Modern.az

XİN sözçüsü: “Tezliklə elə bir səfirliyimiz qalmayacaq ki...”

XİN sözçüsü: “Tezliklə elə bir səfirliyimiz qalmayacaq ki...”

Ölkə

12 İyul 2012, 14:06

Azərbaycanın xaricdəki bütün diplomatik nümayəndəliklərinin öz  səhifəsi olacaq

Azərbaycanın xaricdəki bəzi səfirliklərinin saytlarında nöqsanlar müşahidə olunur. Belə ki, saytların əksəriyyətində yerləşən məlumatların doğma dilimizə tərcüməsi yoxdur. Eyni zamanda, beynəlmiləl dil hesab olunan ingilis dilində də tərcümələrin olmaması  diqqət çəkir. Bəzi səfirliklərin isə ümumiyyətlə, veb-səhifələrin açılmasında problemlər yaşanır.  

Xarici İşlər Nazirliyinin mətbuat xidmətini rəhbəri Elman Abdullayev Modern.az-a açıqlamasında sözügedən saytlardakı dil problemin  olması ilə razılaşıb: “Son zamanlar xaricdəki Azərbaycan səfirliklərinin saytlarının sayı artmaqdadır. Bir neçə il öncə səfirliklərimizin bir çoxunda sayt problemi vardı. Amma bu gün həmin problemlər aradan qaldırılır. Səfirliklərin demək olar ki, əksəriyyətinin veb-səhifəsi mövcuddur. Təbii ki, müəyyən texniki qüsurlar var.  Amma onları günbəgün aradan qaldırmağa çalışırıq. Çalışırıq ki, o saytlar vətəndaşlarımız üçün normal və uyğun olsun. Ölkənin təbliğatı baxımdan saytın yerli dildə və ingilis dilində tərtib olunması önəmlidir. Digər tərəfdən, vətəndaşlarımız üçün üçüncü dil kimi Azərbaycan dilinin də saytda  olması vacibdir”.

E. Abdullayev hazırda saytlarda təkmilləşmə işinin aparıldığını deyib: “XİN-in saytı əsas məlumat bazası rolunu oynayır və veb-səhifələrdəki bütün işarələr, linklər, XİN-in saytına göndərilir. Amma səfirliklərimizin saytları əsasən mobil, daha ətraflı məlumat vermək və istifadəsinin sadə olmasına hesablanıb. Bəzi saytlarımız sadəcə yerli ölkənin dilindədir. Yaxud da iki dildə. Amma yenə də qeyd edim ki, saytlarda təkmilləşmə işi davam etdirilir”.
Nazirlik rəsmisinin sözlərinə görə, internet resurslarının təkmilləşdirilməsi işində səfirliklər fəaliyyətlərini davam etdirirlər. “Bir neçə il öncə və indini müqayisə etsək, görərik ki, səfirliklərin saytlarında nə qədər irəliləyişlər var. Bu gün bir sıra səfirliklərin saytı var, digərlərinin saytı hazırlıq mərhələsindədir, yaxud yenidən  qurulur. Çox az səfirliklər, diplomatik  nümayəndəliklər var ki, səhifələri artıq tamamlanmaq üzrədir. Yaxın bir zamanda elə bir səfirlik olmayacaq  ki, onun veb-səhifəsi olmasın”, –deyə E. Abdullayev qeyd edib.

Nihadə Eyyubova

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı