Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, atmosfer havasında müşahidələr aparır.
Nazirlikdən Modern.az-a verilən məlumata görə, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 30 avqust 2018-ci il tarixində Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 10:00-da sanitar normadan 3 dəfə yuxarı olduğu qeydə alınıb.
Xatırladaq ki, buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır.
Qeyd: Gün ərzində hər 3 saatdan bir yenilənən məlumat təqdim olunacaq.
***
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə əsasən, 30 avqust 2018-ci il tarixində ölkə ərazisində havada olan tozun miqdarının sanitar normadan artıq olduğu məlum olub.
Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır.
Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, səhər saat 07:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan 20 faiz yuxarı olduğu qeydə alınıb.
Meteoroloji proqnoza əsasən, tozlu hava şəraitinin 2 gün davam edəcəyi gözlənilir.