Modern.az

“Azərbaycanda məmurlar elmdən qorxur” - SOSİOLOQ

“Azərbaycanda məmurlar elmdən qorxur” - SOSİOLOQ

Aktual

18 İyul 2016, 10:08

1918-ci ildə əsası qoyulan Azərbaycan Demokratik Cümhuriyyəti Şərqdə qadınlara ilk seçki hüququ verən dövlət kimi adını tarixin çanlı səhifələrinə yazdırdı.

Burada yeniliklərdən biri də qadının cəmiyyətdəki rolunu göstərmək idi. Müasir Azərbaycanda da dövlət tərəfindən qadına önəm verilir.

Ancaq diqqət yetirsək, görərik ki, Azərbaycan cəmiyyətində hər şey daha çox kişilər üçün düşünülür. Kişilərin asudə vaxtını keçirmək üçün gedəcəyi yerlər demək olar ki, çoxdur. Amma qadınlar asudə vaxtını keçirmək üçün məkan tapmaqda çətinlik çəkirlər. Bunun üçün mütləq müəyyən qədər yol qət edib şəhərin mərkəz hissələrinə gəlməlidirlər.

Bəs nəyə görə Azərbaycan cəmiyyətində qadınların əyləncəsi, asudə vaxtını keçirməsi üçün məkanlar azdır? Xanımların əyləncəsinə mane olan nədir?

Sosioloq Əhməd Qəşəmoğlu Modern.az-ın suallarını cavablayaraq bildirib ki, bu, bir tərəfdən bizdəki adət-ənənələrlə bağlıdır.

“Uzun əsrlər boyu Azərbaycanda kişilər cəmiyyətdə daha fəal olublar. Bunun bir faktoru qədimdən gələn adət-ənənədir. Uzun əsrlər boyunca Azərbaycanda belə adət formalaşmışdı ki, qadının əsas işi ailədə rahatlığı yaratmaq, kişilərin isə əsas işi isə cəmiyyət arasında olmaq, pul qazanmaq və digər işlərlə məşğul olmaqdır. Çöldəki işlər kişilərə aid olurdu.

İkinci faktor isə cəmiyyətimizdə bu məsələlərə lazımı qədər diqqətin verilməməsidir. Biz bu məsələlərə diqqət etməliyik ki, artıq cəmiyyət dəyişib, müasirləşib, bizim qədim ənənələri saxlamaqla fəaliyyətdə olmağımız düzgün deyil. İndiki vaxtda əsas meyar nə olmalıdır? Əsas meyar o olmalıdır ki, biz cəmiyyətdə qadınla kişinin ahəngdarlığını tənzimlənməliyik.

Buna uyğun olaraq biz fikirləşməliyik ki, asudə vaxtın keçirilməsi ilə bağlı necə bir şərait yaratmalıyıq ki, qadınlar və kişilər öz xarakterlərinə uyğun istirahət edə bilsinlər. Təəssüf ki, bu sahədə bu gün ortada ciddi bir elmi təhlil, fəaliyyət proqramı, konkret ideyalar yoxdur.

Azərbaycan cəmiyyətinin indiki zamanda ən böyük problemi məsələlərə elmi tərəfdən yanaşmamasıdır. Çünki cəmiyyət günü gündən mürəkkəbləşir. Sistem nəzəriyyəsindən də aydındır ki, mürəkkəbləşən belə cəmiyyəti idarə etmək üçün hökmən elmi yanaşma lazımdır. Yəni kiminsə verdiyi məsləhətlə, kiminsə ideyası ilə irəliyə getmək olmaz. Bunun arxasında ciddi şəkildə elmi institutlar işləməlidir, elmi təhlillər olmalıdır. Bu gün bizdə təəssüf ki, bunlar yoxdur. Bunlar olmadığı üçün bizim də qadın kişi münasibətlərimiz, cəmiyyətdə onların hadisələri nə cür idarə edəcəkləri,  asudə vaxtın necə istifadəsi barədə aydın təsəvvürlərimiz yoxdur. Amma əslində kişilər üçün yaradılan şəraitlər qadınlar üçün də yaradılsa idi, çox yaxşı olardı. Bunun nəticəsində qadınlarımızın da cəmiyyətdəki önəmi hiss olunardı. Qadın və kişi cəmiyyətdə bərabər hüquqlu olarsa, bu ailələrin daha möhkəmlənməsi, maariflənməsi və cəmiyyətimizin inkişafına səbəb ola bilər. Belə ictimai fəaliyyətlərə çox böyük ehtiyac var. Bu sahədə aydın bir təsəvvür olmadığına görə, aydın bir elmi təhlil olmadığına görə heç bir qurumda da aydın konsepsiya yoxdur. Ona görə də bu məsələnin ictimaiyələşdirilməsi, qabardılması vacibdir”.

Əhməd Qəşəmoğlunun sözlərinə görə, ilk növbədə hökmən həqiqi mütəxəssislər yığışıb bir yerdə fəaliyyət planı hazırlamalıdır.

“Bu işdə ciddi bir fəaliyyət planı olmadan hansısa addım atıla bilməz. Kiminsə təklifi, ideyası ilə bu işi reallaşdırmaq mümkün deyil və bəzən belə təkliflər düz işə də zərbə vurur. İndiki cəmiyyətdə qloballaşmanın getdiyi vaxtda, ölkəmizin qarşısında hansı problemlər, ailəmizdə olan problemlər, cəmiyyətdəki müxtəlif xoşagəlməz və xoşagələn hallar təhlil olunmalıdır. Orada aydın olacaq ki, qanunvericilikdə hansı işlər görülməlidir, maarifləndirmə sahəsində hansı işlər görülməlidir, inzibati yollarla nələr edilməlidir? Bunların həlli üçün elmə əsaslanmış fəaliyyət proqramı olmalıdır.  Elmdə də aydındır ki, mürəkkəbləşən cəmiyyətdə elmi müdaxilə olmadan heç nəyi həll etmək mümkün deyil. Dəhşətli bir haldır ki, bizdə hansısa məmura deyirsən ki, gəl bu işə elm baxımından təklif verək, məmur elm sözü gələndə qorxur”.

Qafar Ağayev

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı