Modern.az

Zavallılıq sindromu...

Zavallılıq sindromu...

Ölkə

30 İyul 2011, 12:09

“Hürriyyət” qəzetinin redaktoru

Mərdi qova-qova namərd etmək cəhdi kimlərin həyat tərzidir?
      
Gəlin hamılıqla etiraf edək ki, bu gün bəlli səbəblərdən necə deyərlər, məmləkətdə at izi it izinə qarışıb. Bu qarmaqarışıqlıqda ağız deyəni qulaq eşitmir, heç kim heç kimin ərizəsini oxumur, bir sözlə, bir toplum olaraq çox böyük həvəslə şeytanın qucağına, şərin ocağına doğru cummaqdayıq. Elə bu üzdən də məmləkətin xeyir-bərəkəti qeybə çəkilib, ayda- ildə bir dəfə alayarımçıq tapdığımız nisbi xoşbətliyin, keçici firəvanlığın da dadı-duzu qaçıb sanki. Nə yazıq ki, ta qədimdən bizlər mərdi qova-qova namərd etmək üçün əlimizdən gələni, hətta gəlməyəni də etməyə alışqan olmuşuq. Əsrlər, qərinələr, yorucu- üzücü illər bir-birini əvəz etsə də, bu miskin xarakterimizi, lənətlənmiş xislətimizi yaxşı heç nə əvəz etməyib, əksinə, hər ötən gün uçurumun dibinə doğru yuvarlanmaqdayıq.

Əziz oxucu, toxunacağım mövzudakı bu giriş nə pafos aludəçiliyindən irəli gəlir, nə özünü oxucuya çoxbilmiş kimi təqdim etmək istəyindən. Sadəcə ürək ağrısıyla bunları qeyd etməkdə məqsədim odur ki, əgər məmləkətdəki haqdan-divandan qorxmağı yadırğamışıqsa belə, heç olmasa yerin-göyün, yeraltı-yerüstü sərvətlərin halalca sahibindən - Uca Rəbbimizdən qorxaq, ona xoş getməyən əməllərdən, ləyaqətli insanları ləkələməkdən, rəqiblərə qurşaqdan aşağı zərbə vurmaqdan çəkinək. Yoxsa əndazəni aşan para ehtirası, yerə-göyə sığmayan təkəbbür, hər kəsə qarayaxma mərəzi bu millətin genefondunu elə mağmın günə salacaq ki, nə yerlərdəki balaca padşahlar, nə göylərin sahibi bu xaosu nizama sala bilməyəcək.

Dəyərli oxucu, yəqin bir çoxlarınız da mənim kimi mətbuatda ağzına gələni, gözünə görünəni, hətta heç görünməyəni, yuxusuna belə, girməyəni utanmadan, ar-həya etmədən qələmə alıb özünə oxşayan bu yaxantısını ictimai rəyə içirtmək həvəsi olan nə qədər kəmfürsət media ağcaqanadı (bu həşərat özü hədsiz cılız olsa da, insanı narahat etməyi, qəlb bulandırmağı çox yaxşı bacarır) tanıyırsınız. Elə bu vələdüzinaların ucbatından dünyanın ən urvatlı peşəsi hesab olunan jurnalistika Azərbaycanda ən sonuncu iş yeri kimi bədnam yarlığa yamaq edilib. Nə yazıq ki, bu sahədə bir qoruq-qadağa olmadığından vəziyyət günü-gündən pisləşməkdədir və iş o yerə çatıb ki, insanlar öz şərəf və ləyaqətini bu həşəratlardan qorumaq üçün heç nədən xeyli cəfa cəkməli olurlar.

“Azəryolservis” ASC-nin sədri, millət vəkili Cavid Qurbanov haqqında son zamanlar mətbuat səhifələrinə ayaq açmış bayağı öncəgörmələr də bu qəbildəndir. Əlbəttə, artıq diribaş oxucu adət edib ki, “müstəqil” adlansa da kölə təfəkküründən uzağa gedə bilməyən bir sıra mətbu orqanlar mütəmadi olaraq hakimiyyətin irili- xırdalı məmur kontingentini eninə- boyuna təhqir edir, barələrində palaz- palaz sərsəmləmələr yazır, beləliklə də həm oxucuların zövqünü korlayır, həm də cəmiyyətin mətbuatın dürüstlüyünə, şəffaflığına olan-qalan inamını da birdəfəlik məhv edirlər. Ancaq heç nahaq yerə deməyiblər ki, məscidin ağzı açıq olanda itdə də bir abır-həya gərək. Özü də bu cızmaqaranı yazanlar o qədər kəmsavad və xəstə təxəyyüllü zavallılardır ki, hətta Cavid Qurbanovun rəhbərlik etdiyi dövlət orqanının adını doğru yazmağı bacarmırlar.

Əlbəttə, Azərbaycan bapbalaca bir məmləkətdir və 15 illik mətbuat təcrübəsi olan bir qəzet redaktoru kimi bu ölkədə baş verənlərdən, addımbaşı üzləşdiyimiz eybəcər reallıqlardan müfəssəl məlumatlı olduğumdan əminliklə iddia edə bilərəm ki, Cavid Qurbanov da mələk deyil.

Əslində təpədən dırnağadək korrupsiya çamuruna bulaşmış bir sistemdə aydan-arı, sudan-duru  olmaq mümkün deyil və nəzəri baxımdan hətta o istəsə belə, bunu bacarmaz. Çünki hökumətin nəhəng korrupsiya dalğası bir göz qırpımında onu bir kağız parçası kimi sahildəki sıldırım qayalara çırparaq yox edər. Ancaq bütün bu eybəcərliklərə və hakimiyyətin qüsurlarına baxmayaraq insafı da əldən vermək olmaz və Cavid Qurbanovun bir nüfuzlu nəslin davamçısı, Dədə Şəmşirin nəvəsi kimi təkcə kəlbəcərlilərin deyil, ona müraciət edən hər bir imkansızın, əlsiz-ayaqsızın, yetim-yesirin dadına çatmasını nəinki bu yazının müəllifi, hətta həmin cızmaqaraları yazanlar və onu sifariş verənlər bilməmiş deyillər. Qüsurlu müqayisə olmuş olsa belə, bu gün onun xeyriyyəçiliyini Hacı Zeynəlabdin Tağıyevlə müqayisə etmək olar. Baxmayaraq ki, onun xərclədikləri alın təriylə qazanılmayıb və qanuna görə çirkli pullar hesab olunur, ancaq ona təskinlik tapmaq olar ki, onlar çirkli əməllərə deyil, xeyirxah məqsədlərə sərf olunur.

Əziz oxucu, bu məmləkətdə ağzıgöyçəklərin meydan suladığının fərqində olan bir şəxs kimi indicə oxuduqlarını öz arşınıyla ölçməyə çalışacaqlarından zərrə qədər də ehtiyatlanmıram.

Mənim adım və imzam məmləkətin müxalif kəsiminə də yaxşı bəllidir, hakimiyyət düşərgəsinə də. Hamı bilir ki, mən bu hakimiyyətə, onun yarıtmaz idarəçiliyinə, harınlamış məmurlarına qarşı 15 ildir müxalifətdəyəm və 2005-ci ilin parlament seşkilərində “Azadlıq Bloku” nun vahid namizədi kimi Cavid Qurbanovla 123 saylı Kəlbəcər Seçki Dairəsində rəqib olmuşam. O vaxt da əlimdə rəqibimi “vurmaq” üçün tribuna olsa da, nəinki bunu etmədim, hətta onun barəsində bir kəlmə olsun mənfi fikir bildirmədim. İnanın ki, bunu yalnız bir amacla etdim, biz yurdu talanmış bir yaralı bölgənin qəlbi sınıq, arzuları könüllərində donmuş sakinləriydik, ona görə də sağımızda-solumuzda düşmənlərimiz at oynatdığından sapı özümüzdən olan balta olmaq istəmədim.

Ancaq onun bu gün kimlərsə tərəfindən ləkələnməsi cəhdini həm özümə, həm də 65 minlik kəlbəcərlilərə bir sataşma cəhdi kimi qiymətləndirdiyimdən tərəddüd etmədən bu şərəfsizliyə öz etirazımı ifadə etməyi lazım bildim. Kəmfürsətlər bu günədək yazdıqlarıyla kifayətlənməyərək indi də onu ölkə başçısının nəzərində gözdən salmaq üçün daha da qabağa gedərək C.Qurbanovun 1994-cü ildə o vaxtkı “Azəravtoyol” Dövlət Konserninin rəhbərliyindən uzaqlaşdırılmasıyla bağlı mərhum prezident Heydər Əliyev tərəfindən imzalanmış sərəncamın surətini sanki qiymətli bir arxiv sənədi kimi mətbuata yayıblar. Görünür, zavallılar bununla hakimiyyət başında dayanan şəxslərin yaddaş probleminin olduğunu da sübuta yetirmək istəyiblər. Əks halda az qala srağagün olmuş bir hadisəni yenidən qabartmazdılar. Məgər bununla səlahiyyət sahiblərində fikir formalaşacağınımı düşünürlər? Yazıqlar olsun, onlar bu ölkəni gerçəkdən də heç tanımırmışlar...

"Ədalət" qəzeti
29.07.2011.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı