Ekspres malların əvvəlcədən bəyanı məcburi olacaq.
Modern.az xəbər verir ki, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Gömrük Məcəlləsinə əlavə edilən 292-3-cü maddədə əksini tapıb.
Layihəyə əsasən, ekspres daşınan mallar gömrük sərhədini keçməzdən əvvəl gömrük orqanlarına bəyan edilməlidir və bu məlumatlar malları daşıyan şirkətlər tərəfindən təqdim olunacaq.
Eyni zamanda, şəxsi istifadə üçün nəzərdə tutulan, yəni kommersiya məqsədi daşımayan mallar sadələşdirilmiş və daha sürətli qaydada rəsmiləşdiriləcək. Kommersiya və ya istehsal məqsədilə gətirilən mallar isə əvvəlki kimi tam gömrük bəyannaməsi ilə rəsmiləşdirilməli olacaq.
Bundan başqa, icazə ilə gətirilən məhdudlaşdırılmış mallar (məsələn, xüsusi icazə tələb edən məhsullar) üçün həmin icazə sənədlərinin gömrük orqanlarına təqdim edilməsi məcburi olacaq.