Modern.az

Dünya azərbaycanlıları Türkiyə üçün səfərbər olub - Hamı yardıma tələsir

Dünya azərbaycanlıları Türkiyə üçün səfərbər olub - Hamı yardıma tələsir

12 Fevral 2023, 13:35

Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində çoxlu sayda insanın həlak olması ölkəmizdə böyük hüznlə qarşılanıb. Qardaş ölkədən gələn acı xəbərdən sonra dövlət və xalq səfərbər olmuş vəziyyətdədir. Hamı Türkiyəyə yardıma tələsir.

 

Azərbaycandan hər gün yardım daşıyan təyyarələr və yük maşınları Türkiyəyə yola salınır. Ölkənin bütün bölgələrindən yardımlar gəlməkdədir. Qardaşının köməyinə çatan Azərbaycanın başlatdığı yardım kampaniyalarına dünya azərbaycanlıları da qoşulublar.

 

Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar zərərçəkənlərə yardım məqsədilə humanitar aksiyalar həyata keçirir.

 

Modern.az bildirir ki, zəlzələnin ilk gündən etibarən Türkiyədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları zərərçəkənlərə yardım kampaniyalarında fəal iştirak edirlər. Türkiyədə yaşayan həmyerlilərimizin humanitar yardımları mütəmadi olaraq zəlzələ bölgəsinə çatdırılır.

 

Bununla bərabər qardaş ölkədəki diaspor təşkilatlarımız, dərnəklər, dostluq qrupları da zəlzələdən zərərçəkənlərə maddi və digər yardımlarla dəstək göstərir.

 

Belə ki, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) 9 min manat (100.000 TL) nağd vəsaiti zərərçəkənlərə yardım fonduna köçürüb. Bundan başqa, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu nəzdindəki Azərbaycan Evi Azərbaycandan, Türkiyədən və Avropa ölkələrindən toplanan 2 yük maşını humanitar yardımı zəlzələ bölgəsinə çatdırıb.

 

Ankarada fəaliyyət göstərən Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyi, “Azaflı” Hüquq və Konsaltinq şirkəti zəlzələ bölgəsinə 40 min manat (450.000 TL) dəyərində 1 TIR humanitar yardımı və 6 çadır göndərib.

 

İstanbulda azərbaycanlı Elşən Rəsulovun rəhbərlik etdiyi “ARS” və “Unixpadel” idman təsisatları və qurğuları şirkəti 153 500 manat (1.700.000 TL) dəyərində 3 TIR içməli suyu və 2 TIR humanitar yardımı zəlzələ bölgəsinə çatdırıb. Xilasetmə işlərində istifadə olunmaq üçün 3 ekskvator, 1 ədəd qreyder və 2 yükqaldırıcını icarəyə götürüb. Şirkətin Adıyamandakı fabrikində 500 nəfər zərərçəkənin yerləşdirilməsi təmin olunub.

 

Eyni zamanda 30 nəfərlik 3  könüllü axtarış-xilastemə qrupu da yaradılıb. Bu qrup tərəfindən zəlzələ bölgəsində 20 nəfər sağ çıxarılıb, 50-dən çox şəxsin isə meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Eskişehir Azərbaycanlılar Dərnəyi tərəfindən 2 700 manat (30.000 TL) dəyərində uşaq bezləri, isti geyim, yataq, 40 cüt ayaqqabı, quru yeməklər, uşaq yeməkləri və uşaq paltarlarından ibarət mallar toplanaraq zəlzələ bölgəsinə yola salınıb.

 

Manisa Azərbaycan Kültür və Həmrəylik Dərnəyi zərərçəkənlərə yardım fonduna 270 manat (3.000 TL) köçürüb, zəlzələ bölgəsinə 5 400 manat (60.000 TL) dəyərində humanitar yük göndərib.

 

İzmirdə fəaliyyət göstərən Çağdaş Azərbaycan Kültür Dərnəyi AFAD-ın hesabına 9 000 manat (100.000 TL) vəsait köçürüb.

 

İğdır-Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyi Azərbaycan Kültür Evi zərərçəkənlərə yardım fonduna 900 manat (10.000 TL) vəsait köçürüb, zəlzələ bölgəsinə 27 min manat (300.000 TL) dəyərində 1000 ədəd adyal göndərib.

 

Hatay Azərbaycan Evi Osmaniyə şəhərində zəlzələdən zərər çəkmiş 5 azərbaycanlı ailəyə gündəlik zəruri ehtiyaclarının qarşılanması üçün humanitar yardım edilib.

 

İstanbulda fəaliyyət göstərən İnsan Haqları, Təhsil, Mədəniyyət və Həmrəylik Dərnəyi zərərçəkənlərə yardım fonduna 1 700 manat (1000.00 ABŞ dolları) vəsait köçürüb, 5100 manat (3000 ABŞ dolları) dəyərində isti geyim, ərzaq, gigiyena və tibbi ləvazimatları zəlzələ bölgəsinə göndərib.

 

Ankarada fəaliyyət göstərən Təbriz Araşdırmaları İnstitutu, eləcə də Güney Azərbaycan və Qaşqay türkləri 1800 manat (20.000 TL) dəyərində olan ərzaq, isti geyim, dərman və tibbi ləvazimatları zəlzələnin episentri olan Kahramanmaraş vilayətinə yollayıb.

 

İğdır Vəqfi 2700 manat (30.000 TL) maddi vəsaiti AFAD-ın İğdır şöbəsinin bank hesabına köçürüb, 1000 ədəd palto və 1000 ədəd çəkmədən ibarət humanitar yardımı zəlzələ bölgəsinə göndərilmək üçün Ankara Böyükşəhər Bələdiyyəsinə təhvil verib.

 

 

Rusiyadakı Azərbaycan diasporu da qardaş ölkəyə yardımla bağlı xüsusi fəallıq göstərir.

 

Sankt-Peterburq şəhərində azərbaycanlıların milli-mədəni muxtariyyəti 11 000 manat maddi və 34 min manatlıq humanitar yardım, Pyatiqorsk şəhəri “Araz” Milli-Mədəni Muxtariyyatı 45 min manat maddi və 2200 manatlıq humanitar yardım, Başqırdıstan Azərbaycan Xalqının Dostluq Evi 29 min manatlıq humanitar yardım, Sankt-Peterburq şəhərindəki Sofiyski meyvə-tərəvəz bazarında çalışan azərbaycanlı iş adamları 34 min manatlıq humanitar yardım, Krasnoyarsk Azərbaycan Milli-Mədəni Muxtariyyatı 22 min manat maddi yardım, “Xakasiya Respublikası Azərbaycanlılarının Diasporu” Regional İctimai Təşkilatı 9400 manat maddi yardım, “Ural-Azərbaycan” Sverdlovsk Vilayəti Milli-Mədəni Regional Təşkilatı 81 min manatlıq humanitar yardım toplayaraq, Türkiyədə zəlzələdən zərərçəkənlərə göndəriblər.

 

Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri  Bəxtiyar Həsənov Modern.az-a bildirib ki, Türkiyə və Azərbaycan qədər bir-birinə bu dərəcədə səmimiyyətlə bağlı olan digər iki dövlət yoxdur:

 

“Bu günlərdə doğma Türkiyəmizin bir sıra şəhər və kəndlərində baş verən, iri miqyası və böyük dağıdıcı qüvvəsi olan zəlzələnin bizə yaşatdığı hissləri sözlə təsvir etmək belə çətindir. Zəlzələ bölgəsindən anbaan izlədiyimiz görüntülərdən və birbaşa əlaqələrimizdən aldığımız məlumatlar bizi, Moskva azərbaycanlılarını, dərin kədərə boğur, böyük faciənin iniltili ağrılarını yaşadır, həlak olmuş, müxtəlif xəsarətlər almış, doğmalarını, yaxınlarını, ev-eşiyini itirmiş insanların ürək parçalayan acıları matəmə qərq edir.

 

Vaxtında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkələrimiz və xalqlarımız arasındakı eyni tarixi-mədəni köklərə arxalanan çox sıx münasibətləri nəzərə almaqla ifadə etdiyi “Bir millət – iki dövlət” prinsipi qəlblərimizin bir-birinə olan bağlılığını hər zaman əks etdirib. Qardaş Türkiyənin dəstəyini Azərbaycan 44-günlük Vətən müharibəsində də hiss edib və tarixi Şanlı Qələbəmizdə Türkiyəmizin xüsusi rolu və yeri var. Müsair siyasi arenada Türkiyə və Azərbaycan qədər bir-birinə bu dərəcədə səmimiyyətlə bağlı olan digər iki dövlət mövcud deyil. Bu isə bizim ümumi nailiyyətimizdir.

 

Tam təbiidir ki, biz bu dəhşətli faciənin ağrı-acısını sizin hər birinizlə birgə yaşayırıq. Dərhal sizin yardımınıza gələn milyonlarla soydaşınız kimi bu günlərdə yanınızda olmağımızı, dərdinizə şərik olub əlimizdən gələn yardımı etməyimizi özümüzə borc bilirik. Bu məqsədlə bir sıra konkret addımlar artıq atılıb və humanitar yardımın davam etdirilməsi ilə başlı təşəbbüslər həyata keçirilməkdədir.

 

Bütün həlak olan qardaş və bacılarımızın ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara Allahdan şəfa diləyirik. Əminik ki, ruhu güclü, tarixi şanlı və inamı sarsılmaz olan böyük və əzmkar Türk milləti bütün çətinliklərdən başı uca çıxacaq, fəlakətin baş verdiyi bölgələrdə tez bir zamanda gözəlliyi könül oxşadan yenilənmiş şəhər və qəsəbələr salacaq, adına layiq şöhrəti ilə dünyada parıamağa davam edəcək”.

 

Xaricdə yaşayan soydaşlarımızın yardımları bununla bitmir. Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları da Türkiyədə baş verən dəhşətli zəlzələ ilə əlaqədar yardım kampaniyasına başlayıblar.

 

Türkiyədə zərərçəkənlərə yardım məqsədilə müvafiq yardım fondlarına yardımlar göndərilir.

 

Alman-Azərbaycan Dostluq Cəmiyyəti adından 10 000 avro, Niderlandın Rotterdam şəhərində fəaliyyət göstərən “Qarabağ” İdman Klubu 3000 avro, Benilüks Azərbaycanlıları Konqresi 1000 avro, Polşanın paytaxtı Varşavada yaşayan həmvətənlərimiz 500 avro vəsait köçürüb.

 

Bundan başqa, yüzlərlə həmvətənimiz fərdi qaydada zəlzələdən zərərçəkənlərə yardım fondlarına pul vəsaitləri köçürüb, eləcə də isti geyim, elektrik qızdırıcıları, yataq dəstləri, uşaq yeməkləri və sair əşyalarla dolu yük maşınları göndərilib.

 

Estoniyada fəaliyyət göstərən Azərbaycan Evi Türkiyənin cənub-şərqində baş vermiş dəhşətli zəlzələ ilə bağlı Türk-Eston Dostluq Mərkəzi və Türkiyənin bu ölkədəki səfirliyi tərəfindən başlanan “Türkiyə, səninləyik!” yardım kampaniyasına qoşulub.  İlk humanitar yardım Türkiyə Hava Yolları (THY) vasitəsilə qardaş ölkəyə göndərilib. Gələn həftə ikinci humanitar yardım Türkiyəyə yola salınacaq.

 

Macarıstanın paytaxtı Budapeştdə fəaliyyət göstərən Azərbaycan Evində yaradılmış opetariv qərargahda toplanan yardımlar Türkiyənin Macarıstandakı səfirliyinə çatdırılır.  

 

Finlandiyada fəaliyyət göstərən Azər-Türk Gənclər Təşkilatı, İsveç-Azərbaycan Mədəniyyət Dərnəyi (SAF), Litvanın paytaxtı Vilnüsdə yaşayan soydaşlarımız, eləcə də Azərbaycan Diaspor Gəncləri Şəbəkəsinin üzvləri Suliddin Bağırov (Polşa) və Şəfiqə Qasımzadə (Finlandiya) topladıqları paltar, ayaqqabı, qida məhsulları, dərman və gigiyenik vasitələri zəlzələ bölgəsinə göndərilmək üçün Türkiyənin bu ölkələrdəki səfirliklərinə təhvil veriblər.

 

Bəzi soydaşlarımız isə yaşadıqları şəhərlərdə şəxsi avtomobilləri ilə Türkiyəyə yardım etmək istəyən insanların evlərinə gedərək müvafiq yardımları toplayaraq, qardaş ölkənin konsulluqlarına çatdırıb.

 

Gürcüstanlı soydaşlarımız da Türkiyədə baş verən dağıdıcı zəlzələ nəticəsində zərər çəkmiş insanlara yardım kampaniyasına qoşulub.

Qardabani bələdiyyəsi 2 yük avtomobilini artıq Türkiyəyə yola salıb.

 

Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev bildirib ki, göndərilən ləvazimatlar əsasən isti paltarlar, qızdırıcı vasitələri, yorğan-döşək, uşaq bezləri, uzun müddətli saxlanılması mümkün olan qidalar, uşaq yeməkləri, qablaşdırılmış qidalar, tibb və gigiyenik ləvazimatlar və digər zəruri əşyalardan ibarətdir.

 

Onun sözlərinə görə, Qardabanidə humanitar yardımlar davam etdirilir. Həm rayon mərkəzində, həm də kəndlərdə toplanacaq yardımların növbəti günlərdə Türkiyəyə yola salınması nəzərdə tutulub.

 

Qaraçöp mahalında da Türkiyədə baş vermiş təbii fəlakətlə əlaqədar genişmiqyaslı yardım kampaniyası həyata keçirilib. Qaraçöp İcma Mərkəzindən bildirilib ki, yardım kampaniyası çərçivəsində indiyə qədər 2 yük avtomobili həcmində geyim və yataq dəstləri (yastıq, yorğan-döşək, adyal və.s.), eyni zamanda, 80 000 Lari məbləğində pul toplanılıb. Qeyd edilib ki, ziyalıların təşəbbüsü ilə başlayan kampaniyaya kəndin uşaqdan böyüyə bütün insanları qoşulub.

 

ABŞ-da yaşayan soydaşlarımız da qardaş ölkəyə dəstək nümayiş etdiriblər. Belə ki, Virciniya ştatında yaşayan Azərbaycan icmasının fəalları Türkiyənin cənub-şərqində baş vermiş dəhşətli zəlzələ ilə bağlı yardım kampaniyasına başlayıblar. Digər ölkələrdə yaşayan soydaşlarımız da qardaş ölkəyə dəstək üçün yardım kampaniyaları aktiv şəkildə davam etdirirlər.

 

Türkiyəyə növbəti dəstək Güneydə yaşayan azərbaycanlılardan gəlib. Onlar özləri də zəlzələdən əziyyət çəkmələrinə baxmayaraq, qardaş xalqın yanında olduqlarını bəyan ediblər.

 

“Güneyli soydaşlarımız Türkiyədəki hadisələri yaxından izləyirlər. Təşkilatlanıb yardım yollamaq istəyirlər. Xaricdə yaşayan onlarla, yüzlərlə yoldaşlarımız artıq yardım kampaniyalarına qoşulublar. Türkiyəyə yardım etmək borcumuzdur. Malımızla, qanımızla Türkiyənin yanındayıq”, - Güney Azərbaycandan olan siyasi şərhçi Məhsa Mehdili Modern.az-a açıqlamasında deyib.

 

 

 

Aysel Məhərrəm

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusunda dərc olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər