(İçsəs)
Ehkam – idrakın tələyə düşməsidir.
***
Ehkamın məqsədi – insanı yalana inandırmaqdır.
***
Yalanın qorunmasına, həqiqətin inkarına xidmət edən hər şey – ehkamdır.
***
Din, siyasət ehkamı yaradır, qoruyur və onu insana qarşı yönəldir.
***
İdrakın ölçüsü həqiqətdir – ona görə də idrak həmişə ehkamdan qaçır, onun tələsinə düşmək istəmir.
***
Gerçəklikdə həqiqət yoxdur – ona görə də gerçəklik ehkamla doludur.
***
Gerçəkliyi ötmək – ehkamdan çıxmaqdır, həqiqətə yetməkdir.
***
İdraksızlıq – ehkam asılılığıdır.
***
Ehkam həqiqəti qəbul etmir – həqiqətə qarşı çıxır.
***
Ehkam – insan həqiqətsizliyinin cəzasıdır.
***
Həqiqətə uyğun olmayan hər şey – ehkam yaradır, ehkama yarayır.
***
Din həqiqətə çatdırmır – ehkam yaradır.
***
Siyasət həqiqət tanımır – ehkam yaradır.
***
Elm həqiqətə xidmət etmir – ehkam yaradır.
***
Sənətin həqiqəti yarımçıqdır – ehkam yaradır.
***
Ruhani idrak həqiqətə yetirir – insanı ehkamdan qurtarır.
***
Ehkam – qorxu yaradır, qorxuya yarayır.
***
Qorxu – qorxaq duyğudur: qorxduğu üçün qorxudur.
***
Ehkam – özgələşdirir, insanı özündən ayırır.
***
Aslılığın (əsarətin) nədəni – qorxunun düşüncə üzərində ağalığıdır.
***
Ehkam – insanı qorxutmaq üsuludur, biçimidir.
***
İnsanı qorxutmaq – suçdur, insanın qorxması – suçdur.
***
İnsanın qorxduğu hər şey – ehkamdır.