Hilal Məmmədov adlı bir Azərbaycan vətəndaşının həbsi xəbəri, deyəsən, bir sıra siyasət dəllallarının işinə yarayıb. Belə olmasaydı bu adamın kimliyi ətrafında manipulyasiyalara bu qədər yer verilməzdi.
Kimdir H.Məmmədov? Şəxsən mən onun kimliyini bilmirəm. Şəxsi ilə tanışlığım yoxdur. Heç diqqətimi də çəkməzdi. Sadəcə olaraq adının bir qəzet redaktoru kimi hallanması, mənim də bir jurnalist qurumunun rəhbəri olmağım məsələyə mütləq münasibət bildirməyimi vacib hala gətirir.
İddia edilir ki, H.Məmmədov Azərbaycanın tam hüquqlu vətəndaşları olan, Qarabağ savaşında, hətta II dünya savaşında Azərbaycan adına layiqincə can qoyan, ölkəmizin dəyərli kəsimini təmsil edən talış etnik azlığına aid olduğu iddia edilən “Talışi sado” adlı qəzetin baş redaktorudur. Əsas məsələ isə heç bu da deyil. Əsas məsələ H.Məmmədovun məhz bu qəzetin baş redaktoru olduğu üçün həbs edilməsinin iddia olunmasıdır. Hələ bu harasıdır? Sülh və Demokratiya İnstitutunun Azərbaycandan və Azərbaycanlılardan başqa hər kəsin hüquqlarını qorumağı özü üçün həyat tərzinə çevirmiş rəhbəri Leyla Yunus iddia edir ki, “H.Məmmədovun həbsi bir şəxsə yox, bütünlükdə milli azlıqlara münasibətin göstəricisi sayılmalıdır”. (“Yeni Müsavat” qəzeti, 26.06.2012)
Daha bir şəxs isə iddia edir ki, ümumiyyətlə “H.Məmmədovun həbsi fəaliyyəti ilə bağlıdır. Talış dilini, talış mədəniyyətini təbliğ etməsi Hilal Məmmədovun həbsinin əsas səbəbidir”. Bunu iddia edən şəxs yeni qurulmuş “Hilal Məmmədovun Hüquqlarını Müdafiə Komitəsi”nin sədri Rafiq Cəlilovdur. Özü də bu xəbəri yayan “Turan” (!) İnformasiya Agentliyidir.
Nə deyəsən indi bunlara? Axı bu lap ağ oldu! Nə zaman Azərbaycanda hansısa milli azlığa, etnik qrupun təmsilçisinə qarşı ayrıseçkilik görmüsünüz? Axı adamın Allahı olar! Bu cür yalan iddialarla ölkəmizdə olmayan yerdən “etnik azlıq problemi” icad eləməklə nəyə və kimə xidmət edirsiniz? Siz məgər bu ölkənin və bu xalqın – Azərbaycan xalqının düşmənisinizmi?
Mətbuatdan oxuduqlarıma görə deyə bilərəm ki, adı çəkilən şəxs uyuşdurucu üstündə tutulub. Hə, mümkündür ki, bu işdə bir yanlışlıq var. Təbii ki, araşdırılmalıdır və yanlışsa üzr istənməli, təzminatı ödənməlidir. Şəxsən mən istəməzdim ki, hansısa etnik azlığa aid olmasına baxmayaraq heç bir Azərbaycan vətəndaşı və ümumiyyətlə heç bir insan əsassız şəkildə həbs edilsin. Bununla belə, həm də istəməzdim ki, biriləri belə bir hal baş verdiyi zaman suyu bulandırıb balıq tutsunlar.
Adı çəkilən qəzetin harada, necə nəşr olunduğu haqqında heç bir bilgi yoxdur. Düzdür, şəxsən mən bilirəm ki, bu qəzet Azərbaycan bağımsızlığını qazandıqdan sonra dərc edilən etnik azlıq qəzetlərindən biridir. Təbii ki, bu vaxta qədər həmin qəzetin yazdıqlarına “gözün üstdə qaşın var” deyən olmayıb və əslində də belə bir hərəkət kimin nəyinə lazımdır? Heç kimin təbii! Ancaq bəlli olan odur ki, bu qəzet çıxmır və deməli, çıxmayan bir qəzetin baş redaktoru da ola bilməz! Ümumiyyətlə, həbs edilən bir şəxsin adının jurnalist kimi, üstəlik də milli azlığın təmsilçisi kimi hallandırılması, yumşaq desək, ədalətsizlikdir!
Və bizi rahatsız edən daha bir durum var. Ölkənin jurnalist qurumlarının bəziləri və aparıcı KİV-lər ciddi-cəhdlə bu adamı jurnalist kimi qələmə verməyə çalışır. Adama deyərlər ki, onun dərc etdirdiyi qəzeti hələ bir göstərin, görüm, sonra iddia irəli sürün! Düzü, Azərbaycanda son illər ərzində çox zərərli bir meyl geniş yayılmaqdadır: həbs edilən az çox tanınmış hər kəsi hansısa formada jurnalist kimi qələmə verirlər! Olmaz bu qədər!
Görünür, bu da birilərinin işinə yaramaqdadır. Bu biriləri isə Azərbaycan dövlətinə (söhbət hakimiyyətdən getmir) və dövlətçiliyinə düşmən kəsilmiş yad ünsürlərdir ki, hər fürsətdə olmayan yerdən ölkəmizdə hətta milli azlıq probleminin olduğunu iddia edirlər. Ki, suyu bulandırıb balıq tuta bilsinlər. Etməyin, ağ etməyin. Dəvəquşu kimi başınızı kola soxub düşünürsünüzsə ki, sizi heç kim görmür, yanılırsınız. Sizi hər kəs görür. Çünki kolda gizlətdiyiniz yalnız başınızdır, əndamınız zatən bayırda qalıb. Siz görmürsünüz, sizi görürlər…