Gürcüstanın Baş naziri Mamuka Baxtadze bu gün Azərbaycanda rəsmi səfərdədir. Səfər zamanı Gürcüstan hökumətinin başçısı Mamuka Baxtadzeni Baş nazirin müavini, daxili işlər naziri Qiorgi Qaxaria, xarici işlər naziri David Zalkaliani, maliyyə naziri İvane Maçavariani, parlament sədrinin müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası əlaqələr üzrə Dostluq Qrupunun rəhbəri Zviad Dzidziquri, dostluq qrupunun üzvləri parlament deputatları Ruslan Haciyev, Savalan Mirzəyev, Mahir Dərziyev və digər rəsmi şəxslər müşayiət edirlər.
Gürcüstan parlamentin üzvü deputat Ruslan Hacıyevin Modern.az-a verdiyi məlumata görə, görüşlərdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, bir çox sahədə olan əməkdaşlığın davam etməsi müzakirə olunur.
“Azərbaycan-Gürcüstan münasibətləri bir çox ölkələr üçün nümunə olmalıdır, bizim xalqları və ölkələrimizi əsrlərə söykənən dostluq və strateji əməkdaşlıq bağlayır. İldən-ilə daha da möhkəmlənən bu əlaqələr bundan sonra da yeni bir inkişaf mərhələsinə keçid alacaqdır. Bu münasibətlər regionun inkişafı üçün çox önəmlidir”,- deyə R.Hacıyev vurğulayıb.