Modern.az

Azərbaycan Slovakiyadan silah alır?

Azərbaycan Slovakiyadan silah alır?

8 May 2024, 11:37

Slovakiyanın Baş naziri Robert Fitso ötən gün Bakıda səfərdə olub. O, Prezident İlham Əliyevlə danışıqlar aparıb və iki ölkə arasında sənədlər imzalanıb.

 

Modern.az-ın məlumatına görə, sənədlərdən ikisi hərbi-texniki əməkdaşlıq və müdafiə sahəsi ilə bağlıdır.

 

“Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”i iki ölkənin müvafiq nazirliklərinin rəhbləri imzalayıb.

 

Prezident İlham Əliyev Fitso ilə mətbuata bəyanatında bildirib ki, müdafiə və müdafiə sənayesi sahələrində geniş fikir mübadiləsi aparılıb. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında konkret danışıqlara da artıq start verilib.

 

Fitso da yerli mətbuata müsahibəsində müdafiə sənayesi üzrə əlaqələrdən danışıb. "Slovakiyada müdafiə sənayesinin inkişafını dəstəkləmişəm. Cənab Prezidentlə bəzi layihələri müzakirə etdik. Texnologiya Slovakiyadan və maliyyə Azərbaycandan olacaq. İstehsal ediləcək silahlar ya ixrac olunacaq, ya da Azərbaycanda qalacaq. Bildiyimiz kimi, Ukraynadakı müharibə parametrləri tamamilə dəyişib. Hazırda silahlarla bağlı ciddi çatışmazlıq var. Bunu edə bilsək, hər iki ölkə üçün faydalı olacağını düşünürəm", - o qeyd edib.

 

Qeyd edək ki, bundan əvvəl xarici mətbuatda Azərbaycanın Slovakiyadan silah ala biləcəyi barədə məlumatlar yayılıb. Slovakiyada bir sıra artilleriya qurğuları, zirehli texnikalar istehsal edilir. Bundan başqa Azərbaycanın Çexiyadan almaq istədiyi DİTA özüyeriyən artilleriya qurğularının lülələri də Slovakiyada istehsal olunur.

 

Tərəflər arasında dünən imzalanan sazişlər iki ölkənin müdafiə sənayesinə də müsbət təsir edəcək. Müqavilələr Azərbaycanın yerli müdafiə sənayesini dəstəkləmək üçün unikal imkan təqdim edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi