Parisli qonaq mənzildəki əşyalara heyran-heyran tamaşa eləməyə başladı. Sonra özünü saxlaya bilməyib qalxdı ayağa:
- Nə gözəl zövqünüz var, əzizim! Sənayeniz çox inkişaf edib. Adamı heyrətə salır. Lüstür necə də zərifdir…
- Müsyö Fransua, bu elə bir şey deyil. Yeddi-səkkiz il əvvəl Çexiyadan gətirmişəm, - dedim, - O büllur stəkanları da oradan almışam.
- Mebeliniz par-par yanır…
- Hə, çox qəşəngdir, - deyə özümü çəkə-çəkə dilləndim. – Arabskidir, müsyö, maqnitofon yaponskidir, saat şvetsarksidir, serviz anqliyskidir, əynimdəki paltar nemetskidir, ayağımdakı ayaqqabı italyanski, siqaret bolqarski, ətir fransuzkidir…
- Bəs o nədir? – deyə müsyö Fransua şoğəribin gözü Çinin hansısa kəndində tikilmiş dəst paltara sataşdı. Səsim batdı və gözümü döyə-döyə qaldım. Sonra ağlıma yaxşı bir fikir gəldi. Əlimi əlimə vurub şaqqanaq çəkdim:
- Müsyö, bu şəbeh paltardır. Görürsünüzmü, bir ayağı uzun, bir ayağı gödəkdir. Hələ pencəyinə baxın. Üç düyməsi var, iki ilgəyi. Əzik-üzüyünü yüz il ütüləsən də düzəldə bilməzsən. Bilirsinizmi, müsyö, sizin kimi əziz qonaqları əyləndirmək istəyəndə bu malları geyinirik. Adamı elə gülməli göstərir ki… Geyinim?
- Yox, əziyyət çəkməyin. Bəs o? – deyə əlini Çin ayaqqabılarına uzatdı. Dünən almışdım uşağa, bu gün dərsdən qayıdanda çantasında gətirmişdi. Neynəsin uşaq, ayaqqabının altı tənəffüsdə qopmuşdu.
- Hə, bunu deyirsən? Bu… şeydi də müsyö, otuzaddımlıq ayaqqabı.
- Nə?
- Şey… otuzaddımlıq də, yəni müsyö, yağış, filan olanda, ya toz-torpaqlı yolda bunu geyinib otuz-qırx addım, uzağı səksən addım gedirik və tullayırıq zibil yeşiyinə. Bu ayaqqabıları yalnız bir dəfə geyinmək olur. Yoxsa sizin, ya başqalarının hazırladığı ayaqqabılar kimi? Geyin ayağına, gəz ki, cırılacaq. Bizdə bolluqdu, əzizim, bolluq. Bir ayaqqabını bir gündən artıq geyinmək ədəbsizlikdir.
Müsyö Fransua udquna-udquna qalmışdı. Onu çəkə-çəkə gətirdim soyuducunun qabağına və şəstlə soruşdum:
- Bu nədir?
- Soyuducu!
- Düzdür, müsyö, soyuducudur. Tanıdığından belə başa düşürəm ki, Parisdə də var. Amma bir bax, - deyə soyuducunu açıb içində pıqqapıqla qaynayan çaydanı götürdüm, - Bakı soyuducusu! Əti qoyursan, yarım saata bişirir. Buzxanada kotlet qızarır ki, siz fransızlar onu heç yuxunuzda da görə bilməzsiniz. Sabah qonaq eləyərəm. Hindistan tərəfindən mal əti göndərəcəklər. Hələ bu, - deyə üstündə «Üzüm şirəsi», «Alma şirəsi» yazılan balonları göstərdim, - ikicə stəkan vuran kimi keflənirsən. Gürcü çaxırından geri qalmır. Bir dadına baxın.
- Yox, içən deyiləm, sağ olun…
- Nahaq! Çaxır öz yerində, neft təmi verən Bakı arağından məhrum olmaq bədbəxtlikdir.
-Nefti içirsiniz?
- İçirsiniz də sözdür? Hələ soyunub içində çimirik də. Artığını da dənizə axıdırıq, ya da göndəririk Gürcüstandakı erməni kilsələrinə. Bizim sənayemiz, müsyö, şeydir… zaddır… əladır…
Birdən müsyö Fransuanın gözləri yaşardı:
- Nə olub, əzizim? – deyə soruşdum.
- Fransızlara yazığım gəlir, - deyə içini çəkə-çəkə dilləndi, - Bir ayaqqabını beş-altı ay geyinirlər. Paltarlarımıza baxıb heç kəs gülmür, soyuducularda ət bişmir, içməyə nədir, heç çırağa tökməyə də neft tapmırıq. Yazıq fransızlar, yazıq millətim…
Düzü mən də kövrəldim. Fransızlar necə də bədbəxt imiş, ilahi! Yaxşı ki, qonağa başqa məhsullarımızdan söz açmadım… Həm də qorxdum ki, qüdrətli sənayemizin məhsullarından siqaretdən, çaydan, duru yağdan… Fransaya aparmaq fikrinə düşər, yazığı daş-qalaq eləyərlər.
Hidayət ELVÜSAL