Xarici diplomatlara tətbiq edilən qaydalar güzəşt yox, gömrük nəzarətindən azadolma kimi yenidən təsnif edilir.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov deyib.
Komitə sədrinin sözlərinə görə, Gömrük Məcəlləsinin 84-cü maddəsində və ümumilikdə Azərbaycan qanunvericiliyində beynəlxalq konvensiyalara uyğun normalar əks olunub. Bu normalar dünya təcrübəsinə əsaslansa da, bəzi hallarda tətbiq fərqli şəkildə təqdim olunub.
Şahin Bağırov bildirib ki, Azərbaycan diplomatik əlaqələr haqqında 1961-ci il Vyana konvensiyasına, eləcə də 1962-ci il konsul əlaqələri haqqında konvensiyaya qoşulub və bu sənədlərin müddəaları milli qanunvericilikdə, o cümlədən Gömrük Məcəlləsində öz əksini tapıb.
O qeyd edib ki, mövcud Məcəllədə xarici diplomatik nümayəndəlik rəhbərlərinin və onların ailə üzvlərinin baqajının yoxlanılmaması “güzəşt” kimi göstərilib. Halbuki mahiyyət etibarilə bu, gömrük nəzarətindən azadolmadır.
Komitə sədrinin sözlərinə görə, gömrük baxışı gömrük nəzarətinin bir forması olduğundan, diplomatların baqajına tətbiq olunan qaydalar güzəşt yox, məhz nəzarətdən azadolma kimi təqdim olunmalıdır. Bu dəyişiklik hüquqi müəyyənliyi artırmaq və normanı daha dəqiq ifadə etmək məqsədi daşıyır.