Modern.az xəbər verir ki, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə tədbir keçirib.
Fondun elan etdiyi müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimində çıxış edən Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib ki, Azərbaycanda mətbuata dövlət qayğısı illərdir ki davam edir. "Azərbaycan Prezidenti cənab İlham Əliyevin mətbuata münasibətinin nəticəsi ötən il onun jurnalistlərin dostu seçilməsi oldu. Gələn il jurnalistlər üçün ilk dəfə olaraq ölkə tarixində məxsusi olaraq tikilmiş binanın açılışında iştirak edəcəyik" deyə Ə.Həsənov qeyd edib. 2013-cü ildə Azərbaycanı mühüm hadisələrin gözlədiyini, o cümlədən prezident seçkilərinin keçiriləcəyini qeyd edən PA rəsmisi medianın da işinin artacağını vurğulayıb. "Əsas məsələ odur ki, sizli-bizli birləşərək Azərbaycan dövlətinin və xalqının informasiya ehtiyaclarını təmin etməliyik və bu sahədəki mövcud problemlərini aradan qaldırmalıyıq". Daha sonra KİVDF-nin, eləcə də Suraxanı və Binəqədi Rayon İcra Hakimiyyətləri ilə Fondun birgə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsində qalib gələn 101 jurnalist mükafatlandırılıb.
Nihadə Eyyubova