Modern.az

Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanımaqla Putini TƏƏCCÜBLƏNDİRİB

Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanımaqla Putini TƏƏCCÜBLƏNDİRİB

Dünya

29 Mart 2024, 10:30

“Nikol Paşinyan müxalifətdə olarkən və yaratdığı hərəkata rəhbərlik edəndə hər kəs bilirdi ki, Soros Fondu ilə əlaqəsi var idi, onun hərəkatının şüarı "Çıxış" idi. KTMT və Avrasiya İqtisadi İttifaqından çıxmaq. Bu şüarla küçələrdə izdiham topladı, baş nazirin seçilməsini tələb etdi, xalqı ayağa qaldıracağını bildirdi”.

Modern.az xəbər verir ki, bunu martın 29-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov "İzvestiya"ya deyib.

“O, baş nazir olduqdan sonra çox yaxşı xatırlayıram, Vladimir Putinlə bir neçə dəfə görüşmüşdü. Putin hər şəkildə vurğulamışdı ki, biz hansısa əvvəlki təcrübəni deyil, Ermənistan rəhbərliyi ilə münasibətləri konkret olaraq necə quracağımızı rəhbər tutacağıq”.

Lavrovun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında münaqişənin alovlandığı 2020-ci ildə Paşinyan Putinə müraciət etdi - həm Rusiyanın müttəfiqi kimi, həm də KTMT üzvü kimi.

“Bilirsiniz ki, bizim prezidentimiz gecələr sözün əsl mənasında, yorulmadan Ermənistan və Azərbaycan liderləri ilə bu müharibəni dayandırmaq üçün necə danışıqlar apardı. Və sonra sərhədlərin delimitasiyası, iqtisadi əlaqələrin bərpası, nəqliyyat kommunikasiyalarının blokunun açılması, ümumilikdə münasibətlərin normallaşdırılması, o cümlədən sülh müqaviləsinin bağlanması - bütün bunlar bizim fəal təşəbbüskar rolumuzla razılaşdırıldı, üçtərəfli saziş imzalandı. Və bununla paralel olaraq Avropa İttifaqı da erməniləri və azərbaycanlıları öz sıralarına çəkirdi. Paşinyan Avropa İttifaqı və ABŞ platformasında işləmək ideyasının əsas dəstəkçisi idi”.

Lavrovun sözlərinə görə, 2022-ci ildə Praqada Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevlə sənəd imzalayıb. Həmin sənəddə Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiqləyib. Lavrov bu haqda Rusiyaya vaxtında məlumat verilmədiyini incikliklə ifadə edib.
 

“Putin daha sonra növbəti görüşdə Paşinyana dedi: “Sizin belə qərar verməyiniz bizi təəccübləndirdi”. Onun heç bir izahatı yox idi, çünki Paşinyan həmişə bizdən xahiş edirdi ki, son üç ildəki səylərə paralel olaraq “Dağlıq Qarabağ”ın statusu məsələsini birtəhər həll etmək lazım olduğunu unutmayaq və biz bunu edirdik”.

"Amma onun özü bu ərazinin Azərbaycanın bir hissəsi olduğuna imza atanda status məsələsi ortadan qalxdı. İnsanlar Qarabağı tərk etməyə başlayanda Nikol Paşinyan Vladimir Putindən soruşdu: “Vladimir Vladimiroviç, siz niyə Qarabağ xalqını öz taleyinə buraxdınız?”. Amma allah xatirinə bağışlayın, buna siz qərar verdiniz ki, onlar Azərbaycan vətəndaşı deyillər və ya hansısa vətəndaşlıq iddiasındadırlar”, - Lavrov əlavə edib.

Lavrov qeyd edib ki, müxtəlif görüşlər üçün İrəvana gedəndə baş nazir Nikol Paşinyanla da danışıb.

"Mənə elə gəlirdi ki, o, Rusiya ilə müttəfiqlik münasibətlərinin davam etdirilməsinin, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində qarşılıqlı fəaliyyətin Ermənistana nə fayda gətirəcəyini hələ də başa düşür.
Amma hazırda həm Ermənistanın Təhlükəsizlik Şurasında, həm də parlamentində rəsmilər  birbaşa deyirlər ki, “biz Avropa İttifaqına daha çox güvənməliyik”, KTMT guya respublika qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmir.

Yəni mahiyyət etibarı ilə dairə bağlanır və Ermənistan rəhbərliyi Paşinyanın “Çıxış” hərəkatını formalaşdırdığı fikirlərə oxşar fikirlər söyləməyə başlayır. Əminəm ki, bu, həm ermənilərlə tarixi dostluq əlaqələri, həm Rusiyada yaşayan nəhəng erməni diasporu baxımından, həm də erməni xalqının maraqlarına və bizim maraqlarımıza cavab vermir.
İndi Ermənistan rəhbərliyini Qərb tərəfinə çəkənlərin məqsədi sadədir: Cənubi Qafqazda sabitliyin qarşısını almaq, bu regionu öz dominantlıq zonasına çevirmək... Necə ki, Qərb bunu Mərkəzi Asiyada və ümumi qitəmizin bir çox başqa hissələrində etməyə çalışır”, - Lavrov fikrini yekunlaşdırıb.

A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir