44 günlük müharibə regionun siyasi xəritəsini və psixoloji atmosferini kökündən dəyişdi. Müharibə Azərbaycanın uzun illər davam edən status-kvo reallığını sındırdı və yeni geosiyasi mərhələnin əsasını qoydu. Ən mühüm nəticə isə dövlətin ərazi bütövlüyünün bərpası və milli özünəinamın güclənməsi oldu. Bütün bunlar həm də ideoloji və strateji üstünlük idi. Müharibədən sonra formalaşan reallıqlar regionda bütün oyunçuların davranışını dəyişməyə məcbur etdi.
Yeni reallıqlardan biri də azərbaycanlıların İrəvana qayıdışı ilə bağlı diskursun aktuallaşmasıdır. Proses mərhələli şəkildə formalaşan siyasi gündəmin bir hissəsidir. AZAL təyyarəsinin İrəvana enməsi kommunikasiya xətlərinin açılması və qarşılıqlı etimadın formalaşması istiqamətində praktik addım kimi görünür. Birmənalı şəkildə idda etmək olar ki, bu eniş regionda sülh gündəliyinin konkret nəticə verməyə başladığını göstərir.
Əlbəttə, bütün bu dəyişikliklər keçmişin ağrılarını unutdurmur. Şəhidlərin xatirəsi bu proseslərin mərkəzində qalır və qalmalıdır. Məhz onların fədakarlığı nəticəsində bu mərhələyə gəlinib. Paraflanmış sülh müqaviləsinin imzalanması yeni təhlükəsizlik mühitinin əsasını qoydu. Bu müqavilədən sonra itkilərin olmaması onun effektivliyini göstərən əsas faktorlardan biridir.
Ermənistan daxilində isə vəziyyət daha mürəkkəbdir. Cəmiyyət monolit deyil və müxtəlif güc mərkəzləri arasında ciddi fikir ayrılıqları mövcuddur. Kilsə, köhnə siyasi elita və diaspor arasında koordinasiyasızlıq açıq şəkildə hiss olunur. Bu parçalanma Ermənistanın strateji qərar qəbul etmə qabiliyyətini zəiflədir. Keçmiş prezidentlər və onların ətrafı daha çox şəxsi maraqları qorumağa çalışır.
Bu fonda Nikol Paşinyanın siyasəti fərqli xətt üzərində qurulub. O, açıq şəkildə bildirir ki, Ermənistanın təhlükəsizliyi region ölkələri ilə normal münasibətlərdən keçir. Azərbaycan Ermənistanın təhlükəsizliyində əsas qüvvə kimi göstərilir. Bu yanaşma əvvəlki hakimiyyətlərin siyasətindən köklü şəkildə fərqlənir. Paşinyan müharibə ritorikasını minimuma endirməyə çalışır, Ermənistan cəmiyyətinə yeni reallıqları qəbul etdirməyə cəhd edir.
Paşinyanın ən mühüm addımlarından biri kilsənin siyasətdən uzaqlaşdırılması istiqamətindəki cəhdlərdir. Məsələ Ermənistan daxilində müqavimətlə qarşılaşsa da, uzunmüddətli perspektivdə dövlət institutlarının güclənməsi üçün vacibdir. Eyni zamanda, diasporla münasibətlərdə də balans yaratmağa çalışır. O, açıq şəkildə bildirir ki, xaricdən yönləndirilən radikal gündəmlər Ermənistanı daha da zəiflədir.
30 il ərzində işğal altında saxlanılan Azərbaycan ərazilərində Ermənistan heç bir real inkişaf təmin edə bilmədi. İşğal olunmuş ərazilər nə iqtisadi, nə də demoqrafik baxımdan Ermənistan üçün heç bir dəyər yaratmadı. Əksinə, bu siyasət ölkəni beynəlxalq arenada barbar kimi tanıtdı. Nəticədə Ermənistan “status-kvo”nun əsirinə çevrildi.
44 günlük müharibə bu vəziyyətə son qoydu. Yeni reallıq Ermənistan üçün alternativsiz sülh gündəliyini ön plana çıxardı. Azərbaycan hər zaman sülh tərəfdarı olduğunu bəyan edirdi. Hazırda bu reallıqda Azərbaycan təşəbbüskar tərəf kimi çıxış edir. Regionda iqtisadi və nəqliyyat layihələrinin mərkəzində məhz Bakı dayanır.
Azərbaycanlıların İrəvana səfələri məsələsi də bu kontekstdə qiymətləndirilməlidir. Proses mərhələli şəkildə həyata keçirilə bilər. Əsas şərt qarşılıqlı etimadın və hüquqi mexanizmlərin formalaşdırılmasıdır. Proses regionda uzunmüddətli sabitliyin təmin olunmasına xidmət edə bilər.
Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq istiqamətində atdığı addımlar da diqqət çəkir. Ankara açıq şəkildə bildirir ki, regionda davamlı sülh bütün tərəflərin maraqlarına uyğundur. Türkiyə və Azərbaycan koordinasiyalı şəkildə hərəkət edir və bununla da Ermənistan üçün yeni imkanlar pəncərəsi yaradır.
Paşinyanın siyasəti məhz bu imkanlardan istifadə etməyə yönəlib. O, açıq şəkildə etiraf edir ki, əvvəlki yanaşmalar Ermənistanı çıxılmaz vəziyyətə salıb. Onun siyasətini “reallıqla barışma strategiyası” kimi xarakterizə etmək olar. Paşinyanın strategiyası daxildə tənqid olunsa da, beynəlxalq səviyyədə dəstək qazanır.
Maraqlıdır ki, yeni reallıq region ölkələri ilə yanaşı qlobal güclər tərəfindən də qəbul olunur. ABŞ, Rusiya, Çin, İran və Fransa kimi aktorlar dəyişən balansı nəzərə alır. Bütün bunlar Azərbaycanın diplomatik uğurunun göstəricisidir.
Azərbaycanın lideri İlham Əliyevin formalaşdırdığı siyasi xətt bu proseslərin əsasını təşkil edir. Bu xətt həm hərbi, həm də diplomatik müstəvidə uğur gətirib. Azərbaycan regionda əsas oyunçu statusunu möhkəmləndirib. Bu gün baş verənlər gələcək proseslərin istiqamətini müəyyənləşdirir.
Bütün bu sadalananlar fonunda Paşinyanın “qalib” kimi təqdim olunması ilk baxışda paradoksal görünə bilər. Görünən odur ki, o, Ermənistanı daha böyük fəlakətlərdən uzaqlaşdırmağa çalışır. Müharibədən qaçmaq və sülhə üstünlük vermək onun əsas strategiyasıdır. Əlbəttə ki, belə yanaşma uzunmüddətli perspektivdə Ermənistan üçün daha faydalı ola bilər. Əslində sadalanan addımları ilə Paşinyan öz xalqının qalibidir. Çünki o, erməniləri birdəfəlik ölümdən xilas edir.
Azərbaycanlıların İrəvana gəlişi siyasi diskursun bir hissəsinə çevrilib. İlk baxışdan proses regionda yeni münasibətlər modelinin qurulması deməkdir. Amma bu, həm də tarixi ədalətin bərpasıdır. Qərbi Azərbaycanlıların öz evlərinə dönüşününün başlanğıcıdır.
Xüsusuilə vurğulanmalıdır ki, 44 günlük müharibə regionda yeni bir dövr açdı. Bu dövrün əsas xüsusiyyəti sülh və əməkdaşlıq imkanlarının artmasıdır. Azərbaycan bu prosesdə lider rolunu oynayır. Ermənistan isə seçim qarşısındadır, ya bu reallığı qəbul edib inkişaf edəcək, ya da köhnə siyasətin girovu olaraq qalacaq.
İndi İrəvanda görünən Azərbaycan izi sabah daha geniş miqyas ala bilər. Proses siyasətlə yanaşı sosial və iqtisadi transformasiyanın göstəricisi olacaq. Regionun gələcəyi məhz bu transformasiyanın uğurundan asılıdır.
Elnur ƏMİROV