"Risklərin qarşısını almaq üçün müharibənin uzadılması uyğun görünür"
59 saylı Quba seçki dairəsinin deputatı, iqtisad elmləri doktoru, professor və yazıçı Əlibala Məhərrəmzadə Modern.az-a geniş müsahibə verib. Deputat müsahibədə ölkəmizdə iqtisadi, turizm sektorunun vəziyyəti, bu sahələrlə bağlı qanunvericilik, eləcə də insanların şəraiti və s. kimi vacib məqamlara toxunub.
- Əlibala müəllim, son günlərdə dünyada baş verən proseslər iqtisadiyyata da təsirsiz ötüşmür. ABŞ-İran münaqişəsi neftin qiymətini kəskin artırdı. Ölkələr arasında sülhün bərqərar olacağı təqdirdə bu, Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?
- Azərbaycan iqtisadiyyatı bu gün və yaxın beşillik perspektivdə daha çox planlı, yəni əvvəlcədən hesablanmış model üzrə formalaşır. Bunun əsas səbəbi ondan ibarətdir ki, ölkə büdcəsinin böyük hissəsi neft və qaz satışından asılıdır. Ümumilikdə dövlət büdcəsinin formalaşmasına baxsaq, məsələn, 36 milyard manatlıq büdcədə təxminən 10-12 milyard manat vergi yığımlarından, 8 milyard manat gömrük daxilolmalarından, 16 milyard manat isə Neft Fondundan transfertlər hesabına formalaşır. Yəni büdcədə əsas yük məhz bu mənbələrin üzərinə düşür. Vergi yığımlarının özü də böyük ölçüdə neft sektoru və dövlət xərcləri ilə bağlıdır. Bu asılılıq ümumilikdə 70-75 faiz səviyyəsində qiymətləndirilə bilər.
Belə bir modeldə neftin qiymətinin artması birbaşa iqtisadi canlanmaya səbəb olur. Neft gəlirləri artdıqca Neft Fonduna daha çox vəsait daxil olur və bu fond ölkə üçün strateji ehtiyat rolunu oynayır. Bunu sadə şəkildə evdə saxlanılan ehtiyat pula bənzətmək olar, gündəlik lazım olmaya bilər, amma çətin vəziyyətdə həyati əhəmiyyət kəsb edir. Neft Fondu da məhz belə “dar gün ehtiyatı” funksiyasını yerinə yetirir.
Neftin bazardakı real dəyəri təxminən 70-75 dollar civarında hesab olunur və qiymət dəyişiklikləri iqtisadi proseslərə birbaşa təsir edir. Bu kontekstdə qlobal siyasi proseslər də mühüm rol oynayır.
"Rusiya-Ukrayna müharibəsi sakitləşməyib, informasiya əvvəlki qədər ön planda deyil"
- Siz Azərbaycan-Ukrayna parlamentlərarası əlaqılər üzrə işçi qrupuna rəhbərlik edirsiniz. Rusiya-Ukrayna müharibəsi dörd ildir davam edir və beynəlxalq gündəmdə əvvəlki qədər diqqət mərkəzində deyil. Ukraynalı həmkarlarınızla əlaqələriniz barmı, hazırda bölgədə vəziyyəti necə qiymətləndirirsiniz?
- Milli Məclisdə Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbərlik etdiyim üçün ukraynalı həmkarlarımla əlaqələrim davam edir və bu təmaslar mütəmadi xarakter daşıyır. Müharibə heç də unudulmayıb. Sadəcə, beynəlxalq gündəmdə onun təqdimatı, yəni informasiya və PR tərəfi əvvəlki qədər ön planda deyil. Bu isə fərqli məsələdir: müharibənin özü davam edir, sadəcə onun mediada təqdimatı azalıb. Bu gün də informasiya mühiti müharibələrin gedişinə ciddi təsir göstərir. Məsələn, bəzi ölkələrdə informasiya axını məhdudlaşdırıldıqda, cəmiyyətin hadisələrə baxışı tam fərqli formalaşa bilir. İran nümunəsində də bunu görmək mümkündür, informasiya məkanının qapalı olması ictimai rəyin fərqli istiqamətdə formalaşmasına səbəb olur.
Ümumilikdə, hazırkı şəraitdə Ukrayna ilə bağlı vəziyyəti qiymətləndirərkən nəzərə almaq lazımdır ki, proseslər həm hərbi, həm də informasiya müstəvisində paralel şəkildə davam edir və bu iki amil bir-birini tamamlayan əsas faktorlar kimi çıxış edir. Torpaqlar məsələsi ilə bağlı hələ də çox ciddi suallar mövcuddur və bu sualların heç birinə konkret cavab yoxdur.
Digər tərəfdən, Rusiya müəyyən mənada İranın durumuna bənzər bir vəziyyətdədir. Ölkə iqtisadiyyatı ciddi təzyiq altındadır və böyük ölçüdə hərbi sənayeyə yönəlib. Bu isə uzunmüddətli perspektivdə davamlı model deyil. Əgər bu gün müharibə dayansa, ilk növbədə yığılan iqtisadi problemlər, borclar və sosial öhdəliklər üzə çıxacaq. İnsanların həyat tərzi dəyişməli olacaq. Müharibə dövründə müəyyən məhdudiyyətlər və qapalı vəziyyət kütlə tərəfindən anlaşılan olur. Bunu pandemiya dövrü ilə müqayisə etmək olar, o zaman da hər şey bağlı idi və cəmiyyət bunu qəbul edirdi.

"Bəzi kəndlərdə mədəniyyət ocaqları faktiki olaraq yaşayış məqsədilə istifadə olunur"
- Son günlərdə həmçinin ölkədə bir sıra qurumlarda optimallaşdırma, struktur dəyişikliklərinin şahidi oluruq. Sizcə, bunun əsas məqsədi nədir və proses əlavə yükü aradan qaldıra biləcəkmi?
- Bizdə təkrarlanan, bir-birini funksional olaraq əvəz edən qurumlar kifayət qədər çoxdur. Bu, sistemin əsas problemlərindən biridir. Məsələn, Mədəniyyət Nazirliyini götürək. Nazirliyin büdcəsinin təxminən 70-75 faizi əməkhaqqına yönəlir. Bu vəsaitin böyük hissəsi isə regionlarda, xüsusilə kəndlərdə fəaliyyət göstərən mədəniyyət müəssisələrinə sərf olunur.
Tutaq ki, bir rayonda 90 kənd var və hər birində bir mədəniyyət klubu fəaliyyət göstərir. Formal olaraq bu klublar mövcuddur, lakin onların böyük hissəsi faktiki işlək vəziyyətdə deyil. Bəzən klub binası mövcud olsa da, real fəaliyyət yoxdur. Bununla belə, həmin müəssisələrdə ən azı üç nəfər, rəhbər, müavin və digər əməkdaş maaş alır. Əslində isə bu, real fəaliyyət deyil, daha çox sosial xarakterli yanaşmadır. Yəni həmin kənddə üç nəfərin məşğulluğu təmin olunur, lakin ortaya konkret nəticə çıxmır. Bu baxımdan, belə yanaşma səmərəsiz hesab edilə bilər. Əgər məqsəd sosial dəstəkdirsə, bunu daha şəffaf və effektiv mexanizmlərlə həyata keçirmək olar. Əgər məqsəd mədəniyyətin inkişafıdırsa, o zaman bu müəssisələr real fəaliyyət göstərməlidir. Məsələn, kitabxana varsa, o, həqiqətən işləməli, oxucu cəlb etməlidir.
Praktikada isə fərqli hallarla rastlaşılır. Bəzi kəndlərdə mədəniyyət ocaqları faktiki olaraq yaşayış məqsədilə istifadə olunur. Hətta elə hallar var ki, bu binalarda ailələr məskunlaşıb və onların çıxarılması çətinləşir. Bu problemlər artıq qeydiyyata alınıb və sistemli yanaşma tələb edir. Digər məsələ isə ehtiyacın düzgün qiymətləndirilməsidir. Məsələn, bütün kəndlərdə eyni tip mədəniyyət müəssisəsinə ehtiyac yoxdur. Monitorinq aparılarsa, görmək olar ki, bəzi kəndlərdə, məsələn, 90 kənddən təxminən yarısında belə müəssisələrə real tələbat yoxdur. Çünki orada gənc əhali azdır, kitabxanaya gələn yoxdur, texnoloji bacarıqlar zəifdir.
Bu baxımdan hesab edirəm ki, icra hakimiyyətlərində aparılan ixtisarlar ümumilikdə normal və zəruri addım kimi qiymətləndirilə bilər. Çünki bəzi hallarda lazımsız və təkrarlanan strukturlar mövcud idi. İcra hakimiyyətləri uzun müddət mərkəzləşmiş qaydada geniş səlahiyyətlərlə fəaliyyət göstərib və bu da strukturun həddindən artıq böyüməsinə səbəb olub. Bu baxımdan optimallaşdırma qaçılmaz idi. Bu cür halların tədricən aradan qaldırılması və ixtisarların aparılması vacibdir. Ümumilikdə, dövlət büdcəsinin yükünün azaldılması zəruridir. Mən bu yanaşmanın tərəfdarıyam. Büdcə xərcləri azaldılarsa, bu, dolayısı ilə vergi yükünün azaldılması ilə eyni nəticəni verə bilər.
"Vergi güzəştləri biznesi inkişaf etdirir"
- Sizin büdcə xərclərinin azaldılması istiqamətdə əsas təklifləriniz nələr olardı?
- Düşünürəm ki, sahibkarlara daha geniş imkanlar yaradılsa və vergi yükü minimuma endirilsə, bu, investisiya mühitinə müsbət təsir edər. Tutaq ki, bir sahibkarın 100 və ya 200 işçisi var və ona vergi güzəştləri tətbiq olunur, bu zaman biznes daha rahat inkişaf edir.
Digər tərəfdən, dövlət büdcəsindən sosial ödənişlərin verilməsi məsələsinə də yenidən baxıla bilər. Bəzi hallarda sosial yardım alan şəxslər işləmək istəmir və ya rəsmi işdən yayınmağa çalışır ki, sosial ödənişlərini itirməsin. Regionlarda, xüsusilə kənd yerlərində müşahidə olunur ki, sosial ödəniş alan bəzi şəxslər işləmək əvəzinə passiv həyat tərzinə üstünlük verirlər. Bu isə ümumi iqtisadi aktivliyə mənfi təsir göstərir.
Deputat seçilməzdən əvvəl mənim şəxsi fəaliyyətim də əsasən əhali ilə bağlı olub. Məsələn, Quba rayonunda təxminən 1000-ə yaxın iş yerinin yaradılmasına dəstək göstərmişik və bu proses hazırda da davam edir. Əgər kimsə işləmək istəyirsə, biz onu dərhal müvafiq iş yerlərinə yönləndiririk. Ümumilikdə məqsəd ondan ibarətdir ki, insanlar sosial asılılıqdan çıxaraq əmək bazarına cəlb olunsun, iqtisadi fəallıq artsın və dövlətin üzərində olan yük tədricən azalsın.

"Seçicilər daha çox işlə bağlı müraciət edirlər"
- İki ilə yaxındır ki, qanunverici orqanda Qubanı təmsil edirsiniz. Bu müddətdə şəhərdə hansı dəyişikliklər olub, seçicilərinizin sizə əsas müraciətləri nələrdir və onların həlli istiqamətində hansı addımları atırsınız?
- İnsanların müraciəti əsasəsən şəxsi xarakterlidir. Hər ay 2 dəfə seçicilərlə görüşürəm. Hər görüşdə ən azı 50 nəfəri qəbul edirəm. Hər biri şəxsi problemlərini dilə gətirir. Hər qəbulda müraciət edənlərin orta hesabla 15 nəfəri işlə bağlı müraciət edir və biz onları işlə təmin etməyə çalışırıq. Narahatedici məqam ondan ibarətdir ki, işlə təmin olunan bu 15 nəfərdən təxminən 10 gün sonra cəmi bir nəfər işdə qalır, digərləri isə işi tərk edir. Halbuki həmin şəxslər öz istədikləri işlərə yerləşdirilir. Motivasiya məsələsi burada əsas rol oynayır. Cəmiyyətimizdə işləmək vərdişi və əmək intizamı ilə bağlı ciddi problemlər mövcuddur. Biz bunu qəbul etməliyik. Bu daha çox sistemli və tarixi kökləri olan bir məsələdir. Mən bunu müəyyən mənada sovet dövründən qalan yanaşmanın nəticəsi kimi qiymətləndirirəm.
- Bəzən deputatlar seçicilərinin problemlərini həlli zamanı əvvəlki işlərinin, eyni zamanda dostlarının imkanlarından da istifadə etdiklərini deyirlər. Siz necə seçicilərin problemini həll edərkən birbaşa dövlət qurumlarına müraciət edirsiniz, yoxsa şəxsi əlaqələriniz hesabına?
- Bu problemdən aslıdır. Yenə deyirəm, eləsi var ki şəxsi problemlərinə görə müraciət edir. Belə olan halda mən dövlət qurumuna müraciət edə bilmərəm. İşlə bağlı problemlər olduqda özüm birbaşa onların işlə təmin edilməsində kömək edirəm. Qubada işçi tapmaq çətindir, hətta bu cür müraciətlər olanda sevinirik, lakin nəticəyə baxanda görürük ki, həmin şəxslər heç 10 gün səbr edib işləmir. Halbuki qəbulda özləri konkret hansı işi axtardıqlarını deyirlər, biz də həmin işlə təmin edirik.

- Bu tendensiyanı motivator kimi analiz etmisiniz? Xüsusilə insanların işləməməyindən danışdıq, sizcə, onların bu sahədəki əsas motivasiyası və ya motivasiyasızlığı nə ilə bağlıdır?
- Burada bir neçə amil rol oynayır. Amma ilk növbədə qeyd etməliyik ki, cəmiyyətimizdə formalaşmış müəyyən düşüncə tərzi var və bu, əsas faktorlardan biridir. Digər tərəfdən, bazar şərtləri də bu məsələyə təsir edir. Məsələn, bəzi insanlar düşünür ki, aylıq 500 manat maaşla işləməkdənsə, mövsümi işlə, məsələn, kənd təsərrüfatı ilə məşğul olub qısa müddətdə daha çox qazanc əldə etmək yaxşıdır.
Digər bir məsələ isə işə münasibətlə bağlıdır. Bəzi insanlar işləmək istədiklərini desələr də, praktiki olaraq əmək prosesinə uyğunlaşmaqda çətinlik çəkirlər. Müxtəlif dövlət qurumları, yerli icra strukturları və digər təşkilatlar bu insanlarla görüşür, onlara dəstək göstərməyə çalışır, lakin nəticə çox zaman dəyişmir.
Bu vəziyyətin kökündə duran əsas səbəblərdən biri də sovet dövründən qalan düşüncə tərzidir. Uzun illər formalaşmış yanaşmaya görə, iş anlayışı daha çox rəhbər vəzifə ilə və ya müəyyən statusla əlaqələndirilir. Ya rəhbər olmalısan, ya da kiminsə tabeliyində işləmək istəmirsən. Bu isə xidmət sektorunda işləməyə münasibətə də təsir edir.
"Gənclər 16-17 yaşında Rusiyaya işləməyə gedirlər"
- Qubanın turizm potensialı baxımından digər rayonlarımızı üstələdiyini desək yəqin ki, yanılmarıq. Bu mənada iş imkanları orada daha çoxdur. Siz necə düşünürsünüz, Quba turizm potensialını tam aça bilirmi?
- Bəzi regionlardan daha öndə olmasının səbəbləri müxtəlifdir: təbii şərait, coğrafi mövqe və Bakıya yaxın olması kimi amillər burada rol oynayır. Bu, müəyyən mənada obyektiv faktorlarla bağlıdır. Ümumi götürdükdə Quba turizm potensialının 5 faizini istifadə edə bilmir.
Turizmin inkişaf etdiyi digər bölgələrlə əsas fərq xidmət sahəsində özünü daha aydın göstərir. Məsələn, Quba ilə Şəkinin xidmət səviyyəsini müqayisə etdikdə bu fərq açıq şəkildə hiss olunur. Məqsədimiz Qubada xidmət səviyyəsini daha da yüksəltmək, hətta Şəkidən də üstün səviyyəyə çatdırmaqdır. Ancaq bu proses asan deyil. Çünki burada əsas məsələ insan faktorudur. Xidmət mədəniyyətini formalaşdırmaq üçün uzunmüddətli və sistemli iş tələb olunur. Bu sahədə müəyyən metodologiyalar və yanaşmalar mövcuddur, biz də həmin texnologiyalar əsasında işləməyə çalışırıq.
Bununla belə, prosesə təsir edən əlavə amillər də var. Azərbaycan üçün Rusiya faktoru da əhəmiyyətlidir. Çox vaxt gənclər erkən yaşlardan, məsələn, 16-17 yaşında Rusiyaya işləməyə gedirlər. Səhər 6-dan gecə 12-ə qədər işləyir, 500-600 manat pul alır. Hansı ki, onu Qubada daha yaxşı şəraitdə qazana bilər. Çünki onları cəlb edən başqa amillər də var: daha çox sərbəstlik hissi, ailədən uzaq olmaq və s.
Azərbaycanda ailə modeli kifayət qədər güclüdür və müəyyən mənada konservativ xarakter daşıyır. Valideyn-övlad münasibətlərində bu konservatizm bəzən gənclərin seçimlərinə təsir edir. Bu səbəbdən hesab edirəm ki, müəyyən hallarda gənclərə daha çox sərbəstlik verilməli, onların fərdi inkişafına imkan yaradılmalıdır. Əks halda, bu məhdudiyyətlər sonradan başqa formalarda özünü göstərir.
Ümumilikdə isə xidmət sahəsində inkişaf həm iqtisadi, həm də sosial və mədəni dəyişikliklərlə birbaşa bağlıdır. Bu istiqamətdə davamlı və məqsədyönlü iş aparmaq vacibdir.

- Qeyd etdiniz ki, Quba turizm potensialının heç 5 faizini istifadə etmir. Bunun səbəbini nə ilə izah edərdiniz?
- Bu prosesi indiyədək tam həyata keçirə bilməmişik, amma bundan sonra etməyi planlaşdırırıq. Bunun bir neçə əsas səbəbi var. Əvvəla, uzun müddət yollar çox bərbad idi. Təxminən 10–15 il əvvəl Qubaya gəlib çıxmaq kifayət qədər çətin idi. Son illərdə isə bu sahədə ciddi dəyişikliklər baş verib, xüsusilə son 5–6 ildə yol infrastrukturu xeyli yaxşılaşdırılıb, yeni ödənişli və pulsuz yollar istifadəyə verilib və nəticədə bölgəyə çıxış tam şəkildə açılıb. Hazırda Bakıdan Qubaya getmək təxminən bir saat otuz dəqiqə çəkir. Ümumiyyətlə, turizm baxımından bir saat yarımlıq məsafə uzun sayılmır. Dünya praktikasında 2 saata qədər olan məsafələr mərkəzə yaxın hesab edilir. Məsələn, Şamaxıya da təxminən eyni vaxtda getmək mümkündür.
Quba coğrafi baxımdan paytaxta yaxın ərazidə yerləşir və bu, onun əsas üstünlüklərindən biridir. Şamaxı ilə müqayisədə Quba həm ərazi baxımından daha böyükdür, həm də təbiət və resurs zənginliyi baxımından daha geniş imkanlara malikdir. Lakin əsas problemlərdən biri infrastrukturla bağlıdır. Bölgədə otellərin sayı kifayət deyil, yəni yerli turistləri belə tam şəkildə qəbul etmək üçün yetərli imkan yoxdur.
Turizm infrastrukturu baxımından otel ən son mərhələdə formalaşmalı olan elementdir. İnkişaf etmiş turizm ölkələrində, məsələn, Türkiyədə əvvəlcə əyləncə, mədəni irs və digər cəlbedici faktorlar qurulur, daha sonra otel infrastrukturu genişləndirilir. Bizdə isə nə həmin əyləncə və mədəni imkanlar yetərincədir, nə də otel infrastrukturu kifayət edir. Hətta otellərin özü də çatışmır. Məsələn, bayram günlərində Qubada demək olar ki, boş yer tapmaq mümkün olmur.
Hazırda quru yolların bağlı olması səbəbindən xarici turist axını məhduddur. Lakin sərhədlər açıldıqdan sonra vəziyyət tamamilə dəyişəcək. Bu istiqamətdə Dövlət Turizm Agentliyi Fuad Nağıyevin rəhbərliyi ilə aktiv təbliğat aparır. Eyni zamanda Mədəniyyət Nazirliyi də müxtəlif layihələr, o cümlədən kino sahəsi vasitəsilə turizmin inkişafına töhfə verməyə çalışır. Azərbaycan səfirlikləri, diasporumuz bu istiqamətdə fəaliyyət göstərir və hər bir səfir üçün ölkəyə turist cəlbi mühüm göstəricilərdən biridir.
