Modern.az

Azərbaycandakı himayədar ailələr...

Azərbaycandakı himayədar ailələr...

Aktual

11 Avqust 2012, 14:01

Əsasnamə Nazirlər Kabinetində təsdiq olunmayıb

Prezidentin sərəncamından 6 il keçsə də...

“Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)” 2006-cı il mart ayının 29-da ölkə Prezidentinin 1386 nömrəli sərəncamı ilə təsdiq edilib. Proqram De-institusionalizasiya ilə bağlı işlərin genişləndirilməsi, səmərəli tədbirlərin həyata keçirilməsi və konkret müsbət nəticələrin əldə edilməsinə yönəldilib.

Artıq sərəncamın verilməsindən altı il keçir və Modern.az uşaq evlərində olan uşaqların neçə faizinin foster ailələrlə təmin olunması məsələsinə aydınlıq gətirmək üçün Təhsil Nazirliyinin Deinstitutlaşdırma və Uşaq müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva ilə əlaqə saxlayıb. O bildirib ki, təsdiq olunmuş Himayədar ailə haqqında Əsasnamə və həmin ailələrin maliyyələşdirmə mexanizmi olmadığından yerli icra hakimiyyətləri tərəfindən himayədar ailələrə tərbiyə olunmaq üçün uşaq verilməyib.

“Azərbaycan Respublikası Ailə Məcəlləsinin 142-ci maddəsinə əsasən, himayədar ailə uşağı tərbiyə olunmaq üçün vermə müqaviləsi əsasında yaranır. Bu müqavilə qəyyumluq və himayə orqanı ilə himayədar valideynlər (uşağı tərbiyə olunmaq üçün ailəyə götürmək arzusunda olan ər-arvad və ya ayrı-ayrı vətəndaşlar) arasında bağlanır. Himayədar ailəyə tərbiyə üçün yalnız yetkinlik yaşına çatmamış uşaq və yalnız müqavilə ilə nəzərdə tutulmuş müddətə verilə bilər. Həmin Məcəlləyə əsasən, himayədar ailələrin seçilməsi, himayədar ailəyə verilən uşaqların normal saxlanmasına, tərbiyə və təhsilinə nəzarət etmək yerli icra hakimiyyətləri orqanının səlahiyyətindədir. Məcəllənin 142-ci maddəsində qeyd olunur ki, Himayədar ailə haqqında Əsasnamə Nazirlər Kabinetində təsdiq olunmalıdır.  Lakin təsdiq olunmuş Himayədar ailə haqqında Əsasnamə və həmin ailələrin maliyyələşdirmə mexanizmi olmadığından yerli icra hakimiyyətləri tərəfindən himayədar ailələrə tərbiyə olunmaq üçün uşaq verilməyib. Tərəfimizdən himayədar ailələrin və uşaqların seçim meyarları, himayədar ailələrin maliyyələşdirmə mexanizmləri ilə bağlı hazırlanmış normativ-hüquqi sənədlər Nazirlər Kabinetinə təsdiq üçün təqdim olunub. (“Himayədar (foster) qayğı xidmətlərinin standart və Qaydaları”, “Ailə tipli kiçik qrup evlərinin standart və Qaydaları”, “Kiçik qrup evi haqqında Nümunəvi Əsasnamə” və “Himayədar (foster) ailə haqqında Nümunəvi Əsasnamə”) Qeyd olunan normativ-hüquqi sənədlər təsdiq edildikdən və himayədar qayğı sisteminin təşkili üçün hüquqi əsası təmin olunduqdan sonra uşaqların layihə çərçivəsində himayədar ailələrə verilməsi  mümkün olacaqdır”.

Məlahət Hacıyeva himayədar ailələrə dövlət tərəfindən təminatın verilməsi məsələsinə də aydınlıq gətirib.  

“De-institusionalizasiya ilə bağlı aparılmış islahatlar zamanı inkişaf etmiş Avropa ölkələrində ilkin olaraq uşaqlara yönələn alternativ xidmətlər yaradılmağa başlanılıb. Bütün ölkə ərazisində xidmətlər təşkil edilmiş və çətin vəziyyətdə olan ailələrin uşaqları bu xidmətlərə cəlb edildikcə dövlət uşaq müəssisələrinə düşən uşaqların sayı nəzərə çarpacaq dərəcədə azalıb və bunun nəticəsində müəssisələrin sayı da. Əksər ölkələrdə onlar tamamilə aradan qalxıb. Xidmətlərdən də biri himayədar ailə xidmətidir və qabaqcıl Avropa ölkələrində, o cümlədən Türkiyə və Gürcüstanda himayədar ailələr dövlət tərəfindən maliyyələşir. Bir sıra ölkələrdə ailəyə həm uşağın saxlanması xərcləri, həm də himayədar valideynə minimum əmək haqqı məbləğində maaş verilir. Bəzi ölkələrdə isə ailəyə yalnız uşağın saxlanması xərcləri verilir. Ölkəyə dəvət olunmuş maliyyə eksperti tərəfindən müqayisəli maliyyə təhlili aparılıb, özündə təklifləri əks etdirən hesabat hazırlanmış və baxılması üçün Maliyyə Nazirliyinə təqdim olunub”.

Şahanə Rəhimli    

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı