstitutunun baş elmi işçisi olub. A.Mollazadə Milli Məclisin II, III, IV, V, VI və VII çağırış deputatı seçilib.
Milli Cəbhə Partiyasına (MCP) hazırda Milli Məclisin deputatı olan Razi Nurullayev rəhbərlik edir. R.Nurullayev 1992–1997-ci illərdə Azərbaycan Dövlət Dillər İnstitutunun İngilis-fransız dilləri fakültəsində oxuyub. 2000–2005-ci illərdə isə Cənubi Rusiya Humanitar İnstitutunun Hüquq fakültəsində ali təhsil alıb.
2004-cü ildə Kanadanın Montreal şəhərində John Abbott Kollecində Beynəlxalq İnsan Hüquqları Təlimi Proqramı üzrə tam kursu, 2009-cu ildə isə ABŞ-nin Nyu-York şəhərində Kolumbiya Universitetində Beynəlxalq və Dövlət Siyasəti Məktəbi ixtisasartırma kursunu bitirib.
Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADMP) sədri Elşən Musayev də Milli Məclisin deputatıdır. O, Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin bakalavr və magistr pillələrini bitirib. Elşən Musayev beynəlxalq hüquq ixtisasına malikdir.
Ümid Partiyasına keçmiş deputat İqbal Ağazadə rəhbərlik edir. O, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini və Kiyev Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. İ.Ağazadə Milli Məclisin II, III və IV çağırış deputatı olub.
Haqq Ədalət Partiyasının (HƏP) sədri sabiq səhiyyə naziri Əli İnsanovdur. O, 1965–1972-ci illərdə Azərbaycan Tibb İnstitutunun (indiki ATU) Müalicə-profilaktika fakültəsində təhsil alıb. 1972–1974-cü illərdə Azərbaycan Xarici Dillər İnstitutunda iki illik İngilis dili kurslarını bitirən Əli İnsanov 1974-cü ildə Moskvada SSRİ Səhiyyə Nazirliyinin Mərkəzi Elmi-Tədqiqat Vərəm İnstitutunda aspiranturaya qəbul olunub. 1977-ci ildə namizədlik dissertasiyası müdafiə edib. 1984-cü ildə doktorluq dissetasiyası müdafiə edib, tibb elmləri doktoru, professordur. Əli İnsanov 1993-2005-ci illərdə səhiyyə naziri vəzifəsində çalışıb.
Ana Vətən Partiyasının (AVP) hazırkı sədri Günay Ağamalı bakalavr təhsilini Qərb Universitetində tərcüməçilik-dilşünaslıq ixtisası üzrə, magistratura təhsilini isə Azərbaycan Dillər Universitetində alıb. Onun ilk iş yeri Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Tərcümə Araşdırmalar Mərkəzi olub. Burada əvvəlcə mütəxəssis, daha sonra isə baş mütəxəssis vəzifələrində çalışıb.
Daha sonra Günay Ağamalı Azərbaycan Dövlət Pedaqoji Universitetində psixologiya ixtisası üzrə təhsil alıb və eyni ixtisas üzrə doktorantura pilləsini də tamamlayıb. Günay Ağamalı hazırda VII çağırış Milli Məclisdə Ana Vətən Partiyasını təmsil edən yeganə deputatdır.
Milli Dirçəliş Hərəkatı Partiyasına (MDHP) keçmiş deputat Fərəc Quliyev sədrlik edir. O, 1986-cı ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. Əlavə hüquq təhsili alan Fərəc Quliyev Sambo üzrə idman ustasıdır. Partiya sədri həm də Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
O, iki dəfə Milli Məclisə 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputat seçilib: 2010 və 2015-ci illərdə.
Klassik Xalq Cəbhəsi Partiyasına (KXCP) keçmiş deputat Mirmahmud Mirəlioğlu rəhbərlik edir.
O, 1978–1984-cü illərdə istehsalatdan ayrılmadan Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb. 1987-ci ilədək Sumqayıtdakı "Üzvü sintez" istehsalat birliyində işləyən Mirmahmud Mirəlioğlu elə həmin ildən də pedaqoji fəaliyyətə başlayıb, 4 saylı axşam məktəbində müəllimlik edib. 1988-ci ildən 1992-ci ilədək Sumqayıtdakı Vaqif İbrahim adına 35 saylı orta məktəbdə tarix fənnindən dərs deyib.
O, 1990-1995-ci illərdə Azərbaycan Ali Sovetinin XII çağırış deputatı olub.
Azərbaycan Demokrat Partiyasına (ADP) Sərdar Cəlaloğlu rəhbərlik edir. O, 1970–1977-ci illərdə Azərbaycan Tibb İnstitutunda ali tibb təhsili alıb. Sərdar Cəlaloğlu ixtisasca məhkəmə-tibb ekspertidir.
Azad Vətən Partiyasının sədri Akif Nağıdır. O, 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə daxil olub, 1982-ci ildə təhsilini davam etdirmək üçün Moskva Dövlət Universitetinə daxil olub. 1985-ci ildə oranı bitirib, həmin ildən Azərbaycan Politexnik İnstitutun (indiki Texniki Universitet-red) Tarix kafedrasında işləyib. 1991-ci ildə dissertasiya işi müdafiə edib, tarix elmləri namizədidir.
Respublikaçı Alternativ (REAL) Partiyasının sədri Natiq Cəfərli 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu bitirib. O, 1996-2005-ci illərdə biznes fəaliyyəti ilə məşğul olub. 2008-ci ildə Strasburqda Avropa Şurasının nəzdində Siyasi Biliklər Məktəbini, 2009-cu ildə isə Vaşinqtonda ABŞ Dövlət Departamentinin Liderlik Proqramını bitirib.
Ədalət Partiyasına Mütəllim Rəhimov rəhbərlik edir. O, 1990-1995-ci ildə Azərbaycan Texniki Universitetində təhsil alıb və oranı mühəndis-mexanik ixtisası üzrə bitirib. 1997-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutuna dissertant kimi qəbul edilib. M.Rəhimov 2005-cı ildə namizədlik işi yazaraq müdafiə edib, fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.
2007-ci ildən Bakı Avrasiya Universitetinin Filologiya və jurnalistika kafedrasında baş müəllim kimi işə başlayıb. Daha sonra Filologiya və jurnalistika fakultəsinin dekanı, kafedra müdiri əvəzi işləyib.
Hazırda Bakı Avrasiya Universitetində Türk və xarici ölkələr filologiyasi kafedrasının dosentidir.
Ağ Partiyaya Tural Abbaslı rəhbərlik edir. O, 1999-cu ildə Bakıdakı 4 nömrəli Humanitar Fənlər gimnaziyasını bitirib. 1999–2003-cü illərdə Müstəqil Azərbaycan Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. 2009-cu ildə BDU-nun Jurnalistika fakültəsinin magistratura pilləsinə daxil olub, lakin təhsil aldığı müddətdə universitetdən qovulduğu üçün təhsilini 2022-ci ildə tamamlaya bilib.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev 1979-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Zoomühəndis fakültəsində təhsil alıb. 1998-ci ildən biologiya elmləri namizədidir. 2001-ci ildə Müasir Müsavat Partiyasınının təsis qurultayında partiyanın sədri seçilib.
Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğludur. O, 2005-ci ildə Müstəqil Azərbaycan Universitetinin (MAU) Beynəlxalq münasibətlər fakültəsinə daxil olub. Ardınca, ali təhsilini Azərbaycan Beynəlxalq Universitetinin (ABU) Beynəlxalq münasibətlər fakültəsində davam etdirib, lakin tamamlamayıb. 2012-ci ildə Ukraynanın Taras Şevçenko adına Kiyev Milli Universitetinin Hüquq fakultəsinin qiyabi bölməsinə qəbul olunub, 2017-ci ildə oranı bitirib.
Azərbaycan Xalq Partiyasının (AXP) hazırkı sədri Qiyas Sadıqovdur. 1976-cı ildə Sabirabad şəhər orta məktəbini bitirən Qiyas Sadıqov ali təhsilini Azərbaycan Politexnik İnstitutunda alıb və oradan 1976-cı ildə məzun olub.
Yeni Zaman Partiyasının sədri Musa Ağayev Bakı Dövlət Universitetinin Fizika fakultəsini bitirib. İxtisasca fizikdir.