Dövlətin qarşıya qoyduğu əsas hədəf il ərzində 7 milyon turistdir. Bu hədəfə çatmaq üçün əsas şərt regionlarda turizmin inkişaf etdirilməsidir. Quba kimi potensialı yüksək olan bölgələrdə infrastrukturun gücləndirilməsi və yeni imkanların yaradılması bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
"Qubaya 10-12 manata təşkil olunan tur paketlərindən istifadə edənlər ümumi narazı qalırlar"
- Prosesin tənzimlənməsində sahibkarların üzərinə hansı iş düşür?
- Bu sahədə əsas məsuliyyət sırf sahibkarların üzərinə düşür və bu məsələni birbaşa dövlətlə bağlamaq düzgün deyil. Amma burada mütləq konsepsiya olmalıdır. Əsas sual isə budur ki, sahibkar bu konsepsiyaya hazırdır, ya yox? Bunun üçün ilk növbədə uyğun investisiya mühiti və xaricdən investorların gəlib turizm sektoruna sərmayə yatırması üçün şərait formalaşdırılmalıdır. Bunun üçün uzunmüddətli vergi islahatları aparılmalı, eyni zamanda xarici mütəxəssislərin, işçilərin ölkəyə gətirilməsi üçün məsələlər sadələşdirilməlidir. Bu iki faktor hazırda turizmin inkişafına ciddi şəkildə mane olan əsas faktordur. Əgər bu imkanlar yaradılarsa, turizm sektorunda real inkişaf müşahidə etmək mümkün olacaq. Hazırda isə biz bu istiqamətə kifayət qədər yönəlməmişik. Mövcud yanaşma ondan ibarətdir ki, əgər hansısa peşə sahibi Azərbaycanda varsa, xaricdən onun gətirilməsinə ehtiyac yoxdur.
Onu da mütləq qeyd etmək lazımdır ki, hazırda turizm sahəsində peşəkar bilik və təcrübə baxımından ciddi boşluqlar var. Demək olar ki, bu sahədə infrastruktur 1%-ə belə çatmır. Bu səbəbdən azad iqtisadi zonaların inkişafı, vergi yükünün azaldılması kimi addımlar vacibdir. Qısa müddətdə bu, büdcəyə müəyyən təsir göstərə bilər, lakin uzunmüddətli perspektivdə yeni və davamlı bir sistem formalaşdıracaq.

Əsas problemlərdən biri də turizm mədəniyyətinin formalaşmamasıdır. Bəzən turistə xidmət göstərmək əvəzinə, ondan maksimum qazanc əldə etmək düşüncəsi üstünlük təşkil edir. Halbuki turistin kimliyi, onun yerli, xarici və ya hansı millətdən olması fərq etməməlidir. Məhsul və xidmət hər kəsə eyni keyfiyyətlə təqdim olunmalıdır.
Bu gün isə fərqli yanaşmalar müşahidə olunur. Məsələn, yerli turistə bir qiymət, xarici turistə isə daha yüksək qiymət tətbiq edilir. Bu isə turizmin prinsiplərinə ziddir və etibarı zədələyir.
Yerli bazarda ucuz xidmətlərə meyillilik hələ də üstünlük təşkil edir. Məsələn, Qubaya 10-12 manata təşkil olunan tur paketləri geniş yayılıb. Bu cür ucuz turlara meyilli insanların sayı təxminən 93 faizdir, daha keyfiyyətli və baha turlara üstünlük verənlər isə cəmi 7 faiz təşkil edir. Digər tərəfdən isə bu 10-12 manatlıq turların nəticələrinə baxdıqda, demək olar ki, ümumi narazılıq müşahidə olunur. Şərhlərdə tez-tez “bu nə idi?”, “hara getdik, nə gördük?”, “niyə bizi aldatdılar?” kimi fikirlər səsləndirilir.
Yəni insanlar ucuzluğa üstünlük verirlər, nəticədə keyfiyyətsiz xidmətlə qarşılaşırlar və bundan narazı qalırlar. Nəticə göstərir ki, ucuzluq keyfiyyət demək deyil. Belə yanaşma həm turist məmnuniyyətini azaldır, həm də ümumi turizm sektorunun inkişafına mənfi təsir göstərir.
- Siz parlamentdə təmsil olunmazdan əvvəl biznes fəaliyyəti ilə məşğul olmusunuz. Hazırda bu işlərinizi kim davam etdirir? Ümumiyyətlə, belə bir fikir var ki, deputatlıq statusu biznesin inkişafına da dolayısı ilə təsir edir. Siz bu fikirlə razısınız?
- Mənim fəaliyyət sahəm əslində bir neçə istiqaməti əhatə edib və uzun illər bu proseslərin içində olmuşam. Deputatın bizneslə məşğul olması qadağandır.
Amma bu gün işin idarə olunmasında əsas amil deputatlıq deyil, vaxt məsələsidir. Çünki deputat fəaliyyəti, demək olar ki, vaxtın 80 faizini alır. Gün ərzində bir neçə media qurumu ilə işləyirsən, televiziyalar, verilişlər və s. Məsələn, bir kanalda 20 dəqiqəlik çıxış üçün ən azı 2 saat vaxt sərf olunur. Digər verilişlərdə də eyni vəziyyətdir, saat yarımlıq proqram üçün ümumilikdə 3 saat vaxt gedir.
Bütün bunlar bizneslə aktiv məşğul olmağa imkan vermir. Bu səbəbdən biznesin idarəçiliyini qardaşıma həvalə etmişəm. Çünki əvvəllər qurduğumuz böyük bir biznes var idi və onun itirilməsi riski mövcud idi. Deputatlığın biznesə birbaşa dəstək olduğunu deməzdim.

"Mənim düşüncəm və yol xəritəm daha geniş idi"
- Qaradaşınızın fəaliyyətindən razısınızmı?
- Açığı, tam razı deyiləm. Bunun səbəbi odur ki, mənim düşüncəm və yol xəritəm daha geniş idi, amma mövcud vəziyyət hələ ki, onu tam şəkildə əhatə edə bilmir. Bununla belə, proses tədricən həmin istiqamətə doğru gedir. Eyni zamanda, həyatın müəyyən fors-major halları da bu prosesə təsir göstərir. Biz Qubada sanatoriya formatı yaratmışdıq və bu model çərçivəsində 175 növ fizioterapevtik prosedur təqdim edirdik. Bu miqyasda xidmət dünyada nadir hallarda mövcuddur. Mənim əsas məqsədim isə bu formatı daha da genişləndirərək Azərbaycanı ümumilikdə sanatoriya ölkəsinə çevirmək idi.
- Biznes sahəsində kifayət qədər uğurlarınız olub. Bəs parlamentdə təmsil olunmaq fikrinə necə gəldiniz? Hətta, siz 2010-cu ildə Milli Məclisinə seçkilərdə 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizəd olmusunuz...
- Çevrəmdən mənə təklif olundu ki, özümü bu sahədə də sınayım. Ətrafımda kifayət qədər böyük bir komanda və dəstək var, dostlarımız müxtəlif sahələrdə aktiv fəaliyyət göstərirlər. Bu qərarın əsas səbəbi isə müəyyən boşluqların mövcudluğu idi, düşündüm ki, bəlkə bu boşluqların bir qismini doldura bilərəm. Açığı, bunu nə qədər bacaracağımı indi deyə bilmərəm. Amma məqsədim cəmiyyətdə mövcud olan və bəzən əl çatmayan, təkmilləşdirilməsi çətin olan sahələrdə müəyyən təşəbbüslər göstərməkdir.
Azərbaycanda biznes sahəsində müəyyən uğurlar əldə etmişəm və imkan daxilində bu istiqamətdə inkişaf etmişəm. Amma biznes anlayışı yalnız Azərbaycanla məhdudlaşmır. Biznes qlobal bir anlayışdır və iş adamı da qlobal miqyasda dəyərləndirilməlidir. Bu baxımdan, özümü qlobal səviyyədə hələ tam uğurlu hesab etmirəm. Buna görə də daha geniş platformada özümü sınamaq və daha böyük nəticələr əldə etmək istəyi məni bu istiqamətə yönəldib.
(ardı var)